Əmrah Çəlikəl: “Ən pis halda Avropa Liqasına vəsiqə qazanacağıq”

Əmrah Çəlikəl: “Ən pis halda Avropa Liqasına vəsiqə qazanacağıq”
XƏBƏR 21 Aprel 2010 / 18:08 1991
-  A +

“Qarabağ”ın direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi

- Əmrah bəy, komandanız son dövrlər heç də lazımi nəticələr qazana bilmir. Quzanlıda “Bakı”ya 1:4 hesablı məğlubiyyət bu uğursuzluqların pik nöqtəsi oldu. Belə vəziyyətə düşməyinizi klub rəhbərliyi olaraq, necə dəyərləndirərsiz?
- Təbii ki, belə vəziyyətlə üzləşməyimiz hər birimiz üçün arzuolunmazdı. Ancaq bu futboldu. Hər bir komandanın uğurlu dönəmi də olur, qara zolağa düşdüyü vaxt da olur. Təsnifat mərhələsində komandamız əslində pis çıxış etmirdi. Amma final mərhələsində məlum səbəblərdən işlərimiz heç də qaydasında getmir. Hazırda bütün fikrimizi məhz komandanı düşdüyü çətin vəziyyətdən çıxarmağa, “Qarabağ”ın əvvəlki qüdrətini geri qaytarmağa yönəltmişik. Ümidvaram ki, mövsümün qalan dövründə bu çətin vəzifənin öhdəsindən gələ biləcəyik.
- Məlum səbəblər deyərkən heyətin elə də geniş olmamasını nəzərdə tutursunuz?
- Təbii ki, bir sıra məqamlar var. Biz xeyli müddət öncədən bu uğursuzluqların səbəblərini özlüyümüzdə araşdırırıq, çıxış yolları tapmağa çalışırıq. Bəli, bu məqamlardan biri məhz heyətimizin geniş olmamasıdı. Futbolçularımızın oyunlara lazımi şəkildə hazırlaşa bilməməsi də öz təsirini göstərir. Millinin toplanışlarından sonra az problemlərlə üzləşmirik. Digər tərəfdən zədəlilərimizin çoxluğu da uğur qazanmaq yolunda əsas əngəllərimizdəndi. Bütün bunları hər gün öz aramızda müzakirə edirik, komandadakı ab-havanı, psixoloji durumu yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik.
- Yeri gəlmişkən, “Qarabağ” cari mövsümdə zədədən ən çox əziyyət çəkən komandalardan biridi. Sizcə, hər oyun ərəfəsində bu qədər zədəlinizin olması nədən irəli gəlir?
- Özünüz bilirsiz ki, bizim oyunçular hər matçda uğur qazanmaq üçün əllərindən gələni əsirgəmirlər. Qələbə qazanmaq üçün var güclərini meydanda qoymağa çalışırlar. Bu da komandamızın mübarizlik ruhunun nə dərəcədə yüksək olmasının göstəricisidi. Düşünürəm ki, futbolçularımızın tez-tez zədələnməsi də yalnız mübarizliklərinin nəticəsidi. Futbolçu meydanda heç nəyi düşünmədən, yalnız uğur qazanmaq üçün vuruşanda, istər-istəməz zədə alacağını unudur. Digər tərəfdən rəqib komandalar, oyunçular da “Qarabağ”ın üzvlərinə qarşı fərqli mübarizə aparırlar. Belə olan halda zədə halları da qaçılmaz olur. Bir sözlə bunda başqa hansısa səbəb axtarmaq lazım deyil. Məşq prosseslərimiz, fiziki hazırlıqlarımız öz qaydasında, yüksək səviyyədə həyata keçirilir. Diqqət yetirsək, zədəli oyunçularımızın əsasən matç zamanı belə aqibətlə üzləşdiyini görərik. Yəni məşqlərdə zədələnmə halları çox təsadüfi hallarda baş verə bilər.
- Artıq çempionluq şansınızın əldən çıxmasıyla barışmısızmı?
- Real yanaşsaq, bəli çempionluq şanslarımız çox azdı. Amma tam əldən çıxmayıb. Çünki Premyer Liqa elə formatda keçirilir ki, son oyunlarda ardıcıl qələbələr qazansaq, çox şeyə nail ola bilərik. Mənim fikrimcə, hazırki vəziyyətdə çempionluq 60 faiz əlimizdən çıxmış kimi görünür. Ancaq 40 faiz şansımız var və bu şansdan yararlanmaq üçün sonadək döyüşməliyik.
- Son nəticələriniz isə belə görüntü yaradır ki, ötən yay avrokuboklarda tarix yazan “Qarabağ” bu dəfə qitəmiqyaslı yarışlara da vəsiqə qazana bilməyəcək…
- Bu belə davam edə bilməz. İstənilən halda özümüzü toparlayıb, son 4 turda qələbə qazanmağa, ən azı ilk dörd komanda sırasında yer almağa çalışacağıq. İlk 3 komanda sırasına düşmək şansımız da var. Amma bina nail ola bilməyəcəyimiz təqdirdə ilk “üçlük”də qərarlaşan klublardan hansınınsa ölkə kubokuna yiyələnməsini arzulamaq məcburiyyətində qalacağıq. Düşünürəm ki, ən pis halda Avropa Liqasına vəsiqə qazana biləcəyik. Çünki ötən mövsüm Azərbaycanı Avropada ən yaxşı şəkildə təmsil etməyə çalışan “Qarabağ” bu il də azarkeşlərinə həmin sevinci yaşatmaq arzusundadı.
- Qarşıda sizi “Qəbələ”ylə duel gözləyir. Komandanızın bu qarşılaşmada qələbə şansını necə dəyərləndirirsiz?
- Komanda hər bir oyuna olduğu kimi, “Qəbələ”ylə qarşılaşmaya da ciddi hazırlaşır. İnanıram ki, nəhayət bu oyunda, doğma azarkeşlərimizin gözü qarşısında qələbə qazanaraq, qalan oyunlar ərəfəsində düşərgədəki əhval-ruhiyyəni düzəldə biləcəyik. Məncə, bu matçda qələbə qazansaq, davamı da gələcək.
- Artıq mövsümün sonudu. Bəzi komandalar yeni mövsümün planlarını cızmağa başlayıb. Siz özünüz də etiraf edirsiz ki, heyətiniz elə də geniş deyil. Bu səhvinizi aradan qaldırmaq, komandanın sıralarını genişləndirmək üçün planlarınız varmı?
- Təbii ki, yeni mövsümlə bağlı bir sıra planlarımız var. Özünüz də bilirsiz ki, “Qarabağ” rəhbərliyi olaraq, hər zaman komandanın problemlərinin həlli yolunda əlimizdən gələni edirik. “Azersun” şirkəti həmişə komandanın yanındadı. Amma hələ konkret heyəti gücləndirməklə bağlı söhbətimiz olmayıb. Bu haqda danışmaq tezdi. İnşallah mövsüm bitəndan sonra klubun idarə heyəti, baş məşqçi bir araya gəlib bu məsələləri müzakirə edəcəyik. Onda kimlər lazım olsa, baş məşqçinin istəyinə uyğun olaraq, sıralarımıza qatmağa çalışacağıq. Sadəcə bir şeyi deyə bilərəm ki, “Qarabağ” yenə azərbaycanlı, gənc oyunçuları heyətinə qatmaq prinsipinə, siyasətinə sadiq qalacaq.
- Bəs heyətdəki oyunçulardan kimlərinsə getmək təhlükəsi yoxdu?
- Xeyr. Elnur Allahverdiyevin komandamızdan ayrılmaq istəyi var idi, onunla ortaq məxrəcə gələ bildik. Rəşad Sadiqovun yayda müqaviləsinin müddəti başa çatırdı. İki ay öncə onunla da müqavilənin müddətini iki illiyə artırmışıq. Yəni tam əminliklə deyə bilərəm ki, hazırda “Qarabağ”da top qovan oyunçuları növbəti mövsümdə də komandada görə biləcəksiz. Yalnız bir istisna ola bilər ki, futbolçularımıza xarici klublardan sərfəli təklif gəlsin. Məsələn, Rəşad Sadıqova hələ də xarici klublardan zənglər, dəvətlər gəlir. Yəqin ki, sərfəli təklif olsa, Rəşad gedəcək. Amma ölkədə qalmalı olsa, elə “Qarabağ”da forma geyəcək.

 


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu