“İnter”in direktoru: “Yüksək mükafatlar uğrunda mübarizəyə hazırıq” (MÜSAHİBƏ)

“İnter”in direktoru: “Yüksək mükafatlar uğrunda mübarizəyə hazırıq” (MÜSAHİBƏ)
XƏBƏR 5 Avqust 2010 / 11:45 2908
-  A +

Premyer Liqa klubları növbəti futbol həyəcanına hazırlaşır. Qol.Az-ın məlumatına görə, son ölkə çempionu “İnter” də yeni mövsümə ciddi hazırlaşaraq, yeni uğurlara imza atmaqla azarkeşlərini sevindirməyi düşünür. Komandanın direktoru Müzəffər Novruzəliyev də ümid edir ki, “İnter” yeni mövsümdə gözəl oyun nümayiş etdirməklə istər ölkə çempinatı, istərsə də Avropa səviyyəsində futbol ictimaiyyətinin ümidlərini doğrultmağa çalışacaq.
- Müzəffər müəllim, yeni futbol mövsümünün başlanmasına çox az vaxt qalır. “İnter”i mövsümə hazır saymaq olarmı?
- Bilirsiniz ki, ötən çempionat kifayət qədər maraqlı və gərgin şəraitdə keçdi. “Altılıq”da mübarizə aparan diğər komandalar kimi “İnter” komandası da böyük zəhmət və əzmkar mübarizə sayəsində layiqli çempion adını qazandı. Təbii ki, uzun və gərgin mübarizənin komandanın həm istirahət etməsinə, həm də tamdəyərli təlim-məşq toplanışı keçirməsinə zərurət yaratmışdı. Deyə bilərəm ki, təxminən 1 ay müddətində komanda Bolqarıstanda plana uyğun şəkildə təlim-məşq toplanışı keçirdi və keçirilən çoxsaylı yoldaşlıq qarşılaşmaları oyun praktikasının artırılması baxımından əlverişli imkan yaratdı. Sözsüz ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış da “İnter”in yeni mövsümə hazırlaşması baxımından müsbət faktor saymaq olar. Bir sözlə, çempionatın başa çatmasından sonra ötən müddət ərzində komanda fiziki və nəzəri baxımdan yüksək mükafatlar uğrunda mübarizəyə hazırdır.
- Komandanın son transferləri haqqında nə deyə bilərsiniz? Demək olarmı ki, komandanın zərurət duyduğu mövqelərə lazımi oyunçular tapmağa müvəffəq olundu?
- Seleksiya həm çətin, həm də məsuliyyətli işdir. Buna görə də, klub rəhbərliyi belə bir məsuliyyətli işə həmişə diqqətlə yanaşmış və baş məşqçinin tələbləri səviyyəsində yerli və əcnəbi oyunçuları komandaya cəlb etməyə çalışmışdır. Doğrusu, son transfer haqqında daha ətraflı və detallı baş məşqçimiz danışa bilər. Mən yalnız onu deyə bilərəm ki, son tranferlərimiz komandanın uğur qazanmasında böyük rol oynyacaq. “İnter”in yeni heyətinin həm son toplanış vaxtı, həm Polşanın “Lex-Poznan” komandasıyla qarşılaşma zamanı, eləcə də son 10 gün ərzində yoldaşlıq oyunları zamanı göstərilən oyun əzmkarlığı və ustalığı belə deməyə əsas verir.
- Son zamanlar bəzi əməkdaşların klubdan ayrılmalarıyla bağlı belə bir fikir formalaşdırılmağa cəhd göstərilir ki, guya “İnter” klubunda maliyyə problemləri var və işdən ayrılan əməkdaşları da məhz bu faktor həmin addımı atmağa vadar etmişdir. Hətta məsələni əməkdaşlararası münasibətlərin gərginləşməsilə əlaqələndiyməyə də çalışırlar...
- “İnter” Azərbaycanda kollektiv mədəniyyəti yüksək olan klublardan biridir. Kimsə klubdan ayrılmışdırsa, onun obyektiv və subyektiv səbəbləri olmuşdur. Bunu maliyyə və ya əməkdaşlarası münasibətlərin gərginləşməsilə əlaqələndirmək kökündən yalnışdır. Həmin şəxslər yalnız və yalnız şəxsi qənaətlərinə uyğun qərar qəbul etmişlər. Bundan başqa, mənim səlahiyyətimə aid məsələ olmasa da, əminliklə deyə bilərəm ki, klub normal fəaliyyət göstərməsi üçün yetərli maliyyə imkanlarına malikdir.
- Həftənin son günü “İnter” Tovuza səfər edəcək. Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Proqnoz verməyi xoşlamıram. Amma onu deyə bilərəm ki, Tovuz bir çox istedadlı futbolçuların yetişdiyi rayondur və bazar günü bizi heç cə asan oyun gözləmir. Hər halda “İnter”in azarkeşlərini sevindirəcək nəticə ilə Bakıya qayıdacağına əminəm.
- Komandanın azarkeşlərinə nə arzulardınız?
- Bir qədər tez də olsa, azarkeşlərimizi, ümumiyyətlə, bütün futbol azarkeşlərini yeni mövsümün başlanması münasibətilə təbrik edirəm. Bilirəm, onlar da çempionatın başlanmasını səbrsizliklə gözləyirlər. Azarkeşlərimizi həmişə olduğu kimi, bu dəfə də “İnter” komandasını meydanda dəstəkləməyə çağırıram. Ümik edirəm ki, birlikdə komandamızın yeni uğurlara imza atmasına kömək edə biləcəyik. Bundan başqa, “İnter” FK-ya göstərdikləri hərtərəfli köməyə görə AFFA və PFL rəhbərliyinə və əməkdaşlarına klub rəhbərliyi adından minnətdarlığımı bildirirəm. Futbol mövsümünün açılışı münasibətilə digər futbol klublarının kollektivini təbrik edir və hamıya uğurlar arzulayıram.

Mənbə: "İnter"in rəsmi saytı

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib