“Neftçi” “Böyük oyun” öncəsi bəyanat yaydı

XƏBƏR 22 Sentyabr 2010 / 11:52 1969
-  A +

“Neftçi” futbol klubu sentyabrın 25-də “Xəzər Lənkəran”la keçirəcəyi Unibank Premyer Liqasının 7-ci turu öncəsi bəyanat yayıb. Qol.Az-ın məlumatına görə, bəyanatın böyük hissəsi qarşıdakı “Böyük oyun”a həsr olunub. Klubun rəsmi saytı vasitəsilə açıqlanan bəyanatı olduğu kimi təqdim edirik:

"Neftçi" PFK Azərbaycanın ən köklü, ən zəngin tarixə malik klubudur. Bu komanda həm SSRİ dövründə, həm də müstəqillik dönəmində qazandığı uğurlarla futbol azarkeşlərinə böyük sevinc yaşadıb, onlara unudulmaz qələbə anları bəxş edib. 1966-cı ildə SSRİ çempionatının bürünc medalına layiq görülən flaqman milli çempionatlar tarixinə də adını qızıl hərflərlə yazdırmağı bacarıb. Təsadüfi deyil ki, "ağ-qaralar" ölkəmizdə bütün rəqiblərdən çox - 5 dəfə çempion olub. Bundan başqa, "Neftçi"nin futbolçuları 4 dəfə Azərbaycan kubokunu başları üzərinə qaldırıblar. Futbolumuzun flaqmanı beynəlxalq miqyaslı yarışlarda da bir qayda olaraq, uğurlu çıxışı ilə seçilib. "Neftçi" Çempionlar Liqasında ilk səfər qələbəsini qazanan, bu mötəbər turnirdə iki il ardıcıl mərhələ adlayan, eyni zamanda avrokuboklarda iki mərhələ səddini aşan ilk Azərbaycan klubu olub. "Ağ-qaralar"ın beynəlxalq uğurları bununla bitmir. Belə ki, komandamız 2005-ci ildə "MDB və Baltikyanı ölkə çempionlarının Birlik kuboku" uğrunda yarışın finalına yüksəlib, 1 il sonra isə rəqiblərinin hamısını üstələyərək, baş mükafatı Bakıya gətirib.

2005-ci ildə dövlət başçısı İlham Əliyevin imzaladığı Azərbaycan futbolunun inkişafına dair Dövlət Proqramının müddəaları da "Neftçi"nin nailiyyətlərində böyük rol oynayıb. Bu proqram haqqında sərəncamın imzalanması ilə ölkə futbolunda yeni mərhələ başlayıb. Təbii ki, Azərbaycanın ən sanballı klubu olan "Neftçi" PFK-da bu proqramın müddəalarının uğurla həyata keçirilməsinə öz töhfəsini verir. Rövnəq Abdullayevin AFFA-nın prezidenti seçilməsindən sonra isə Dövlət Proqramının icrası daha da sürətlənib. Buna əyani sübut kimi, uşaq futbolunun inkişafı üçün yeni meydançaların tikilməsi, Futbol Akademiyasının inşası, futbolun kütləviliyinin artırılması, bütün yaş qrupları üzrə yığmaların hazırlıq prosesinin yüksək səviyyədə təşkili və onların inamlı çıxışını göstərmək olar. Azərbaycan çempionatı və kuboku yarışlarını təşkil edən Peşəkar Futbol Liqası da məhz Rövnəq Abdullayevin rəhbərliyi dövründə - 2008-ci ildə yaradılıb. Cəmi iki ildən bir qədər artıq fəaliyyət göstərməsinə baxmayaraq, PFL milli çempionat və kubok oyunlarının gərgin və maraqlı idman mübarizəsi şəraitində keçməsini təmin edir. Xüsusilə Premyer Liqada çempionluq uğrunda gərgin və güzəştsiz mübarizə azarkeşlərin böyük marağına səbəb olub. PFL-in bayrağı altında keçirilən son iki mövsümdə Azərbaycan çempionunun yalnız axırınıcı turda müəyyənləşməsi qeyd etdiklərimizə əyani sübutdur.

Premyer Liqanın daha maraqlı alınmasında bir sıra prinsipial matçların da təsiri var. Ancaq şübhəsiz ki, Premyer Liqanın bəzəyi, necə deyərlər, "şah əsəri" "Neftçi" və "Xəzər-Lənkəran" arasında keçirilən oyunlardır. Bu komandaların görüşü həmişə böyük ajiotaj doğurur, stadionlara on minlərlə azarkeş toplayır. Cari mövsümdə də əzəli rəqiblərin qarşılaşması daha səbirsizliklə gözlənilir. Çünki Sadıq Sadıqov "Neftçi"  PFK-nın prezidenti olduqdan flaqmanda müsbətə doğru dəyişikliklər baş verib. Klub rəhbərliyinin mövsümlərarası fasilədə həyata keçirilən uğurlu transfer siyasəti və məqsədyönlü təlim-məşq toplanışları çempionatın elə ilk turlarındaca bəhrəsini verdi. Məhz bunun nəticəsidir ki, "ağ-qaralar" hazırda 16 xalla Premyer Liqanın vahid lideridir. Komandamız meydana çıxdığı 6 görüşdə 14 qol vurmaqla, həm də ən məhsuldar kollektivdir. Bəzən "Neftçi"nin matçlarında hakim səhvləri olsa da, flaqman öz parlaq oyunu ilə bunları ört-basdır edib. Həftəsonu Premyer Liqanın 7-ci turu çərçivəsində "Neftçi"ni qəbul edəcək "Xəzər-Lənkəran" da ölkəmizin ən güclü klublarından biridir. Lənkəran təmsilçisi mübarizə apardığı çempionatlarda adətən favorit qismində göstərilir. Bu mövsümün startı "Xəzər-Lənkəran" üçün heç də pis başlamayıb. Turnir cədvəlində "Neftçi"dən sonra ən yaxşı nəticəni məhz "Xəzər-Lənkəran" göstərib və hazırda 2-ci pillədə qərarlaşıb.

Sentyabrın 25-də Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər-Lənkəran" - "Neftçi" matçı bəlkə də bu ilin ən maraqlı oyunu olacaq. Qarşılaşmanın keçirilməsinə bir neçə gün qalsa da, futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər əsasən bu görüş barədə fikir mübadiləsi aparır, səbirsizliklə start fitinin çalınmasını gözləyirlər. Daima Azərbaycan futbolunun inkişafına töhfəsini verən "Neftçi" PFK bu oyuna həssaslıqla yanaşır. Komandamız həmişə olduğu kimi, sentyabrın 25-də "Xəzər-Lənkəran"la səfər qarşılaşmasında da idman prinsipləri əsasında mübarizə aparacaq. Flaqman üzvləri meydanda "Fair play" qaydalarını gözləyərək, azarkeşlərin bu matçdan zövq almasına çalışacaq. "Neftçi" PFK olaraq, hər iki komandanın azarkeşlərini sevimli klublarına dəstək verməyə çağırırıq. Ən əsas istəyimiz budur ki, "Xəzər-Lənkəran" - "Neftçi" oyununda Azərbaycan futbolu qazansın”!


Son xəbərlər