AFFA-nın baş katibi Elxan Məmmədov “Qafqazinfo”ya müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, Unibank Premyer Liqasının gedişatı, baş tutan transferlər, millinin hazırkı durumu, baş məşqçi Berti Foqtsun fəaliyyəti və digər məsələlər haqda fikirlərini bölüşüb. Həmin müsahibə ilə sizi də tanış edirik.
- Premyer Liqada ilk turlar sizi qane edirmi?
- Gördüyünüz kimi, arxada qalan 4 turda maraqlı oyunların və sürpriz sayıla biləcək nəticələrin şahidi olmuşuq. Məsələn, birinci diviziondan Premyer Liqaya yüksələn və yayda heyətini elə də gücləndirməyən MOİK-in “Muğan”ı məğlub etməsi, eləcə də Salyan klubunun medallara iddialı “Bakı”ya qalib gəlməsi mübarizənin gərgin keçəcəyindən xəbər verir. Bizi sevindirən məqamlardan biri aşağı dəstədən Premyer Liqaya yüksələn MOİK və “Gəncə”nin autsayder kimi çıxış etməməsi, həm də ölkə futbolunda mühüm çəkisi olan Gəncə təmsilçisinin 4 illik fasilədən sonra yenidən ən güclülərin yarışında çıxış etmək hüququ qazanmasıdır.
- Premyer Liqada komandaların fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Klublarımız peşəkarlaşma yolunda mühüm addımlar atırlar. İstərdik ki, onlar uşaq və gənc futbolçuların yetişməsinə diqqəti bir qədər də artırsınlar. Çünki, futbolumuzun inkişafı onlardan asılı olacaq. Bu gün baza yaratmalıyıq ki, sonrakı illərdə onların xidmətindən istifadə edə bilək.
- Demək olar ki, klublar Azərbaycana xeyli sayda əcnəbi futbolçular transfer edir. Sizcə, bu futbolçular Azərbaycan futbolunun inkişafında nə dərəcədə rol oynayır?
- Təbii ki, əcnəbi futbolçuları heyətinə cəlb etmək klubların şəxsi işidir. Hər bir klub öz büdcəsinə uyğun olaraq, legioner futbolçunu transfer edir. Ancaq səviyyəli legionerlərin ölkəmizə gətirilməsi futbolumuza xeyir verə bilər. Məsələn, 1996-cı ildə “Qalatasaray” məşhur rumıniyalı yarımmüdafiəçi Georgi Hacını transfer etdi. Onunla birgə gənc türkiyəli oyunçulara da heyətdə yer verildi. Nəticədə bu gün Türkiyə futbolunun ən tanınmış simalarından olan Əmrə Bələzoğlu kimi oyunçu yetişdi. Yəni gənc futbolçularımız güclü və zəngin təcrübəyə malik legionerlərlə çiyin-çiyinə oynamaqla, onlardan öyrənmiş olurlar. Biz də istərdik ki, klublarımız futbolda öz sözünü demiş, perspektivli əcnəbi oyunçuları heyətlərinə qatsınlar. Hazırda bu istiqamətdə müəyyən addımlar atılır. Məsələn, “Bakı”, “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” kimi komandaların güclü futbolçular transfer etdiyini deyə bilərəm.
- Əcnəbi futbolçuların sayını azaltmaq üçün limit qoymağı düşünürsünüz?
- Bildiyiniz kimi, ötən mövsüm legioner futbolçularla bağlı limit tətbiq edilmirdi. Buna görə də, bəzi klublar ancaq əcnəbi oyunçulara güvənirdilər. Təbii ki, bu da yığma komandaya zərbə vururdu. Millinin əksər oyunçuları ehtiyatda qalmaqla, həm oyun təcrübəsi, həm də fiziki hazırlıq baxımından geriləyirdilər. Ancaq ötən il İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul edib və Premyer Liqada bu limit tətbiq edilir. Yəni qərara əsasən, hər bir komandanın heyətində meydanda eyni vaxtda ən azı 3 yerli futbolçu olmalıdır.
- Prezident 2005-2015 ci illər arasında futbolun inkişafına dair sərəncam imzalayıb. Bu beş ildə sözügedən sərəncamla bağlı AFFA nə kimi işlər görüb?
- İki il əvvəl asossiasiyanın strategiyasını müəyyənləşdirərkən 3 prioritet seçdik: kütləvilik, futbol təhsili, infrastruktur. Hər 3 sahədə inkişaf göz qabağındadır. Əgər 2 il əvvəl Azərbaycanda 1500 futbolçu qeydiyyatdan keçmişdisə, artıq bu say 11 mini keçib. Bəziləri fikirləşir ki, bu nəyin hesabına mümkün olub. AFFA U-13, U-15, U-17 liqaları təşkil edib. Təkcə U-13 liqasında 2 minə yaxın futbolçu oynayır. Artıq U-14 liqası ilə bağlı işlərə də başlamışıq. Yeni mövsümdə bu yaş qrupunda da çempionat təşkil olunacaq. Eyni zamanda “Məktəbli kuboku”, məhəllələrarası yarışlar və sair keçirilir. İnkişaf etmiş futbol ölkələrində əhalinin 2 faizi bu idman növü ilə məşğul olur. Biz bu rəqəmin heç olmasa 1 faizə çatmasına çalışırıq. Bu isə o deməkdir ki, təxminən 9 milyon əhalisi olan Azərbaycanda 90 min nəfərin futbol oynamasına nail olmaq istəyirik. Futbol təhsilinə gəldikdə, artıq orta məktəblərdə pilot layihələr həyata keçirilib. Bu ildən başlayaraq məktəblərdə futbol dərsi keçirilir. Mütəmadi olaraq futbol veteranları məktəblilərlə görüşür, onların suallarını cavablandırır. İnfrastruktur sahəsində də görülən işlər göz qabağındadır. Ölkənin bütün bölgələrinə yeni meydançalar salınıb, uşaqların sərəncamına verilib. UEFA-nın maliyyə dəstəyi ilə Mərdəkandakı “Dalğa” istirahət kompleksinin ərazisində yığma komanda üçün yeni stadion tikilir.
- Mahmud Qurbanovun “KomandA” qəzetinə hücumuna münasibətinizi bilmək maraqlı olardı…
- Biz kiminsə kimisə təhqir etməsinə qarşıyıq. Eyni zamanda zorakılıq hallarını da qətiyyətlə pisləyirik.
- Qadınlardan ibarət yığmanın fəaliyyətinə son qoyulub. Bu haqda nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, ötən il 19 yaşadək futbolçulardan ibarət yığma komandanın heyətində “lipa”lar aşkarlandı. Bundan sonra UEFA bəzi sanksiyalar tətbiq etdi. Yığmanın da formasını geyinən 6 futbolçu UEFA tərəfindən cəzalandırıldı. Biz də millinin dünya çempionatının qrup mərhələsi çərçivəsində oyunlarını yarımçıq dayandırmaması üçün, demək olar, yeni komanda ilə yolumuza davam etdik. Əlbəttə, nəticələr ürəkaçan olmadı. Eyni zamanda, AFFA ölkədə qadın futbolunu inkişaf etdirmək üçün bu sahədə işə sıfırdan başlayıb. Bildiyiniz kimi, artıq U-15 yığma komandası yaradılıb. Almaniyalı mütəxəssis Sissi Rayt baş məşqçi vəzifəsinə təyin edilib. Bu komanda 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət dünya çempionatının final mərhələsində ölkəmizi təmin edəcək. Qərara aldıq ki, yeni futbolçu nəsli yetişənə, eyni zamanda qadın futbolunun bazasını yaradana qədər A millinin fəaliyyətini müvəqqəti dayandıraq.
Bildiyiniz kimi, 2 il əvvəl çimərlik futbolunun inkişafı ilə bağlı strategiya hazırladıq. Qısa zaman kəsiyində bu öz bəhrəsini verdi. Bu gün çimərlik futbolu üzrə yığma komandamız Avropada 9-cu pillədə qərarlaşıb. Biz bu strategiyanı qadın futboluna da tətbiq etməyi düşünürük.
- Baş məşqçi Berti Foqtsun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Onunla müqavilə AFFA prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin razılığı əsasında uzadılıb. Bu da assosiasiyanın almaniyalı mütəxəssisin işindən razı qalması anlamına gəlir.
- Azərbaycanda 60 mindən artıq azarkeş tutumu olan futbol meydançasının tikildiyi bildirilir. Bu iş başlayıbmı?
- Bu stadionun tikintisi dövlət tərəfindən maliyyələşdiriləcək. Məndə olan məlumata görə, artıq stadionun layihəsi hazırdır.
- Sizcə, bu il futbol üzrə Azərbaycan çempionu kim olacaq?
- Mövsüm yeni başlayıb və hələ cəmi 4 tur arxada qalıb. Ancaq mövsümlərarası fasilədə komandaların heyətlərini gücləndirdiyini söyləmək olar. Maraqlı çempionat izləyəcəyimizi deyə bilərəm. Kim güclüdürsə, finişə də birinci o çatacaq.
- Azərbaycanda uşaq futbolu ilə bağlı vəziyyət nə yerdədir?
- Bu sahədə ciddi işlər görülüb və görülməkdə də davam edir. Yuxarıda qeyd etdiyim kimi, əvvəllər yeniyetmə futbolçular öz qabiliyyətlərini göstərmək üçün meydan tapa bilmirdilər. Çünki aşağıyaşlı uşaqlardan ibarət komandalar arasında hansısa yarışlar keçirilmirdi. Biz dərhal U-17 liqasını yaratdıq. Növbəti mövsümdən isə U-15, U-13 liqaları yaradıldı. İcraiyyə Komitəsinin qərarı ilə cari mövsümdən etibarən U-14 liqası da olacaq. U-17 və U-15 liqalarının öz sponsorları var. Əlbəttə, liqaların sayı artdıqca, komandaların sayı da çoxalacaq. Bu da futbolla məşğul olan uşaqların sayının artmasına zəmin yaradacaq. Belə olan təqdirdə, aşağıyaşlı futbolçulardan ibarət yığma komandaların baş məşqçilərinin seçim imkanları da genişlənəcək. AFFA rəhbrəliyi uşaqlar arasında keçirilən oyunları diqqət mərkəzində saxlayır. Oyunları izləmək, perspektivli uşaqları üzə çıxarmaq məqsədi ilə oyunlara assosiasiyanın seleksiyaçı-məşqçiləri təyin edilir.
- Vaqif Cavadovun “Tvente” ilə yolarını ayırmasına münasibətiniz maraqlı olardı...
- Bu, futbolçunun şəxsi işidir. AFFA rəhbərliyi futbolçularımızın ölkə xaricində çıxış etməsinin tərəfdarıdır. Nə qədər çox futbolçumuz xarici və təbii ki, güclü klublarda çıxış etsə, bu, yığma komandamızın inkişafına gətirib çıxaracaq. Təbii ki, Vaqif yığmanın üzvü olduğundan, onun atacağı addımlar bizi yaxından maraqlandırır. Küveytlə oyunda Vaqifin əvvəlki formasından uzaq olduğunu hər birimiz gördük. Bu haqda yığmanın baş məşqçisi Berti Foqts da öz fikirlərini açıqlayıb. İndi Vaqifə daim oynamaq lazımdır. “Bakı”da onun əvvəlki formasını bərpa edəcəyinə inanıram.
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Qaradağ Lökbatan" 13 qolla qalib gəldi
"Barselona"dan uğurlu seriya
"Milan" bu transferi həll etdi
"Mançester Yunayted"lə oyunda 111 illik rekord təkrarlandı
1-ci liqada həftənin hakimləri məlum oldu
Dani Alveş Portuqaliya klubunu alır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
"Real" azarkeşləri: Vinisius getsin!
“Kəpəz” iki legioneri göndərdi
Favre məşqçilik karyerasını başa vurdu
PSJ-nin rəqibi müəyyənləşdi
Afrika Millətlər Kuboku başladı
"Bavariya"nın qol şousu - Video
Harri Keyn Bundesliqada yeni rekord müəyyənləşdirib
"Qalatasaray"dan böyükhesablı qələbə
"Barselona"dan səfər qələbəsi - Video
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi