Zeynal Məmmədov: “Bu çempionatda “Bakı”nın başına çox oyun açıblar”

Zeynal Məmmədov: “Bu çempionatda “Bakı”nın başına çox oyun açıblar”
XƏBƏR 21 Aprel 2010 / 16:59 2057
-  A +

«Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun müsahibəsi


- Zeynal müəllim, Quzanlıda “Qarabağ”ı böyük hesabla məğlub etməyiniz sizin üçün gözlənilməz olmadı?
- Açığını deyim, gözlənilməz oldu. Amma hesabın bu cür olması o demək deyil ki, “Qarabağ” zəif oynadı. Qətiyyən belə deyil. “Qarabağ” da güclü, səviyyəli komandadır. Sadəcə, biz onların səhvlərindən maksimum yararlandıq.
- Konkret hansı səhvləri nəzərdə tutursunuz?
- Rəqibin buraxdığı boşluqları nəzərdə tuturam. Yəni bunu səhv də adlandırmaq olmaz. çünki hesabda geri olan komanda həmişə riski göz önünə alıb, böyük qüvvə ilə irəli atılır. “Qarabağ” da belə elədi. Hesab 2:1 bizim xeyrimizə olarkən Qurban Qurbanov etdiyi əvəzləmələrlə komandanı daha da irəli apardı. Məsələn, müdafiəçi Maksim Medvedevin yerinə meydançaya Emin İmaməliyevi buraxdı. Biz də bilirdik ki, belə olan halda rəqibin müdafiəsində mütləq boşluqlar yaranacaq və gərək həmin boşluqlardan maksimum istifadə edək. Nəticədə seçdiyimiz taktika özünü doğrultdu. Şoliçin qolu, demək olar ki, hər şeyi həll etdi. “Qarabağ”ın futbolçuları da başa düşdülər ki, 3:1-dən sonra maksimum 1 qol vura bilərlər. Rəqibin düşərgəsindəki ruh düşkünlüyündən istifadə edib, son dəqiqələrdə 4-cü qolu da vurmağa nail olduq. Amma etiraf edim ki, hesab 2:1 bizim xeyrimizə olanda onların 2 real qol imkanları oldu. Əgər fərqlənə bilsəydilər, sonradan daha bir top vurub qələbə də qazana bilərdilər.
- Deyilənə görə, bu qələbə münasibətilə klubun prezidenti Hafiz Məmmədov futbolçulara böyük məbləğdə mükafat verib...
- Yox, bu, düzgün informasiya deyil. çünki “Qarabağ”la qarşılaşma bizim üçün adi bir çempionat matçı idi və bu oyunda qazanılacaq qələbəyə görə xüsusi mükafat təyin edilməmişdi.
- Bundan 3 tur öncə heç kim “Bakı”nı çempionluğa namizəd saymırdı. Ancaq Ağdamdakı qələbə sayəsində liderlə aranızdakı xal fərqini ikiyə endirdiniz. Bundan sonrası haqqında nə düşünürsünüz?
- Ancaq və ancaq irəli baxacağıq. Komandada əhvali-ruhiyyə xeyli yüksəkdir. Cəmi 4 oyunumuz qalıb. Əgər həmin oyunları da belə keçirsək, inanıram ki, çempion olacağıq.
- “Qarabağ”la oyundakı hakimlik sizi razı saldımı?
- İlk hissədəki idarəçilikdən razı qalmadıq. çünki bir neçə epizodda Jabaya qarşı aşkar kobudluq olsa da, hakim bunlara göz yumdu. çoxları elə bilir ki, Jaba çox şeyi simulyasiya xatirinə edir. Amma Ağdamda, həqiqətən də, onun ayağına çox zərbə vurdular. Hakim isə yalnız 60-cı dəqiqədə vərəqəyə əl atdı. Bundan başqa, referi xırda səhvlərə də yol verdi, bəzi epizodlarda oyunun tempini aşağı salan qərarlar qəbul etdi. Bununla belə, nəticəyə təsir edəcək səhvə yol vermədi. ümumilikdə isə onun idarəçiliyindən narazı qalmadıq.
- Bir neçə tur öncə belə bir açıqlama vermişdiniz ki, “Bakı”nı yuxarı qalxmağa qoymurlar”. Bununla hakimlərin sizə qarşı qərəzli münasibətini nəzərdə tutmuşdunuz. Ancaq hazırda liderdən cəmi 2 xal geri qalırsınız. Buradan belə fikir yarana bilər ki, Zeynal Məmmədov xal itirəndə hakimdən narazı, udanda razı qalır...
- Yox, bilirsiniz necədir? Necə deyərlər, kor-kor gör-gör. Bəli, “İnter”lə oyundan sonra həmin fikirləri səsləndirmişəm. Çünki həmin oyunda hakim, bəlkə də, bizim qələbəmizi əlimizdən alan qərar verdi. Hesab 1:1 olarkən son dəqiqələrdə Venyo qapıçı ilə təkbətək çıxdı. Bu zaman hakim oyundankənar vəziyyət qeydə aldı. Halbuki həmin epizodda oyundankənar vəziyyətdən söhbət belə, gedə bilməzdi. Sonradan səbəbini soruşdum, dedi ki, “Jaba məni karıxdırdı”. Mən başa düşmürəm, “Jaba məni karıxdırdı” nə deməkdir? Mən demirəm ki, Venio yüz faiz qol vuracaqdı. Bəlkə, qapıçı qaytaracaqdı, nə bilmək olar? Amma iş ondadır ki, oyundankənar vəziyyət olmaya-olmaya, niyə belə qərar verirsən? Bilirsiniz, açıq-aşkar hiss olunurdu ki, həmin oyunu sanki heç-heçəyə doğru dartırlar. Olan şeyi demək lazımdır də. Bu çempionatda “Bakı”nın başına çox oyunlar açıblar. Hansında ağzımızı açıb bir kəlmə demişik? Əksinə, həmişə ağzımıza su alıb susmuşuq. Amma “İnter”lə oyunda əsəblər tamam tarıma çəkildi. “Qəbələ” ilə görüşdə də xal itirdik. özü də evdə. Onda niyə narazılıq etmədik? çünki günah özümüzdə idi. Həmin oyunda hesabda 1:0 öndə olarkən epizodların birində Bəxtiyar Soltanov real şansı qaçırdı. Elə o anda dedim ki, qələbəni əldən verəcəyik. Halbuki matçın hələ 60-cı dəqiqəsi gedirdi. Amma futbolun yazılmamış qanunu var: Sən vurmasan, sənə vuracaqlar. “Qəbələ” ilə matçda da biz vurmadıq, sona yaxın “Qəbələ” vurdu və nəticədə 1 xal itirdik.
- Növbəti turda lider “Xəzər Lənkəran” ikinci pillənin sahibi “İnter”lə qarşılaşacaq. Bu isə o deməkdir ki, “Neftçi”ni məğlub edəcəyiniz təqdirdə ən azı bir pillə yüksələcəksiniz. Əgər rəqibləriniz xalları yarı bölsələr, zirvəyə də qalxa bilərsiniz. Bu mənada demək olar ki, bu tur “Bakı” üçün böyük əhəmiyyət daşıyacaq...
- Bəli, biz də növbəti tura dönüş nöqtəsi kimi baxırıq. Yəni həlledici məqam olacaq. Bütün komanda olaraq bunun məsuliyyətini dərk edirik. çalışacağıq ki, “Neftçi” ilə oyunda 3 xalı aktivimizə yazaq. Bir də inanmaq istərdim ki, ədalətli hakimlik olacaq.
- Maraqlıdır, əgər “Bakı” bu mövsüm də çempion olsa, o zaman baş məşqçi məsələsi necə olacaq? 2006-cı ildəki hadisə təkrarlana bilərmi? O vaxt Böyükağa Hacıyevi də müvəqqəti baş məşqçi təyin etmişdiniz. Lakin sonda komanda çempion oldu və Hacıyevlə müqavilənin müddəti uzadıldı...
- Bəli, hər şey mümkündür. Əgər komanda çempion adını qazansa, o zaman hazırkı  məşqçilər korpusu ilə yolumuza davam etməyimiz mümkündür.
- Amma gəlin etiraf edək ki, qış transfer dönəmində gələn legionerlər özlərini doğrultmadılar və komandanın yükünü elə Haciyevskinin dövründə transfer olunan Jaba, Şoliç kimi futbolçular çəkməkdədirlər...
- Mən Haciyevskinin “Bakı”nın uğurlarındakı əməyini həmişə qeyd etmişəm. Bülənt Qorzmazın da əməyini yerə vurmaq istəmirik. Düzdür, onun dövründə transfer olunan Adriano özünü doğrulda bilmədi. Ancaq Adnan Bərəkət, Venyo və Gurşad Duymuş son vaxtlar yüksək səviyyəli oyunları ilə komandanın uğurlarına öz töhfələrini verirlər.
- Bu arada Jabanın yayda Türkiyə Superliqasına qayıdacağına dair Türkiyə mətbuatında yayılan məlumatlara sizin də münasibətinizi bilmək maraqlı olardı...
- Bunların heç birindən Jabanın xəbəri yoxdur. Onunla bu haqda söhbətim oldu, mənə “Bakı”da qalmaq istədiyini dedi. O, Türkiyə mətbuatında yazılanları təkzib etdi. O ki qaldı onun komandada qalıb-qalmayacağına, biz heç kimi zorla komandada saxlamaq fikrində deyilik. Kim qalmaq istəsə, onunla danışıqlarımızı davam etdirəcəyik və qalması üçün hər cür şərait yaradacağıq. Getmək istəyənin isə qarşısında durmaq fikrimiz yoxdur.
- Fabio Luis Ramimlə bağlı da analoji xəbərlər dolaşır. Rusiya mətbuatının yaydığı məlumata görə, onunla bu ölkənin Premyer Liqa klubları maraqlanırlar. Hətta deyilənə görə, onlar “Bakı” - “Xəzər Lənkəran” matçını tribunadan izləyiblər...
- Vallah, bu haqda məndə heç bir məlumat yoxdur və Rusiya mətbuatının nə yazdığını da bilmirəm. Onu bilirəm ki, əgər həqiqətən də ciddi surətdə belə bir şey olsaydı, o zaman kluba rəsmi məktub gələrdi. Belə məktub isə bizə daxil olmayıb. Deməli, yayılan informasiyaları ciddi qəbul etmək lazım deyil.
- Növbəti mövsümdə Azərbaycan çempionatının hansı reqlamentdə keçirilməsi də hazırda qızğın müzakirə mövzusudur. Siz hansı sistemi təklif edirsiniz?
- Onu dəqiq bilirəm ki, hazırkı format uğurlu deyil və onu mütləq dəyişmək lazımdır. Düzdür, ilk “altılıq”da gərgin mübarizə gedir, azarkeşlərin burada keçirilən oyunlara böyük marağı var. Bəs ikinci “altılıq”? Oradakı oyunlara heç kim maraq göstərmir. Mən təklif edirəm ki, 10 komanda dörd dövrəli sistemdə mübarizə aparsın.
- Deməli, böyük əksəriyyətin dəstəklədiyi “komandaların sayı artırılmalıdır” fikrini siz qəbul etmirsiniz?
- Bilirsiniz, sayı artıraq e, amma gəlin baxaq, görək həmin komandaların maddi durumları yüksək liqada mübarizə aparmağa imkan verəcəkmi? Kimsə autsayder olacaq, liderlərə müqavimət göstərə bilməyəcək. Ancaq 10 komandanın iştirakı ilə dörd dövrəli çempionat keçirilsə, hamı eyni gücdə olacaq və çempionat da maraqlı keçəcək.
- 10 komandanın tez-tez bir-biri ilə qarşılaşması darıxdırıcı olmayacaq ki?
- Məncə, olmayacaq. Əksinə, oyunlar gərgin mübarizə şəraitində keçəcək.

Mənbə: “Çempion-Azərbaycan” qəzeti


 

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu