Şahin Diniyev: “Bizim klublar düzgün siyasət aparmır”

Şahin Diniyev: “Bizim klublar düzgün siyasət aparmır”
XƏBƏR 16 Aprel 2010 / 11:46 2117
-  A +

Şahin Diniyev artıq 1 il 4 aydır ki, Qroznının “Terek” komandasında fəaliyyət göstərir. Diniyev əvvəlcə bu klubun əvəzedici heyətini çalışdırıb. Vyeçeslav Qroznının istefasından sonra əsas heyətin baş məşqçisi təyin olunub. Fəaliyyəti rəhbərliyi qane etdiyindən əsas heyətdə saxlanılıb. 44 yaşlı mütəxəssis hazırda “Terek”də baş məşqçi Anatoli Baydaçnının birinci köməkçisi funksiyasını yerinə yetirir. Diniyevin komandası Rusiya Premyer Liqasının 5 turundan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qroznılılar keçirdiyi 5 oyunun 2-də qələbə qazanıb, 2-də heç-heçə edib, 1 görüşdə meydançanı məğlub tərk ediblər. Komanda ilk məğlubiyyətini ötən turda Moskva “Spartak”ı ilə oyunda alıb. Diniyev bu matçdan sonra 1 günlük vətənə qayıdıb.


- Geridə qalan turda “Spartak”a uduzdunuz. Səviyyə fərqi çox qabarıq şəkildə özünü göstərdi?
- Əlbəttə, “Spartak” köklü klubdur, onlara qarşı oynamaq çətindir. Moskvada keçirilən oyunda rəqibimizi çox sayda azarkeş dəstəkləyirdi. Buna rəğmən, hesabı biz açdıq. Təəssüf ki, komandada sonradan “boşalma” oldu. Qolun birini özümüz öz qapımıza vurduq, digərini isə 89-cu dəqiqədə buraxdıq. çox acınacaqlı məğlubiyyətə uğradıq. Fikrimcə, rəqiblə başabaş mübarizə apardıq. Hətta 3 xalla qayıtmaq imkanımız da var idi.
- Komandanız heç də pis çıxış etmir. Maraqlıdır, rəhbərlik qarşınıza hansı məqsədləri qoyub?
- Biz çempionata yaxşı hazırlaşmışıq. Həm Antalyada, həm də Rusiyada təlim-məşq toplanışları keçib, yoxlama oyunlarında qüvvəmizi sınamışıq. Təbii ki, rəqiblər də boş oturmayıblar. Bizdən fərqli olaraq, gurultulu transferlər ediblər. Biz isə tanınmış legioner və ya yerli futbolçu dəvət etmədik. Sadəcə, əvəzedici heyətdən gələnlərlə kifayətləndik. Biz çeçenistan futbolunun tərəqqisi üçün çalışırıq. Yəni Premyer Liqada konkret hədəfimiz yoxdur. Nə çempion olmaq şansımız, nə də birinci diviziona düşmək təhlükəmiz var.
- Oğlunuz Kərim əvəzedicilərin çempionatında mütəmadi oynayır. Onun əsas heyətə yüksəlmək şansı varmı?
- Əvəzedici heyətdə oynayan hər bir futbolçu əsas heyətin potensial üzvüdür. Kərimin oynaması yaxşı hadisədir. Əlbəttə, üzərində daha çox işləsə, niyə də olmasın? Ona hər hansı bir xüsusi diqqət yoxdur. Bütün futbolçulara eyni gözlə baxılır.
- Artıq bu ildən Azərbaycanı Premyer Liqada sizinlə yanaşı, Mahir Şükürov da təmsil edir. Onun çıxışı Rusiya futbol ictimaiyyətində necə fikir formalaşdırıb?
- Mahir Şükürov Dağıstanda, mən Çeçenistanda oluram. Aradakı məsafə uzaqdır. Onunla görüşmək imkanımız olmayıb. Əlbəttə, oynaması yaxşıdır. Əgər mütəmadi meydançaya çıxıb oynayırsa, deməli, yaxşı formadadır. Hər halda, Rusiya çempionatı Azərbaycan çempionatından kəskin şəkildə fərqlənir. Uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyac var.
- Bildiyimizə görə, “Terek”lə müqavilənizin müddətini artırmısınız. Sirr deyilsə, daha neçə ilə Rusiyada işləyəcəksiniz?
- 2009-cu il yanvarın 1-dən etibarən Rusiyadayam. Buradakı şərait, futbola münasibət məni razı salır. Antalya toplanışından öncə rəhbərliklə söhbətimiz olmuşdu. Artıq yeni müqaviləyə qol çəkmişəm. İnşallah, daha 3 il “Terek”dəyəm. Burada əsas komandanın məşqçi heyətində yer almaqla yanaşı, futbol akademiyasına da rəhbərlik edəcəyəm.
- Yəni siz daha 3 il ölkə xaricində çalışacaqsınız...
- Mən futbolçu kimi də “Terek”də oynamışam. Orada məni sevirlər, hörmətimi saxlayırlar. Qismət olsa, qalacağam. Əgər işim onları razı salsa, bəlkə də yenə müqavilə təklif edəcəklər. Nəticə verməyən məşqçinin qiymətini onsuz da heç yerdə bilmirlər. Hələ ki, Azərbaycana qayıtmaq istəmirəm. Qulağım dincdir, başımı aşağı salıb işimi görürəm.
- Azərbaycana qısamüddətli səfərinizin səbəbi nədir?
- Şəxsi işlərimlə bağlı bir günlük Azərbaycana gəlmişəm. Tez bir zamanda qayıdıb, komandanın hazırlığına qatılacağam.
- Son zamanlar Rusiyada terror aktlarının sayı çoxalıb. Bu, sizin işinizə təsir göstərmir?
- Terrorlar adətən, Dağıstanda olur. Bizim əsas komandanın bazası Kislovodskda yerləşir. Komandaya xüsusi diqqət və nəzarət var. Məşqlərimizi xüsüsi meydançada keçib, səfərlərə xüsusi təyyarədə gedirik. Amma Bakıdan Rusiyaya maşınla gedəcəyəm. Bakıdan Kislovodska yalnız şənbə günü təyyarə reysi var. Bu da mənə sərf etmir.
- Bu yaxınlarda Azərbaycanda U-16 komandası təsis olundu. Sizin balaca oğlunuz Kərim də bu komandaya cəlb edilib. U-16-nın yaradılmasına  münasibətiniz necədir?
- Bu, normal haldır. Avropa ölkələrində U-10-dan tutmuş U-23-ə  qədər komandalar var. Yəni futbolçular pillə-pillə addımlayırlar. Daha U-19-dan birbaşa əsas komandaya cəlb olunmurlar. Azərbaycanda yalnız U-15, U-16, U-17, U-19 və U-21 var. İstərdim ki, o biri aşağı yaş qrupları üçün də komandalar yaradılsın. Bu, futbolun inkişafına təkan verər. Coşqunun və Kərimin yığma komandalara çağırılmaları məni sevindirir. Onlar vətən, xalq yolunda xidmət etməlidirlər.
- Yəqin ki, Azərbaycan futbolunda baş verən son dəyişikliklərdən xəbərdarsınız. Vaqif Sadıqovun “Neftçi”dən ayrılmasına münasibətiniz necədir?
- “Neftçi”nin uğursuzluğunu müzakirə etmək istəmirəm. Bu komanda hamımızındır, onu zirvədə görməyə alışmışıq. Məncə, tez-tez baş məşqçi dəyişmək heç kimə sərf etmir. Çünki mövsümün gedişində gələn yeni mütəxəssis istər-istəməz yeni taktika tətbiq edir. Futbolçulardan kimi buna alışır, kimi isə alışmır. Əlaqə pozulanda isə uğursuzluq meydana gəlir. Məşqçi gəlir deyir ki, “bu komanda mənim deyil, nəticəyə görə cavabdehlik daşımıram”. Gözləyir ki, mövsüm başa çatsın və əməli fəaliyyətə başlasın. Məncə, istənilən komandanın uzunmüddətli planları olmalıdır. Baş məşqçiyə vaxt verilməli, mövsümün sonunda nəticə tələb olunmalıdır. Azərbaycanda klubların çoxu düzgün siyasət aparmır. Legionerləri gətirib oynatmaq çıxış yolu deyil.
- Azərbaycan çempionatının oyunlarını izləmək imkanınız olurmu?
- Dediyim kimi, iş qrafikim çox sıxdır. Biz oyunları yüksək səviyyədə təhlil edir, kimin topu ayağında neçə saniyə saxlamasına qədər müəyyənləşdiririk. Ardından oyunlara hazırlıq başlanır, oyun olur və həftə bitir. Amma əlbəttə ki, Azərbaycanda baş verən idman hadisələri mənim üçün maraqlıdır. Nəticələrlə qiyabi tanışlığım var. Bilirəm ki, ötən turda “Qarabağ” Ağdamda “Neftçi”ni, “Bakı” paytaxtda “Xəzər Lənkəran”ı məğlubiyyətə uğradıb. İnşallah, Azərbaycan çempionatının daha çox oyununa baxaram.
- Sizcə, bu çempionatı hansı komanda qalib kimi yekunlaşdıracaq?
- Azərbaycan klublarının arasında ciddi fərq yoxdur. İndi çempionatda mübarizə kəskin hal alıb. İnşallah, layiq olan birinci adını qazanar.
- Son sualım. Azərbaycanda nə vaxt işləməyi düşünürsünüz?
- Hələ ki, belə bir istəyim yoxdur. Azərbaycan mənim vətənimdir, ailəm, əzizlərim burada yaşayır. Vətəni unuda bilmərəm. Amma Rusiyada çalışıb həm öyrətmək, həm də öyrənmək xoşdur. Qismət olsa, gələcəkdə Azərbaycan futboluna da xidmət edərik. 

Mənbə: “Çempion-Azərbaycan” qəzeti


Son xəbərlər