“Qarabağ” uğursuz Polşa sindromuna da son qoymalıdır

XƏBƏR 29 İyul 2010 / 15:28 2426
-  A +

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Visla” ilə qarşılaşacaq “Qarabağ” Azərbaycan üşün həm yığma, həm də klublar səviyyəsində arzuolunmaz rəqib hesab olunan Polşa təmsilçilərinə qarşı uğursuz sindromu qırmalıdır. Qol.Az-ın məlumatına görə, klublarımız Polşa təmsilçiləri ilə indiyə qədər 8 dəfə avrokuboklarda bir-birinə rəqib olublar. İndiyə qədər keçirilən 16 qarşılaşmanın 13-də polşalılar qələbə qazanıb. İki dəfə belə görüşlər "sülh"lə başa çatıb. Təmsilçilərimiz bizim üçün arzuolunmaz rəqiblər üzərində cəmi bir qələbə qazanıblar ki, o da bu mövsümə təsadüf edib. Lakin “İnter” Poznan “Lex”inə doğma meydandakı minimal hesablı məğlubiyyətin əvəzini səfərdə çıxsa da, oyunsonrası penaltilərdə yenə mərhələ adlayan polşalılar olub. Nəticədə indiyə qədər Polşa səddini keçə bilməyən klublarımız rəqibin 48 qoluna cəmi 8 dəfə cavab verib (penalti qollları ilə birlikdə 57:16).
Klublrımız avrokuboklarda ən böyük hesablı məğlubiyyətini də məhz polşalılardan alıb. Belə ki, Polşa klubları ilə ilk duelimizin təsadüf etdiyi 1996/97 mövsümündə "Xəzri" UEFA Kubokunun  birinci təsnifat mərhələsində "Qutnik"ə rəqib olub. Maraqlıdır ki, bu klub da "Visla" kimi Krakov şəhərini təmsil edirdi. "Qarabağ"ın sabah meydana çıxacağı şəhərdə Azərbaycan təmsilçisi hələlik avrokuboklarda aldığımız ən acı məğlubiyyətlə qarşılaşıb - 0:9. Bu komandalar arasında Bakıda baş tutan matç isə 2:2 hesabı ilə başa çatıb.
Polşalılar milli komandamız üçün də arzuolunmaz rəqib hesab olunur. Belə ki, yığmamız tarixində ən ağır məğlubiyyətlərindən birini məhz Polşa millisindən alıb. DÇ-2006-nın seçmə mərhələsində rəqibimiz olan Poşla yığması Varşavada 8:0, Bakıda 3:0 hesablı qələbə qazanıb. Həmin vaxt yığmaya Karlos Alberto Torres başçılıq edirdi.
AVRO-2008-in seçmə mərhələsində də rəqibimiz olan Polşa yenə qapımıza 8 qol vurub (Varşavada 5, Bakıda 3). Bu dəfə tilsimi qıran millmiz də rəqibin qapısına yol tapıb.
İndi "Qarabağ"ın heyətində yer alan 7 futbolçu və baş məşqçi Qurbanov Qurbanov Polşa yığmasına məğlubiyyətlərimizin iştirakçısı olub. Belə ki, 26 mart 2006-cı ildə keçirilən Polşa - Azərbaycan (8:0) oyununda Aslan Kərimov, Aftandil Hacıyev, Raşad Sadıqov, Vüqar Nadirrov və Qurban Qurbanov meydana start heyətinlə çıxıb, Samir Abbasov ehtiyatda qalıb. 4 iyunda Bakıda keçirilən cavab oyununda (0:3) isə Kərimov, Hacıyev, Sadıqov və Qurbanov start heyətində yer alıb.
24 mart 2008-ci ildə Varşavada Polşanın 5:0 hesablı qələbəsi ilə yekunlaşan oyunda indiki "Qarabağ"lılardan Aslan Kərimov, Samir Abbasov, Emin İmaməliyev meydana çıxıb. Farhad Vəliyevlə Vüqar Nadirov isə qarşılaşmanı ehtiyat oyunçular skamiyasında izləyib.
Həmin ilin 2 iyulunda Bakıda millimizin 1:3 hesablı yenilgisi ilə yekunlaşan qarşılaşmada qapını Fərhad Vəliyev qoruyub və Samir Abbasovla Emin İmamaliyev meydana çıxıb. Bu dəfə Zaur Haşimovla Vüqar Nadirov ehtiyatda qalıb.
İndi “Qarabağ”ı növbəti mərhələyə adlayıb, yeni tarix yazmaq vəzifəsi ilə yanaşı, bu uğursuz sindromu qırmaq vəzifəsi də gözləyir. Görək təmsilçimiz bunu bacara biləcəkmi?

Azərbaycan və Polşa klublarının avrokuboklardakı bütün görüşləri

1996/97
UEFA kuboku, birinci təsnifat mərhələsi
“Qutnik” (Polşa) – “Xəzri” (Azərbaycan) – 9:0
“Xəzri” – “Qutnik” – 2:2

1997/98
Çempionlar Liqası, birinci təsnifat mərhələsi
“Neftçi” (Azərbaycan) – “Vidzev” (Polşa) – 0:2
“Vidzev” – “Neftçi” – 8:0

1998/99
Çempionlar Liqası, birinci təsnifat mərhələsi
LKS (Polşa) – “Kəpəz” (Azərbaycan) – 4:1
“Kəpəz” – LKS – 1:3

2000/01
İntertoto kuboku, birinci mərhələ
“Zaqlembe” (Polşa) – “Viləş” (Azərbaycan) – 4:0
“Viləş” – “Zaqlembe” – 1:3

2005/06
İntertoto kuboku, birinci mərhələ
“Karvan” (Azərbaycan) – “Lex” (Polşa) – 1:2
“Lex” – “Karvan” – 2:0

2007/08
UEFA kuboku, birinci təsnifat mərhələsi
“MKT-Araz” (Azərbaycan) – “Qrotslin” (Polşa) – 0:0
“Qrotslin” – “MKT-Araz” – 1:0

2008/09
“Xəzər Lənkəran” (Azərbaycan) – “Lex” (Polşa) – 0:1
“Lex” – “Xəzər Lənkəran” – 4:1

2010/11
“İnter” (Azərbaycan) – “Lex” (Polşa) – 0:1
“Lex” – “İnter” – 0:1 (oyun sonrası penaltilərlə - 9:8)


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib