Aslan Kərimov: “Bizim boynumuzda Qarabağ yükü var”

Aslan Kərimov: “Bizim boynumuzda Qarabağ yükü var”
XƏBƏR 9 May 2010 / 14:12 2576
-  A +

Aslan Kərimovun futbolçu karyerası az qala müstəqil Azərbaycan futbolu ilə yaşıddı. 18 il! Zarafat deyil, 18 il az qala bir igidin ömrüdü. Aslan bu gün də meydanda gənclik şövqüylə mübarizə aparır. Amma buna baxmayaraq, futbolçu ömrünün qürubuna yaxınlaşdığını özü də duymamış deyil. Peşəkarlığı ilə daim başqalarına örnək olan Aslanla müsahibədə bir çox məqamlardan hali olacaqsız.

«Ramimi görəndən sonra bir daha əmin oldum ki…»

- Aslan, “Qarabağ” yenə də müzakirə obyektinə çevrilib. Ötənilki uğurdan sonra belə qeyri-sabit çıxışı normal qəbul etmək olar?
- «Qarabağ»ın müzakirə mövzusu olması normal haldır. Çünki Qarabağ adı bizim üçün çox doğmadır. Bütün futbol ictimaiyyətinin gözü bizdə olur. Hansısa bir uğursuzluq yaşayan kimi hamı bizdən danışır. Elə buna görə də  uğursuzluq olan kimi diqqət mərkəzinə düşürük. Ancaq unutmaq olmaz ki, hər bir komandada belə hallar baş verə bilər. Həmişə udmaq, qələbə qazanmaq mümkünsüzdür. Son vaxtlar qeyri-sabit çıxış etməyimizin də bir neçə səbəbi var. Əsas səbəblərdən biri doqquz futbolçumuzun millinin heyətində təlim-məşq toplanışlarında olmasıdır. Üstəlik millinin məşq sistemiylə «Qarabağ»ın sistemi uyğun gəlmir. Millidə əsasən futbolçuların fiziki hazırlığına diqqət verildiyi üçün kluba qayıdanda onlarda bəzi problemlər olur. Oyuna çıxanda futbolçuların oynamağa taqəti qalmırdı. Doqquz futbolçu yığmaya getdiyindən, komanda beş-altı nəfərlə məşq edirdi. Bu da bizim üçün problem yaradırdı. Axı komandanın bütün üzvləri bir yerdə məşq edə bilmirdi. Xüsusən də Quzanlıda “Bakı”ya 1:4 hesabıyla məğlub olduğumuz oyunda futbolçular fiziki cəhətdən çatdırmırdı. Onların yorğunluğu hiss olunurdu. Hətta rəqibin heyətində millinin toplanışına qatılan Fabio Luis Ramim də fiziki cəhətdən çatdırmırdı. Onu görəndən sonra bir daha əmin oldum ki, bu uğursuzluğun səbəbi millinin təlim-məşq toplanışlarıdır.
- “Bakı”yla oyundan söz düşmüşkən, son vaxtlar qapınızdan dörd top buraxmağınız yadına gəlir?
- Uzun müddətdi “Qarabağ”dayam. Ancaq yadıma gəlmir ki, nə vaxtsa bu qədər top buraxaq. Keçmişdə zəif oynadığımız dövrlər ola bilər. Onda dörd top buraxmaq diqqəti belə cəlb etmirdi. Ancaq son vaxtlar ilk dəfəydi ki, qapımızdan dörd top buraxırdıq. Bu cür məğlubiyyət bizim üçün də gözlənilməz oldu.
- Vaqif Cavadovun gedişinin uğursuzluqda heç bir rolu yoxdur?
- Mən elə fikirləşmirəm. Düzdür, onun özünəməxsus oyun üslubu var, komandaya çox xeyir verib. Ancaq bu uğursuzluqları onun gedişiylə bağlamaq düzgün olmazdı. Çünki Vaqifin yerinə Georgi Adamiya transfer olundu. Həmçinin, Əfran İsmayılov, Rauf Əliyev kimi futbolçularımız da onun mövqeyində oynayır. Hazırda Əfran formasının ən pik səviyyəsindədir. Bu futbolçular Vaqif Cavadovdan hec də geri qalmırlar. Bəzi hallarda bəlkə də ondan daha çox xeyir veriblər komandaya. Ona görə də müəyyən anlarda yaşanan uğursuzluğu Vaqifin gedişinə bağlamaq olmaz. Vaqif Cavadov burda qalsaydı belə, bu hal baş verə bilərdi.
- Amma “Qarabağ”ın hücumçu transfer etməməsi də bu uğursuzluqlarda rol oynadı…
- Mən belə fikirləşmirəm. Axı Georgi Adamiya transfer olundu.
- Adamiya sırf hücumçu deyil axı. Üstəlik o, əvvəlki formasından da çox uzaqdır.
- Adamiya əvvəlki formasından uzaq olsa da, son oyunlarda komandanı arxasınca apara bilir. O ki qaldı hücumçu transferinə, baxışda çoxlu legioner hücumçular olub. Onlar da yüksək səviyyəli olmadıqları üçün transfer olunmayıblar. «Qarabağ»a elə hücumçu lazımdı ki, səviyyəsiylə seçilsin. Ancaq belə futbolçu tapa bilmədik. Kalinkov, Çvetkov, Opara, Jaba, Poşkus kimi komandasını arxasınca aparan futbolçu tapsaydıq, transfer edərdik. Ancaq baxışda olanlar bu kriteriyalara uyğun gəlmədilər. 
- Rəhbərliklə futbolçular arasında olan danışıqlar zamanı uğursuzluqdan qurtulmaq üçün hansısa məsləhətləşmələr oldu? Qarşınıza hansısa şərt qoyuldu?
- Əvvəla, onu deyim ki, «Qarabağ»ın rəhbərliyi kimi rəhbərlik yoxdur. Onlar bizim üçün həm qardaş, həm dost, həm də rəhbərdilər. Başqaları kimi tənqid edib, «sizə pul verirəm, niyə uduzursuz» demirlər. Əksinə, hər məğlubiyyətdən sonra «başınız sağ olsun, bu futboldu, sıxmayın özünüzü» deyiblər. Uğursuzluq yaşayarkən rəhbərlik bizim üstümüzə gəlmədi. Düzdü, oturduq, «nədən oldu, niyə oldu»nu araşdırdıq. Ancaq prezident də həmişə komandanın arxasında olacağını bildirdi. Bütün bunlar futbolçuları ruhlandırdı. Nəticədə son oyunlarda bu dəstəyin boş yerə verilmədiyini sübut etdik.
- “Qarabağ” bu mövsüm avrokuboklardan kənarda qala bilər…
- Bunu son iki turun oyunları başa çatdıqdan sonra biləcəyik. Bizim boynumuzda Qarabağ yükü var. Bu adı yaşatmaq lazımdı. Həm də bu böyük məsuliyyətdi. Ən azı ada görə Avropaya getməyimiz lazımdı. Bunun üçün də son iki turda əlimizdən gələn hər şeyi etməliyik ki, istəyimizə nail olub, Qarabağımızın adını yaşadaq. Avropaya vəsiqə qazanmamaq bizim üçün böyük bir ayıb olar. Düzdü, digər klublarımız da bizim üçün əzizdi. Amma Qarabağ adının Avropada olması Azərbaycan üçün əlavə üstünlükdü.
- Ancaq yenə də vəsiqə qazanmamaq ehtimalı var...
- Təbii ki, var. Hələ qarşıda iki tur var. Turnir cədvəlinə baxsaq, görərik ki, istənilən nəticə ola bilər. Birinci yeri də tuta, sonuncu sıraya da düşə bilərik.

«Vəhabi hara, biz hara?»

- Son vaxtlar “Qarabağ”da dini qruplaşmaların olduğu deyilir. Hətta uğursuzluqda bunun da rolunun olduğunu deyənlər var. Bu nə dərəcədə həqiqətəuyğundur?
- Eşitmişəm bu haqda. Onu deyə bilərəm ki, tamamilə yanlış fikirlərdir. Futbolçular arasında güclü dostluq, qardaşlıq bağları var. Hətta bəzi klublar bizə həsəd aparırlar. Hamımız müsəlmanıq. Çox vaxt uşaqlarla yığışıb, namazı da birgə qılırıq. Bəzilərimiz şiə, digərləri isə sünni məzhəbinə qulluq edir. Amma sonda hamımız eyniyik, hamımız İslama qulluq edirik. Sünniləri bəzən vəhabi adlandırırlar. Ancaq həmin futbolçular da bunu eşidəndə «vəhabi hara, biz hara» deyib, gülürlər. Bir sözlə, sizi yüz faiz əmin edirəm ki, komandanın daxilində heç bir dini qruplaşma yoxdur. Hec vaxt da ola bilməz. Həm də bizim dini cəhətdən biliyimiz demək olar ki, sıfırdı. Din haqda heç nə bilməyən insan necə qruplaşma yarada bilər? Bunların hamısı uydurmadır. 
- Artıq 37 yaşın var. Karyeranı bitirməyi düşünürsən?
- (gülür) Futboldan ayrılmaq mənim üçün çox çətindir. Həm də oynadıqca özümdə güc hiss edirəm. Fikirləşirəm ki, hələ oynaya, komandaya kömək edə bilərəm. Ancaq nə vaxt gedəcəyimi dəqiq bilmirəm. Bu haqda konkret bir şey fikirləşə bilmirəm. Amma fikrim var ki, Avropa Liqasına düşə bilsək, onda qısamüddətli də olsa oynayım, komandama xeyir verim. Həm də hələ gücüm varsa, klubuma xeyir verə bilirəmsə, onda futboldan niyə gedim? Üstəlik baş məşqçi də mənə ehtiyacı olduğunu bildirir. Belə olan təqdirdə, futboldan getməyim yubana bilər.
- Eşitdiyimizə görə, xeyriyyəçilik işləriylə də məşğul olursan. Daha dəqiq desək, yeniyetmə futbolçulara kömək etdiyini eşitmişik.
- Bilirsiz, bu haqda danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, cüzi yardım etmişəm. Bunu da şişirtməyə dəyməz.
- Necə, hansı yolla kömək etmisən uşaqlara?
- Sumqayıtdakı yeniyetmə futbol məktəblərinin birinə aldığım məvacibdən top və digər ləvazimatlar alıb yollamışam.
- Nə qədər xərcin çıxdı buna?
- Çox da böyük məbləğ deyil. Hardasa 300-400 dollar.       
- Bəs başqa futbolçular da futbola yeni gələn və ehtiyacı olan uşaqlara kömək edirlərmi?
- Əlbəttə, edirlər. Düzdü, açıq-aşkar heç kim etmir. Ancaq şəxsən mən etmişəm, komandamızda oynayan bəzi futbolçular da yeniyetmələrə köməklik ediblər. Qapıçımız Fərhad Vəliyev futbola təzə gələn imkansız uşaqlara tez-tez əlcək bağışlayır.
- Georgi Hacı yaxınlarda Rumıniyada özünün futbol akademiyasını açıb. Azərbaycanlı futbolçular da bunu edə bilərmi? Demirəm akademiya açın. Ən azı balaca bir futbol məktəbi açıb, uşaqların ixtiyarına vermək olmazmı?
- Böyük məmnuniyyətlə edərdim. Ancaq çətin ki, buna imkanım çatsın. Çünki özünüz də yaxşı bilirsiz ki, Bakıda yer almaq çətindi. İcarə qiyməti çox baha olur. Özü də o yer böyük olmalıdı ki, orda meydança tikəsən. Etmək istərdim, ancaq aldığım məvaciblə bu mümkün deyil. Biləcəridə (Aslan Biləcəridə qalır) park var. Fikrim var idi ki, ordakı asfalt meydançada uşaqlar üçün müəyyən işlər görüm. Amma sonradan bildim ki, həmin ərazi Dəmiryolu İdarəsinin tabeçiliyindədi. Ona görə də alınmadı.
- Deyəsən, sən də futbolun sirlərini Biləcəridəki həmin asfalt meydançada öyrənmisən axı...
- Bəli, bu belədi. Futbolçularımızdan Bəxtiyar Musayevlə Rizvan Fərzəliyev də orda futbolun incəliklərini öyrəniblər.
- Bəs nə üçün Biləcəri kimi böyük qəsəbənin öz komandası yoxdu?
- Əslində, Biləcəri o qədər də böyük deyil. Biləcərini həvəskarlar Liqasında təmsil edən “Lokomotiv” adlı komandası var. Yəqin ki, gələcəkdə peşəkar komanda da yaranar.
- Şahin Diniyev millinin baş məşqçisi olanda sən yığmanın kapitanı, aparıcı üzvü idin. Nə əcəb Diniyev “Terek”ə keçəndən sonra səni öz yanına aparmadı?
- Bəlkə də apara bilərdi. Ancaq yaş o yaş deyil. Cavan olsaydım, yəqin ki, aparardı.

«Jurnalist olsaydım…»

- Neçə ildi “Qarabağ”ın şərəfini qoruyursan?
- 1992-1996 və 2001-2010-cu illər - fasilələrlə bu komandanın şərəfini qorumuşam. Hardasa 14 ilə yaxındı.
- İndiyə kimi vurduğun qolların sayını bilirsən?
- Düzünü desəm, bilmirəm. Hesablamaq da heç ağlıma gəlməyib.
- “Qarabağ”da gənc futbolçuların sayı çoxdu. Ancaq Aslan Kərimova görə ən istedadlısı kimdi?
- Konkret ad deyə bilmirəm. Belələri çoxdu. Rauf Əliyevi, Maksim Medvedyevi, Əfran İsmayılovu qeyd edə bilərəm.
- Qurban Qurbanovda bəyənmədiyin xüsusiyyət varmı?
- Sözün düzü, tez əsəbləşməyini bəyənmirəm. Səbrli insandı. Amma hərdən özündən tez çıxa bilir.
- Oyun vaxtı söyüş söyürsən?
- Bəli, söyürəm. Bilirəm, düz etmirəm. Ancaq insan hirslənəndə məcbur olur.
- Azərbaycanlı futbolçuların hamısı söyüş söyür, hə?
- Demək olar ki, çoxu - hardasa 90 faizi. Aramızda söyməyən Fərhad Vəliyev idi ki, o da son vaxtlar… (gülür).
 - Bax, mən düşünürəm ki, Vüqar Nadirov müdafiəçi olsaydı, komandaya daha çox xeyir verə bilərdi. Bəs sən necə düşünürsən?
- Yox, mən elə fikirləşmirəm. Məncə, Vüqar yarımmüdafiəçi olsaydı, daha yaxşı olardı.
- Fərhad Vəliyev və Kamran Ağayev: hansı daha yaxşı qapıçıdı?
- Hazırda hər ikisi millidə oynayır. Deməli, ikisi də yaxşıdı ki, milliyə çağırıblar.
- Jurnalist olmaq istərdin?
- Düzü, teleşərhçi olmağı daha üstün tutardım. Futbolçu karyeramı yekunlaşdırdıqdan sonra şərhçi olmaq istərdim.
- Jurnalist olsaydın, hansı futbolçudan müsahibə götürərdin?
- Əsasən üzdə olmayan, itib-batan futbolçular haqda yazardım.
- Rəşad Sadıqov Azərbaycanda cərimə zərbəsini ən yaxşı yerinə yetirən futbolçudu?
- Ən yaxşılardan biridi.
- “Qarabağ”ın təlim-məşq toplanışları zamanı otaq yoldaşın kim olur?
- Otaq yoldaşlarım tez-tez dəyişir. Hazırda isə Emin İmaməliyevlə qalıram.  

Mənbə: "KomandA" qəzeti


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib