Futbolun utanc gecəsi

Futbolun utanc gecəsi
YAZARLAR 28 Aprel 2016 / 16:04 13671
-  A +

(Gündüzü qürur verir ki?!)

Qol.az-da qələm dostumuz Emin Səfərovun yuxarıdakı başlıq altında ürək ağrıdan bir yazısını oxudum. Azərbaycan kuboku uğrunda «Neftçi» - «Qəbələ» yarımfinal oyununda FİFA referisi Əliyar Ağayevin oyunun taleyini həll edən kobud səhvindən yazır.

Dostum Emin bəy! Mən futbolu bilirəm və həm də çox sevirəm. Bir dəfə bir müsahibədə soruşmuşdular ki, ölməkdən qorxursan? Mən də cavab vermişdim ki: «Ölməkdən qorxmuram ey! Amma mən öləndən sonra dünya çempionatları keçiriləcək, Avropa çempionatları keçiriləcək, gözəl oyunlar olacaq, bax, onları görə bilməyəcəm, məni o yandırır».

Futboldan hərdən mən də yazıram. Elə sənin kimi ürək ağrısıyla! Sən yəqin cavansan, vaxt vardı «Neftçi» gedib Türkiyədə türklərin milli komandasına qalib gəlirdi. İndi Türkiyə dünya futbol meydanlarında meydan sulayır. «Neftçi» də elə az qalmışdı yüksək liqanı tərk eləyə.
Möhtərəm prezident futbolumuzun inkişafı ilə bağlı xüsusi sərəncam imzalayır, möhtəşəm Olimpiya stadionu tikilir, stadionlar tikilir, Olimpiya kompleksləri tikilir və sair və ilaxır. Futbola bir belə pul buraxılır, nəticəsi bir fındıq. Özü də keçən ildən qalmış fındıq.

Uzatmıram, indi gələk sənin toxunduğun məsələyə. Elə belə futbolun da belə hakimləri olur da. Niyə dilxor olursan, niyə əsəbləşirsən?
Mənim bir dayım var. Gərək ki, 82-ci ildə işdə yol verdiyi ciddi nöqsanlara görə partiyadan çıxarırdılar. Çox hörmətli bir adam 1-ci katibdən xahiş edir ki, mümkünsə onu partiyadan çıxarmasın, şiddətli töhmətlə yola versin. Katib dayımı çağırır, deyir büroda sənə nə desələr, nə nöqsan tutsalar denən cavan olmuşam, səhv etmişəm, bilməmişəm.

Büroda kim dayımın nöqsanını deyirsə - bir, iki, üç, dörd, beş, altı, yeddi… hamısına da eyni cavab verir: «Cavan olmuşam, bilməmişəm, səhv etmişəm». Axırda həmin dövrdə Azərbaycan Dövlət Universitetinin o zamankı rektoru, gərək ki, Yəhya Məmmədov idi, deyir:
- Ay oğul, adam səhvi bir dəfə eləyər, iki dəfə eləyər, üç dəfə eləyər, cəhənnəm, beş dəfə eləyər. Sənin heç düz işin olmayıb?!

Dayım yenə deyir:

- Cavan olmuşam, bilməmişəm, səhv etmişəm.

Son sözü 1-ci katib deyir:

- Rüstəmovun çox səmimi etirafını nəzərə alaraq ona şiddətli töhmət verək, qoy cavanlıqda buraxdıqları səhvi düzəldib etimadı qazansın.

İndi bizim futbol hakimləri də hamısı cavan oğlanlardı, bir səhvdi də edirlər, cavanlıqlarına bağışla. Amma Yəhya müəllim demiş, adam səhvi bir dəfə eləyər, iki dəfə eləyər… yeddi dəfə eləyər, səkkiz dəfə eləyər… Və elə səhv edə-edə gedirlər. Hər oyunda, hətta ulduz futbolçularımız iyirmi-iyirmi beş dəfə səhv edirlərsə, hakimlərin üç-dörd səhvini bağışlamaq olar. Cavandılar, səhv edirlər, bilmirlər.

PFL-in prezidenti Ramin Musayev bildirib ki, həmin hakim cəzalanacaq. Yeri gəlmişkən, Ramin müəllim Azərbaycan futbolu üçün can qoyur, özünü öldürür, amma neyləsin? Meydançaya çıxıb futbol oynasın, yerində olmayan məşqçiləri əvəz eləsin, yoxsa çıxıb FİFA referilərinin yerinə hakimlik eləsin?

İndi gələk üzr istəmək məsələsinə.

«Qarabağ»ın ev oyunlarını Quzanlıda keçirdiyi vaxtlardı. Kubokun yarımfinal oyunları idi. Gərək ki, «İnter»lə oynayırdı, huşumdan çıxıb. Dünən yediyimiz bu gün yadımızdan çıxır. Əslində bu ifadə belə işlədilməlidir: «Dünən dediyimiz bu gün yadımızdan çıxır». Hakim qonaq komandanın 12-ci oyunçusu rolundaydı. Stadionda da üç mindən artıq tamaşaçı, özü də evləri-eşikləri dağılmış əsəbi bir tamaşaçı. Bir-iki dəfə istədilər ki, girib hakimi döysünlər. Yekəlik olmasın, mənim Qarabağda çox hörmətim var, mən hər dəfə qalxıb camaatı birtəhər sakitləşdirirdim. Bu vaxt hakim «Qarabağ»ın qapısına təxminən 17-20 metrlikdən cərimə zərbəsi təyin elədi, amma haqlıydı. Fitini qaldırıb göyə hər iki tərəfə işarə elədi ki, cəriməni fitdən sonra vurmaq lazımdı. Sonra hakim «Qarabağ»ın futbolçularını doqquz metr, bir on bir santimetri də var deyəsən, məsafəyə çəkmək istədi. Elə bu vaxt qonaq komandanın hücumçusu topu qapıya vurdu: Qol! Və hakim saydı, mərkəzi göstərdi. Futbolçuların etirazına da təbii ki, bir fındıq. İndi də mən az qaldım çıxam meydançaya, hakimi salam şapalağın altına. Təbii ki, yaşımdan və ağ saçımdan utandım, amma ürəyimdən keçən elə bir yağlı söyüş söydüm ki.

Bu söyüş şifahi xalq ədəbiyyatının ən gözəl söyüşlərindən biri kimi Qarabağ camaatının yaddaşında qaldı. Yəni xoruz banı eşitməyən söyüş idi. «Qarabağ» həmin oyunda uduzdu.

Oyundan sonra Ağdamın o zamankı icra hakimiyyətinin başçısı Həsən Sarıyev qonaqlar üçün bir süfrə açdı. Məclisdə Ramin müəllim də iştirak edirdi, AFFA-nın katibi Elxan Məmmədov da, Azərbaycan futbolunun anasını ağladan Foqts da, rəqib klubun prezidenti gərək ki, milliyyətcə bolqar idi, xanımıyla və hakimlər də həmin məclisdə idi…

… Aydın Bağırov istəsə həmin hakimin də adını tapa bilər, həmin klub  prezidentinin də…

… Təbii ki, süfrə arxasında bu məsələnin üstünə gəlmədik. Qonağa hörmət hamımızın borcudu, amma hakim üzünü mənə tutub dedi:.

- Aqil müəllim, bayaqkı kobud səhvə görə sizdən üzr istəyirəm.

Mən də ondan söyüşə görə üzr istədim və dedim:

- Dostum, məndən üzr istəmə ey, gərək oyundan sonra «Qarabağ»ın futbolçularından üzr istəyəydin və o tamaşaçılardan üzr istəyəydin.

Həqiqətən çox hörmət elədiyim, əziz dostum Xaqani Məmmədov deyir ki, hakimdi də, o da insandı, o da səhv edə bilər. Xaqani müəllim, düz deyirsiniz, insan, yəni hakim səhv edə bilər, amma day mənim dayım kimi bir dəfə, iki dəfə, beş dəfə, yeddi dəfə, iyirmi dəfə yox.

Dostum Emin bəy, indi deyirsən Əliyar müəllim üzr istəsin?! Üzr istəsə nə olur, üzr istəməsə nə olur? «Qəbələ»nin gül kimi oyununu heç elədi.

Dostum Emin bəy, dəfələrlə yazdığım kimi, biz hələ futbol oynamırıq, top-top oynayırıq. Top-topu elə hakimsiz də oynamaq olur, necə ki orta məktəblərdə, yəqin özün də oynamısan, uşaqlar oynayanda hakimsiz oynayır, heç dava-dalaş da düşmür.

Aqil ABBAS

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı