Arzuolunmaz rəqiblə 8-ci qarşılaşma

XƏBƏR 26 May 2010 / 11:44 2064
-  A +

Bu gün milli komandamız Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxacaq. Qol.Az-ın məlumatına görə, bu ölkədə 10 günlük təlim-məşq toplanışında olacaq Berti Foqtsun komandası ilk sınaq qoyununda Moldova yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.
FİFA-nın son reytinqində Azərbaycandan yuxarı olan rəqib 84-cü pillədə qərarlaşıb. Moldova ilə görüş Zeekirhen şəhərində baş tutacaq.
Millimiz son üç oyunda meydanı qalib tərk edir. Bunlar Çexiya (2:0), İordaniya (2:0) və Lüksemburq yığmaları (2:1) ilə səfərdə keçirilən yoldaşlıq görüşləridir. Təbii ki, futbolsevərlərimiz bu qələbə seriyasının davamını gözləyir. Özü də rəqibin münasib olması uğurlu seriyanın davamının gələcəyinə ümid yaradır.
Moldova yığmasına bu il baş məşqçi təyin edilən rumıniyalı Qabi Balint hələ yeni komanda ilə tanışlıq dövrü keçir. Özü də Balint Premyer Liqamızda çıxış edən moldovalı futbolçuların çoxuna dəvət göndərib. Ancaq məsələ ondadır ki, yığmanın sabiq kapitanı Sergey Laşenkovla hücumçu Anatoli Doroş artıq “Olimpik-Şüvəlan”dan kənarlaşdırılıblar. Denis Kalinkov (“Xəzər Lənkəran”), Aleksey Savinovla Vyaçeslav Sofroni (“Bakı”) ölkə kubokunun final oyununda iştirak etdiklərindən, yığmanın düşərgəsinə sonradan qoşulmalı olub. Finalda cəza üzündən oynamayan “Bakı”nın moldovalı yarımmüdafiəçisi Vadim Boretsin isə zədəsi olduğundan yığmamız və mayın 29-da Birləşmiş Ərəb Əmirlikləri ilə yoldaşlıq görüşlərindən kənarda qalıb.
Millimizdə isə “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov zədə üzündən Avstriyaya gedə bilməyib. Əsas qol ümidlərimizdən olan Hollandiya “Tvente”sinin hücumçusu Vaqif Cavadov düşərgədə olsa da, zədədən sonra tam bərpa olunmayıb. Yığmamızın əsas qapıçısı Kamran Ağayevin isə kapitanı olduğu “Xəzər Lənkəran”ın heyətində ölkə kubokunun finalında buraxdığı səhvdən sonra psixoloji hazırlığından çox şey asılı olacaq. Foqtsun Tofiq Bəhramov adına Respublika stadionunda izlədiyi həmin görüşdən sonra Kamrana sabah əsas heyətdə şans verib-verməyəcəyi maraq doğurur.
Əlavə edək ki, yığmamız ardıcıl 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Mayın 29-da Makedoniya, iyunun 2-də DÇ-2010-un iştirakçısı olan Honduras yığması ilə də oyun nəzərdə tutulub.
Yeri gəlmişkən qeyd edək ki, Moldova yığmasını bizim üçün arzuolunmaz rəqib saymaq olar. Millimiz 18 illik tarixində moldovalılarla 7 görüşünün yalnız 1-də qalib gəlib. Bu, 12 il öncə Respublika stadionunda baş verib. Qalan 6 oyundan yarısında rəqib qalib gəlib, yarısı heç-heçə bitib. Özü də maraqlıdır ki, həmin görüşlərin hamısı qolsuz bərabərliklə nəticələnib. Azərbaycanla Moldova indiyə kimi bir qayda olaraq öz paytaxtlarında görüşüb. Yığmalar ilk dəfə neytral meydanda, Avstriyanın Zeekirhen şəhərində üzləşəcək.
Moldovalılarla yalnız bir dəfə seçmə mərhələdə eyni qrupa düşdüyümüzdən, əsasən oyunlar yoldaşlıq görüşü xarakteri daşıyıb. Həmin iki rəsmi oyunda isə nəinki qələbə qazanmış, heç rəqibin qapısına yol tapa da bilməmişik. Xüsusilə Bakıda oyun bizim üçün böyük uğursuzluqla nəticələnib. Belə ki, yığmamız oyunun böyük hissəsini iki futbolçusu qırmızı vərəqə alaraq qovulduğuna görə 9 nəfərlə keçirən rəqibin müqavimətini qıra bilməyib. Düzdür, oyunun sonunda hücumçumuz Fərrux İsmayılov da qırmızı vərəqəyə görə meydanı tərk edib.
Qeyd edək ki, qeyri-məhsuldar keçən Azərbaycan - Moldova oyunlarında qapılara cəmi 9 qol vurulub. Bunun 6-sı rəqibin, 3-ü bizim hesabımızdadır. Moldova yığmasına qol vuran oyunçularımızın hamısı – Samir Ələkbərov, Yunis Hüseynov və Qurban Qurbanov artıq futbolçu karyeralarını başa vuraraq, məşqçiliklə məşğuldurlar. Moldova yığmasına sonuncu qolu 6 il öncə Qurbanovun simasında vurmuşuq. Sonrakı iki görüş qolsuz heç-heçə bitdiyindən, elə rəqib də bundan sonra qapımıza yol tapa bilməyib. Moldova yığması millimiz üzərində sonuncu qələbəni indi də onun sıralarında olan təcrübəli hücumçu Sergey Dadu etdiyi dublla qazandırıb.


Son xəbərlər