Ruslan Əmircanov: "Əvəzlənməyə görə məşqçiyə irad tutmazlar"

XƏBƏR 19 Aprel 2010 / 18:50 2259
-  A +

“İnter”lə qarşılaşmada “Neftçi”nin start heyətində 6 yerli futbolçu meydançaya çıxmışdı. Onların arasında uzun müddətdir ilk “onbirlik”dən kənarda qalan Ruslan Əmircanov da var idi. Adətən müdafiənin sağında görməyə adət etdiyimiz Əmircanov sol cinahda oynamasına baxmayaraq, işinin öhdəsindən layiqincə gəldi. Biz də matçdan sonra onunla söhbətləşib, həm “İnter”lə oyun, həm də digər məsələlər ətrafında münasibətini öyrəndik.

- Əvvəlcə oyunla bağlı fikirlərini bildirəydin...
- Çətin oyun oldu. “İnter” bu görüşə kimi 1-ci yerdə gedirdi. çox güclü komandadır. İndiyə kimi cəmi 1 dəfə “İnter”ə qalib gəlib, 1 dəfə də heç-heçə etmişik. Qalan oyunlarda isə məğlub olmuşuq. Matça ciddi hazırlaşmışdıq. Avrokuboklara vəsiqə qazanmaq üçün bu, bizim son şansımız idi. Məğlub olacağımız təqdirdə işimizi çətinləşdirəcəkdik. Allaha çox şükür, qələbə qazandıq. Cavidin qolu bizə vacib 3 xal qazandırdı.
- Səncə, “Neftçi” nəyin hesabına qələbə qazandı?
- Bizdə qələbə istəyi daha çox idi. Belə baxanda başabaş oyun getdi. Həm bizim, həm də “İnter”in qol imkanları oldu. Deyə bilmərəm ki, “İnter” bizdən zəif oynadı. Sadəcə rəqib qol vəziyyətlərini dəyərləndirə bilmədi. Biz isə əldə etdiyimiz imkanlardan birini qola çevirərək, qələbəni təmin etdik.
- Oyundan sonra keçirilən mətbuat konfransında Arif Əsədov maraqlı fikir səsləndirdi. O bildirdi ki, “uşaqlara dedim, nə qədər bir komandaya uduzmaq olar? Çıxın bu dəfə qələbə qazanın”. Yəqin ki, Əsədovun bu sözləri oyun öncəsi sizə əlavə motivasiya vermişdi...

- Düzdür, Arif müəllim oyundan əvvəl bizimlə ciddi söhbət etdi və “İnter”ə bir neçə dəfə məğlub olduğumuzu xatırlatdı. Həqiqətən də bu komanda ilə qarşılaşanda çox vaxt oyunumuz alınmır. Bizi ölkə kubokundan da kənarlaşdıran məhz “İnter” olmuşdu. Bu mənada, Arif müəllim bizdən çıxıb “vuruşmağı” və qələbə qazanmağı tələb etdi. Biz də bu çətin missiyanın öhdəsindən gələrək, onun ümidlərini doğrultduq.
- Uzun müddətdən sonra səni əsas heyətdə gördük. Öz oyunundan razı qaldın?
- Əlimdən gələni etdim. Nə pis oynadım, nə də super. Uzun müddət sağ cinahda çıxış etdiyimdən, solda oynamaq mənim üçün müəyyən mənada çətindir. Düzdür, peşəkar futbolçu üçün cinahın heç bir fərqi yoxdur. Mən Vaqif Sadıqovun vaxtında da lazım gələndə müdafiənin solunda çıxış edirdim. Getdikcə solda oynamağa alışıram.
- Matçdan sonra Arif müəllim sənə oyununla bağlı bir söz dedimi?
- Oyundan sonra Arif müəllim soyunub-geyinmə otağında hamını təbrik etdi. Bütün uşaqları öpüb, “çox sağ ol” dedi. Ayrıca olaraq mənimlə söhbəti olmadı. Arif müəllim oyundan qabaq demişdi ki, “sənə güvənirəm”.
- “İnter”lə qarşılaşmada “Neftçi”nin əsas heyətində 6 azərbaycanlı futbolçu yer almışdı. Bu nəyin əlamətidir?
- Bu onu göstərir ki, yerli fubolçular “İnter”lə oyuna daha çox hazır olublar. Məşqçi baxıb görür kim hazırdır, ona da şans verir. Bizim komandada adlar rol oynamır. Futbolçunun yerli və ya əcnəbi olmasının önəmi yoxdur. Kim formadadırsa, o da əsas heyətdə yer alır. Oyundan öncə klub prezidentimiz də soyunub-geyinmə otağında bizə güvəndiyini və qələbə gözlədiyini bildirdi. Biz yerli futbolçular da sözü bir yerə qoyub, təbii ki, legionerlərlə birgə qələbə andı içdik.
- Oyundan bir neçə gün öncə “Neftçi” rəhbərliyi bütün futbolçuları məsuliyyətsizlikdə günahlandırıb, cərimələmişdi. Necə düşünürsən, rəhbərliyin sərt addımı bugünkü nəticədə rol oynadımı?
- Bundan öncəki 2 oyunu, həqiqətən də, zəif keçirmişdik. Cərimə ilə bağlı bir söz demək istəmirəm. Rəhbərlik belə məsləhət görüb. Mənim işim başımı aşağı salıb, futbol oynamaqdır. Dedilər ki, bütün futbolçulara cərimə kəsilib. Rəhbərliyin bu addımından nəticə çıxarmaq lazım idi. Görünür, cərimələnməyimiz haradasa bizim xeyrimizə olub. üzərimizdə daha çox məsuliyyət hiss edib, çıxıb “İnter”ə qalib gəldik. Axı nəyə görə biz digər komandalara uduzmalıyıq? Onların da 1 başı, 2 ayağı var, bizim də. Yəni heç kimdən zəif deyilik.
- “İnter”lə oyunda Arif müəllim Aliutanı sonradan meydançaya daxil etməsinə baxmayaraq, bir neçə dəqiqə sonra əvəzlədi. Qərardan narazı olan Marian meydançanı əks tərəfdən tərk etmək istəsə də, siz ona imkan vermədiniz. Maraqlıdır, oyundan sonra Aliutanın vəziyyəti necə idi?
- Həmin epizodda Aliutaya dəstək olan futbolçulardan biri də mən idim. Meydançanı tərk edəndə ona dedim ki, həvəsdən düşmə, məşqçi taktiki gediş edir. O ki qaldı oyundan sonrakı vəziyyətə, qələbə qazananda hər şey yaddan çıxır. Qələbə bütün küsülüləri barışdırır. Aliuta soyunub-geyinmə otağında bizimlə birgə qələbəni bayram etdi. Yəni küsülü olmasını hiss etdirmədi. Bir də ki, əvəzlənməyə görə məşqçiyə irad tutmaq düzgün deyil. Məni də əvəzləsəydi, sakitcə meydançanı tərk edəcəkdim. Düzdür, Aliuta oyuna sonradan daxil olmuşdu və buna görə məşqçinin qərarı ilə razılaşmadı. Ancaq istənilən halda məşqçinin qərarı hər şeydən önəmlidir. Belə şeyə görə etiraz etmək yersizdir.
- Növbəti turda sizi “Bakı” ilə çətin oyun gözləyir. Hansı nəticəyə ümid edirsən?
- “Bakı” son vaxtlar yaxşı formadadır. Bu tur onlar “Qarabağ”ı böyükhesablı məğlubiyyətə uğratdılar. Həqiqətən də “Bakı” baxımlı futbol sərgiləyir. Ancaq bu bizi qorxutmur. Azərbaycan çempionatında elə bir klub yoxdur ki, digərindən iki baş üstün oynasın. Bəlkə də “İnter”lə oyun öncəsi çoxları bizim məğlub olacağımızı düşünürdü. Zaman bizim “İnter”ə qalib gəlmək gücündə olduğumuzu göstərdi. “Bakı” ilə qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq.
- Səncə, “Neftçi” avrokuboklara vəsiqə qazana biləcəkmi?
- Məqsədimiz budur. Qalan 4 oyunda 12 xal toplasaq, avrokuboklara vəsiqəni təmin edə bilərik. Artıq geriyə yolumuz yoxdur. Yalnız və yalnız qələbə qazanıb, irəliyə doğru addımlamalıyıq. 
- Növbəti mövsümdə “Neftçi”ni Arif Əsədovun çalışdırmağını istərdin, yoxsa yeni məşqçiyə ehtiyac var?
- Buna rəhbərlik qərar verəcək. Hamı Arif müəllimlə yola gedir. Perspektivli məşqçidir, bundan əlavə həm də yaxşı insandır. Məncə, Arif Əsədov “Neftçi”ni çalışdırmağa layiq mütəxəssisdir. Yerli futbolçulara güvənir. Bu yaxınlarda açıqlamasında da bildirib ki, bundan sonra öz futbolçularımıza daha çox güvənəcək. Şəxsən mən istəmərəm ki, Arif müəllim mövsümün sonunda “Neftçi”ni tərk etsin.
- Berti Foqts səni yığmanın seleksiya xarakterli təlim-məşq toplanışına dəvət edib. Yenidən yığmaya çağırılacağını gözləyirdin?
- Foqts yığmamıza ilk gəldiyi vaxtlarda mənə dəvət göndərmişdi. Həmin vaxt özümü tam olaraq göstərə bilməmişdim. Ona görə də sonrakı toplanışlarda məni milliyə çağırmadı. Budəfəki dəvətini daha çox sevinclə qarşıladım. Milliyə çağırıldığıma görə şadam. Kim bu gün güclüdürsə, Foqts onu yığmaya çağırır. çalışacağam ki, millinin heyətində möhkəmlənim. Növbəti dəfə seleksiya xarakterli toplanışa yox, əsas təlim-məşq toplanışına dəvət almaq istəyirəm.

Mənbə: "Çempion-Azərbaycan" qəzeti


Son xəbərlər