Bu gün Eldar Əzimzadənin doğum günüdür

Bu gün Eldar Əzimzadənin doğum günüdür
XƏBƏR 25 May 2010 / 15:40 2071
-  A +

Bu gün məşhur Azərbaycanlı hakim Eldar Əzimzadənin doğum günüdü. Qol.Az-ın məlumatına görə, 25 may 1934-cü ildə Bakıda anadan olan ədalət təmsilçisi 69 il ömür sürərək 2003-cü ilin 20 yanvar tarixində dünyasını dəyişib.
1952-ci ildə 18 yaşlı Eldar Azərbaycanın gənclərdən ibarət milli komandasının tərkibində Daşkənddə keçirilən SSRİ birinciliyində iştirak edib. 1957-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda təhsilini bitirdikdən sonra Əzimzadə ali məktəbdə qalaraq, futbol üzrə müəllim işləyib. Həmin ilin sentyabr günlərinin birində Bakı birinciliyi uğrunda yeniyetmələrdən ibarət Dinamo və Spartak komandaları qarşılaşmalı idilər. Futbol Federasiyasında işləyən Boris Zayonts çox narahat idi. Nə səbəbdənsə matçın hakimi gəlib çıxmamışdı. O, Eldarı yanına çağırıb, oyuna hakimlik etməyi ondan xahiş etdi. Əzimzadə bir qədər tərəddüd edəndən sonra razılıq verdi. Onun hakimlik karyerası da beləcə gözlənilməz başladı. İki ildən sonra Əzimzadə artıq respublika birinciliyinin oyunlarını idarə edirdi. 1961-ci ildə SSRİ Futbol Federasiyasının Hakimlər kollegiyası tərəfindən Azərbaycanın bir qrup hakimi - B. Zayonts, T. Bəhramov, T. Vəliyev, Y. Qriqoryev, N. Məmmədzadə ilə yanaşı E. Əzimzadəyə də ölkə çempionatının oyunlarını idarə etmək təklif olunub. Gənc Eldar ümumittifaq yarışlara referi kimi ilk dəfə Qroznının Terek və Riqanın Dauqava komandaları arasında keçirilən matçda çıxıb.
Bundan sonra E. Əzimzadə SSRİ çempionatının güclülər dəstəsinin oyunlarında baş hakim kimi birinci dəfə 1967-ci il sentyabrın 25-də Moskvada “Torpedo” və “Zarya” komandaları arasındakı matçı idarə edib.
1974-cü il həmyerlimiz üçün ən uğurlu illərdən biri olub. SSRİ birinciliyi oyunlarında “yaxşı və “əla” qiymətlərlə hakimlik etdiyi üçün ilin sonunda onun adı ölkənin on ən yaxşı hakimi siyahısına daxil edildi.
1976-cı ilin fevralında Əzimzadə ilk dəfə beynəlxalq matça hakimlik etmək üçün dəvət alıb. İranda 12 ölkənin gənclərdən ibarət milli komandasının iştirakı ilə beynəlxalq turnir təşkil olunmuşdu. İran turnirindən sonra həmyerlimiz UEFA Kuboku uğrunda Rumıniyanın ACA komandası ilə Yuqoslaviyanın Srvena Zvezda klubu arasındakı matçı idarə edib. Bu oyunda ona tanınmış hakimlər - kaunaslı K. Andzyülis və riqalı M. Rubenis kömək ediblər. Gözlənildiyi kimi təcrübəli Yuqoslaviya futbolçuları böyük hesabla qalib gəlmişdilər. Həmin matçdan sonra bakılı hakim UEFA turniri çərçivəsində İstanbulun Qalatasaray və İngiltərənin Aston Villa komandalarının görüşünü idarə etmək üçün Türkiyədən dəvət alır.
1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında SSRİ-ni azərbaycanlı hakim Eldar Əzimzadə təmsil edib. Orada mərkəzi oyunlardan birini - Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.
İldən - ilə Eldar Əzimzadənin idarə etdiyi beynəlxalq oyunların sayı artırdı. 1978-ci il onun üçün çox sevindirici olub. FİFA-ya göndərilən SSRİ-nin yeddi ən yaxşı hakiminin siyahısında onun adı dördüncü idi. Bu isə ona dünya və Avropa çempionatlarının seçmə matçlarına hakimlik etmək hüququ verirdi. Həmin il Əzimzadə Danimarka - Portuqaliya görüşünü idarə edib. Bu, onun milli komandalar səviyyəsində idarə etdiyi ilk rəsmi oyun olub.
Matç zamanı belə bir hadisə baş verib. Görüşün ortalarında tribunadan meydançaya daş atılıb. Əzimzadə oyunu dayandırıb, matçın komissarını meydana dəvət edərək deyib ki, qoy stadionda elan edilsin, əgər bir də meydana daş atılsa, o, görüşü dayandırıb, yerli komandaya məğlubiyyət verəcək. Bundan sonra azarkeşlər özlərini intizamlı aparıblar.
1979-cu ildə həm SSRİ çempionatının məsul görüşlərində, həm də UEFA turnirləri çərçivəsində keçirilən prinsipial matçlarda yüksək səviyyədə hakimlik etdiyi üçün E. Əzimzadəyə təkcə qalib komandaların deyil, həm də məğlub olmuş klubların rəhbərləri tərəfindən təşəkkürlər edilərək, xatirə hədiyyələri təqdim olunub. Buna misal olaraq Barselona - İpsviç və Torino- Ştutqart matçlarını göstərmək olar. Bu oyunları yüksək səviyyədə idarə etdiyinə görə FİFA 1979-cu ildə E. Əzimzadəyə beynəlxalq dərəcəli hakim adını verib.
Nəhayət, 1979-cu ildə futbol mövsümünün yekunlarına görə Sovet İttifaqının 1 nömrəli hakimi seçilən Eldar Əzimzadəyə Moskva Yay Olimpiya oyunlarının futbol turnirinə hakimlik etmək həvalə olunur. Olimpiada ərəfəsində bakılı hakim yarışları idarə edəcək referilərin Almaniyanın Dyusburq şəhərində keçirilən seminarında iştirak edir. Bundan əlavə, o, Avro-80 seçmə oyunları çərçivəsində Belçika - Şotlandiya, habelə Olimpiya turnirinin seçmə matçı olan Çexoslovakiya - Polşa görüşlərini də idarə etməli olub. Yeri gəlmişkən, bir hadisəni də xatırladaq. Praqa matçı ərəfəsində ürəyində ağrı hiss edən Eldar müəllim bunu heç kimə bildirməyib. Yalnız Bakıya qayıtdıqdan sonra ailə üzvlərinin təkidi ilə çağırılan hakimlər onun ürəyinin ciddi xəstə olduğunu müəyyənləşdiriblər. İki-üç aylıq müalicədən sonra Əzimzadənin səhhəti yaxşılaşıb və o, hakimliyini davam etdirib.
Olimpiya yarışlarının birinci turunda İspaniya - Əlcəzair görüşünü idarə edən həmyerlimizin köməkçiləri Milçenko və Stupar olublar. Nikolay Latışev bu xəbəri eşidəndə FİFA-nın Avropa Hakimlər Komitəsinin sədri Zaypertdən təəccüblə soruşub: “Nə üçün məhz Əzimzadə?” O isə belə cavab verib: “Mən Eldar bəyə inanıram. O, çox yaxşı hakimdir”. Qrup oyunları Sankt-Peterburqda, Kiyev və Minsk şəhərlərində keçirilirdi. Yarımfinal və final matçları isə Moskvada oynanılıb. Finala iki gün qalmış FİFA-nın o zamankı baş katibi Yozef Blatter həmyerlimizi mehmanxanada görüb, onu həlledici oyuna baş hakim təyin olunması münasibəti ilə təbrik edib. Final matçının hakimlik məsələsi müzakirə olunarkən Zaypert qeyd edib ki, finalda iki sosialist ölkəsinin komandaları qarşılaşacaqlar. Ona görə də həlledici görüşün hakimliyi Eldar Əzimzadəyə həvalə olunur. Köməkçiləri isə italiyalı Latanzi və isveçli Erikson olacaqlar.
1980-ci il avqustun 2-də XXII Yay Olimpiya oyunlarının futbol turnirinin final matçı Moskvanın mərkəzi stadionunda 85 min tamaşaçının iştrakı ilə keçirildi. Turnirin sayca 32-ci, ən axırıncı matçında yarışların ən güclü komandaları - Çexoslovakiya və Almaniya Demokratik Respublikası qarşılaşdılar. İlk dəfə idi ki, belə bir möhtəşəm turnirin final görüşünü Sovet hakimi idarə edirdi. Həmyerlimiz çətin imtahan qarşısında idi. Oyun gözlənildiyi kimi, çox gərgin keçdi. Birinci hissədə qol vurulmadı. Fasilədən sonra mübarizə daha sərt şəkil aldı. Görüşün qurtarmasına yarım saat qalmış qarşılıqlı kobud oyuna görə hakim alman Ştaynbaxı və çex Bergeri meydandan çıxardı. 77-ci dəqiqədə Çexoslovakiya komandası sol cinahdan sürətlə hücuma keçdi və Sloboda hesabı açdı - 1:0. Bu matçın yeganə qolu oldu. Çex futbolçuları ilk dəfə Olimpiya çempionu oldular. Mətbuat konfransında hər iki komandanın məşqçisi belə bir ümumi fikir söylədilər ki, meydanda ən yaxşı təsir bağışlayan oyunun hakimi idi.
Axşam “Sport” mehmanxanasında Olimpiya oyunlarının iştrakçıları üçün verilən ziyafətdə FİFA prezidenti Joao Avelanj final görüşünü əla idarə etdiyi üçün Eldar Əzimzadəyə xüsusi medal və diplom təqdim etdi. Oyunun komissarı Zaypert isə hər üç hakimə “Əla” qiymət verdiyini elan etdi. Bununla da Olimpiada - 80 idman tarixinə qovuşdu.
Olimpiya oyunları başa çatdıqdan sonra həmyerlimiz SSRİ çempionatı və ölkə kuboku uğrundakı oyunları da yüksək səviyyədə idarə etdiyi üçün mövsümün sonunda ikinci dəfə ölkənin bir nömrəli futbol hakimi seçildi.
1982-ci ildə FİFA-nın prezidenti Joao Avelanjın şərəfinə Meksikada yeniyetmələrin beynəlxalq turniri keçirilirdi. Turnirin hakimlər korpusuna Sovet İttifaqından yalnız Eldar Əzimzadə daxil edilmişdi. Finala SSRİ-nin milli komandası çıxdığı üçün təbii ki, Əzimzadə həmin matça hakimlik edə bilməzdi. O, üçüncü yer uğrunda Meksika - Avstraliya komandalarının oyununa hakimlik etdi və qarşılaşmanı qüsursuz başa çatdırdı. Həmin il xüsusilə yaddaqalan oldu. Çünki həmyerlimiz ilin sonunda üçüncü dəfə SSRİ-nin ən yaxşı hakimi elan edilib.


Son xəbərlər