Arif Əsədov ilk turda “Qarabağ”la qarşılaşmaq istəmirmiş

Arif Əsədov ilk turda “Qarabağ”la qarşılaşmaq istəmirmiş
XƏBƏR 22 İyul 2010 / 11:05 1630
-  A +

"Neftçi"nin baş  məşqçisi Arif Əsədovun paytaxt klubunun rəsmi saytına müsahibəsi

- Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı necə gedir?
- Təlim-məşq toplanışının gedişindən razıyam. Futbolçular həvəslə məşq edirlər. Gündə iki məşqlə hazırlığı davam etdiririk. Sabah Bolu toplanışında ilk yoxlama matçını keçirəcəyik. Artıq bu gündən etibarən "yükləmələri" azaldırıq. Yəni, bundan sonra daha çox taktiki təmrinlərə üstünlük verəcəyik. Toplanış çərçivəsində keçirəcəyimiz 3 yoldaşlıq görüşü sayəsində heyəti formalaşdıracağıq.
- "Orduspor"la matçda nəticə nə dərəcədə önəm daşıyır?
- Komanda artıq bu oyuna hazırdır. Əlbəttə, biz nəticəyə də fikir verəcəyik. Ancaq unutmayaq ki, bu, yoxlama xarakteri daşıyan oyundur. Ona görə də belə qarşılaşmalarda nəticə prinsipial əhəmiyyət daşımır. Lakin istərdik ki, qələbə qazanıb, komandada özünəinam hissini artıraq.
- Unibank Premyer Liqasının 2010/11 mövsümünün püşkü atılıb. "Neftçi" ilk turda "Qarabağ"ı qəbul edib, ardından səfərdə "Qəbələ" ilə oynayacaq. Püşkün nəticəsi sizi qane edirmi?
- Əksər komandalar çempionatın startında zəif rəqiblərlə qarşılaşmağı istəyirlər. Ancaq təsadüf elə gətirib ki, yoldaşlıq görüşlərində olduğu kimi, Premyer Liqanın ilk turlarında da  güclü kollektivlərə qarşı mübarizə aparmalı olacağıq. Əlbəttə, startda nisbətən zəif rəqiblə oynamaq istərdik. Qismət belə imiş. Onsuz da gec-tez Premyer Liqanın bütün iştirakçıları ilə üz-üzə gəlməliyik.
- Ötən mövsüm "Neftçi" əsasən hücumdakı "dişsizlik"dən əziyyət çəkirdi. Demək olarmı ki, bu problem də aradan qaldırılır?
- Boludakı təlim-məşq toplanışında transferləri başa vurub, heyəti tam komplektləşdirmək fikrindəyik. Düşərgəmizə yeni futbolçular gəlməkdədir. İşimizi bu yöndə aparırıq. Bizim tutduğumuz yol ötən ilkindən çox fərqlənir.
- Yəqin ki, yeni futbolçuların gəlişi ilə flaqmanın iddiası da artacaq?
- "Neftçi" həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Klubumuzun prezidenti Sadıq Sadıqov nailiyyət qazanmaq üçün bütün şəraiti yaradıb. Biz də - futbolçular, məşqçilər, inzibati heyət rəhbərliyin etimadını doğruldaraq, çempion titulunu əldə etməliyik.


Son xəbərlər