Fərid Quliyev: “Polşa və Çexiyadan təklif almışam”

Fərid Quliyev: “Polşa və Çexiyadan təklif almışam”
XƏBƏR 16 May 2010 / 14:42 2409
-  A +

Ötən tur «Standard»ın Premyer Liqanı tərk edəcəyi rəsmiləşincə, sumqayıtlıların hücumçusu Fərid Quliyev də bombardirlər yarışında liderliyi ələ keçirdi. Təbii ki, belə olan təqdirdə diqqətlər həm də son vaxtlar mütəmadi olaraq milliyə dəvət alan futbolçunun üzərinə yönəldi. «Standard»ın Premyer Liqanı tərk etməsi hücumçunun növbəti mövsüm sumqayıtlıların sırasında olmayacağını diqtə edir. Bəs futbolçu özü nə düşünür, digər klublardan real təkliflər alıbmı? Fəridlə müsahibədə bu kimi suallara cavab tapa biləcsiz.
- Fərid, “Karvan” üzərində qazandığınız böyükhesablı qələbədən sonra vurduğun qollar səni bombardirlər yarışında lider etdi. Amma komandan birinci diviziona yuvarlandı. Hansı hissləri keçirirsən?
- Sözün düzü, hazırda vəziyyət çox üzücüdür. Artıq xeyli vaxtdı “Standard”ın şərəfini qoruyuram. Hətta mövsümü yeddinci pillədə başa vurmağı da bacarmışdıq. Ancaq bu il bizə nə olduğunu bilmirəm. Mövsümün əvvəlində gözlənilməz nəticələr aldıq. Autsayder olduq və sona qədər bu statusdan qurtula bilmədik. Sonda isə Premyer Liqanı tərk etdik. Buna görə çox üzülürəm. Ancaq bir tərəfdən də sevinirəm ki, bombardirlər yarışında ilk pilləyə qalxdım. Mənim bombardir olmağım elə komandanın adının qalxması deməkdir. Hələ qarşıda “Simurq”la oyunumuz qalıb. Həmin oyunda da fərqlənib sonda ilk pilləni tutmaq istəyirəm.
- Ancaq bir şey var ki, sən qolların çoxunu «ikinci altılıq»da vurmusan. Səninlə rəqabət aparan digər futbolçular isə «birinci altılıq»da oynayan klubların şərəfini qoruyurlar.
- Orası elədir. Ancaq çempionatımızda bütün komandalar yaxşı müdafiə olunur. Onun üçün qol vurmaq bir az çətinləşir. Məncə, birinci və ya ikinci “altılıq”da fərqlənməyin elə bir əhəmiyyəti yoxdur. Əsas qol vurmaqdır.
- İlk baxışdan güclü heyəti olduğu ehtimal edilən “Standard” Premyer Liqada yerini qoruya bilmədi. Sizə nə mane oldu?
- Düzdür, heyətimiz çox güclüdür. Hətta heyətə görə «ilk altılıq»da olan bəzi komandalardan da güclüyük. Ancaq bayaq dediyim kimi, mövsümün əvvəlindən komandada problemlər baş qaldırdı. Uğursuz oyunlar oynadıq. Çempionatın yarısında isə məşqçi dəyişikliyi baş verdi. Bütün bunlar uşaqların oyununa öz təsirini göstərdi. Həm də komandanın heyəti düzgün formalaşmadı. Bir çox futbolçular göndərildi. Belə olan halda, uğurlu oyunlar oynayıb qələbə qazanmaq da bir qədər müşkül məsələyə çevrilir.
- Tez-tez baş məşqçi Böyükağa Hacıyevlə futbolçular arasında insident baş verir. Bəlkə məşqçinin xarakteri komandanın uğursuzluğuna səbəb olub?
- Yox, elə fikirləşmirəm. Böyükağa Hacıyevi hamı tanıyır. Bilirlər ki, o, hər şeyə fikir verən bir insandır. Hansısa futbolçuda xoşagəlməz bir şey görsə, həmin an bunu bildirir. Bu kimi hadisələr də bəzən insidentə yol açır. Yerli futbolçularla baş məşqçimizin tez-tez belə problemləri olur. Şəxsən mən özüm bu kimi halların baş verməsinin əleyhinəyəm. O ki qaldı onun xarakterinə, bu haqda nəsə deyə bilmərəm. Çünki alınan uğursuzluqda hamının günahı var. Çempionatı tərk etməyimizin səbəbləri çoxdur. Hələ Premyer Liqa başa çatdıqdan sonra da bu haqda söz-söhbətlər olacaq.
- Ramal Hüseynov da belə insidentin qurbanı oldu. Onun komandadan qovulması sizə necə təsir etdi?
- Əlbəttə, pis təsir etdi. Azərbaycanlı uşaqların getməsinə sevinmək olar? Deyilənlərə görə, Ramal oyunda bilərəkdən oynamayıb. Ancaq mən onu yaxşı tanıyıram. O, heç vaxt belə hərəkətə yol verməz. Mən həmişə azərbaycanlı futbolçuların tərəfini tutmuşam. Bilirəm ki, komandadan göndərilməsi Ramala qarşı haqsızlıq oldu.
- Böyükağa Hacıyev “Standard”a gəldikdən sonra böyük dəyişikliklər oldu. Bir çox legionerləri komandadan qovdu. Əvəzində isə özünün bəyəndiyi legionerləri komandaya cəlb etdi. Ancaq bu dəyişikliklərin fonunda “Standard” Premyer Liqayla vidalaşdı. Olmazdı ki, həmin legionerlərin əvəzinə yerli, gənc futbolçulara şans veriləydi?
- Sizin sözünüzdə həqiqət var. Mən özüm həmişə istəmişəm ki, yerli gənc futbolçulara şans verilsin. Yaşlı legionerə pul verməkdənsə, öz futbolçularımızı yetişdirmək daha yaxşı olardı.
- Birinci divizionda oynayacaqsan?
- (gülür) Təbii ki, belə bir fikrim yoxdur. Amma heç “Standard”ın da birinci divizionda oynaması tam dəqiqləşməyib. Ola bilər ki, komanda Premyer Liqada qalsın.
- Yəqin çempionatın reqlamentiylə bağlı AFFA-nın verəcəyi qərarı nəzərdə tutursan.
- Bəli, onu nəzərdə tuturam.
- Reqlamentdən söz düşmüşkən, sən özün necə, «altılıq sistemi»nin qalmasının tərəfdarısan?
- Bu haqda nəsə demək mənim səlahiyyətimə aid deyil. Bu barədə AFFA nümayəndələri danışsa, daha yaxşı olar. Ancaq mənim fikrimcə, komandaların sayı artırılmalıdır. Klub nə qədər çox olsa, bir o qədər yerli, gənc futbolçular oynamaq şansı qazanacaqlar.
- Çox güman, artıq təkliflər alırsan, hə?
- Hə, təkliflər alıram. Amma hələ Premyer Liqanın başa çatmasını gözləyirəm.
- Səninlə hansı klublar daha ciddi maraqlanır?
- Bunu indidən deyə bilmərəm. Vaxtı gələndə biləcəksiz. Bir az səbr edin. Bilmək olmaz, bəlkə də “Standard”da qalası oldum.
- Qışda “Xəzər Lənkəran” və “Neftçi”nin səninlə maraqlanması haqda xəbərlər yayıldı. Hazırda isə flaqmandan bir çox futbolçular uzaqlaşdırılıb. Rəhbərliyin dediyinə görə, yerli futbolçuların transferinə üstünlük veriləcək. Bəlkə sən də onların transfer siyahısındasan?
- Nə bilim… Bayaq dediyim kimi, indidən dəqiq heç nə deyə bilmərəm. Danışıqlar aparacam. Hara mənə rahatdısa, harda mənim üçün uğurlu olacaqsa, ora da gedəcəm. Ancaq yenə deyirəm, getməyə də bilərəm.
- Mən səndən səmimi cavab istəyirəm: mövsüm başa çatdıqdan sonra “Standard”da qalacaqsan, ya yox?
- (bir az fikirləşir) Ola bilsin ki, “Simurq”la keçirəcəyimiz matç “Standard”ın heyətində son oyunum olsun.
- Özünün şəxsi menecerin var?
- Yoxdur. Ümumiyyətlə, Azərbaycanda tək-tük futbolçunun şəxsi meneceri var.
- Bəs özünü legioner kimi sınamaq istərdinmi? Xaricdən təkliflər var?
- Bəli, təkliflər var. Ölkələrin adını çəkməyəcəm. Ancaq mənimlə maraqlandıqlarını deyə bilərəm. Özüm isə hələ getmək istəmirəm. Burda oynayıb, səviyyəmi daha da artırandan sonra legioner həyatı haqda düşünmək olar.
- Heç olmasa, hansı komandaların səninlə maraqlandığı barədə ipucu da verə bilməzsən?
- Bunun sirr qalmasını istəyirdim. Bir halda ki, təkid edirsiz, ipucu verim. Hazırda Polşa və Çexiyadan təkliflər almışam. Ancaq hələ Azərbaycanda qalmaq istəyirəm.
- Bir az da yığmadan danışaq. Bundan sonra mütəmadi olaraq Berti Foqtsun etimadını qazana biləcəyinə əminsən?
- Hər şey özümdən asılıdı. Yaxşı oynasam, təbii ki, yığmaya çağırılacam. Milli hamımız üçün böyük önəm kəsb edir. Yığmada oynamaq, onun şərəfini qorumaqdan böyük heç nə yoxdu. Mən də bunun üçün çalışıram. İnşallah, qarşıdakı seçmə mərhələdə yığmamızın uğurlu çıxışı üçün əlimdən gələni edəcəm. - Yer aldığımız qrupda rəqiblərimiz çox güclüdü. Necə fikirləşirsən, müqavimət göstərə bilərik?
- Səfər oyunlarımız çox çətin olacaq. Xüsusən də Türkiyə və Almaniya yığmasına qarşı. Ancaq Bakıda bu rəqiblərin hamısını məğlub edə bilərik. Sadəcə, özümüzə inanıb, oyunumuzu oynamalıyıq.

Mənbə: "KomandA" qəzeti


Son xəbərlər