"Bizə vaxt lazımdır" - Ayxan Abbasov

"Bizə vaxt lazımdır" - Ayxan Abbasov
PREMYER LİQA 21 Avqust 2020 / 21:09 2882
-  A +

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Keşlə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Futbol üçün darıxmışdıq. Qalib də gələ bilərdik, amma sonda məğlub olduq. Bəlkə də, ədalətli nəticə bərabərlik idi. Futbolçularım bacardıqlarını etdilər. Bəzi futbolçuların gec qoşulmağı bizi bir az geriyə saldı. Vaxtımız azdır, qarşıdakı Avroliqa oyununa hazırlaşacağıq. Qarşıda bizi böyük işlər gözləyir. Komandada yeni futbolçular çoxdur. Səbrli olub, işimizi davam etdirəcəyik.
 
- Bir neçə gün əvvəl yoxlama oyununda "Zirə"yə qarşı yaxşı oyun nümayiş etdirmişdiniz. Amma bu gün komanda bir az zəif idi...

- "Zirə" ilə yoxlama oyunu idi. Həmin matç bizi aldatmalı deyil. Bu gün rəqibimizin "Keşlə" olduğunu unutmayaq. Məncə, bu gün o qədər də pis oynamadıq. Bizə vaxt lazımdır, qısa zamanda nəsə əldə etmək çox çətindir.
 
- Rəhim Sadıxovun penalti epizodunda qərar verə bilmirdiniz?

- Ötən il penalti vuranlarımız indi komandada deyil. Hazırda penalti vuranlarımızdan biri Rəhimdir. Futboldur, belə şeylər olur. Bilirəm ki, o da qol vura bilmədiyi üçün məyus oldu. Bəlkə qol olsa, fərqli olardı.
 
- Görünən odur ki, komandanın oyunçu potensialı bundan artığını edə bilmir...

- Əlbəttə, futbolda reallıq var. Biz söz verməmişik ki, bu yeri tutacağıq, bunu edəcəyik. Heyətimizdə gənc futbolçular var, onların da qarşısını almaq istəmirik. Düzdür, nəticə istəyirik. Amma digər klubların şansı var ki, legioner gətirsin, nəsə etsin. Bizim klubun strategiyası başqadır. Biz reallığı görürük və hansı yola çıxdığımızı bilirik. Səbrli olub, pillə-pillə inkişaf etməliyik. Bu gün bizim yolumuz tam başqadır. Bir oyunla qərar vermək düz deyil. Böyük ölçüdə götürsək, biz bu gün zəif oynamamışıq. Bizim hədəfimiz var. O demək deyil ki, biz gəncləri oynadıb, uduzmağa razıyıq. Biz mübarizə aparacağıq. Bu gün "Keşlə" bizdən 3 baş üstün olsaydı, sizinlə razı olardım.
 
- Son dəqiqələrdə qolun gələcəyi hiss olunurdu. Bunun qarşısını almağa nə mane oldu?

- Son dəqiqələrdə yorğunluq oldu. Bu tempə uyğunlaşmaq çətindir. Bu gün bir az soyuqqanlılıqda və təcrübədə uduzduq.
 
- Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibiniz olan "Şkendiya"nı nə zaman təhlil edəcəksiniz?

- Sabahdan futbolçuları Avroliqa matçına hazırlayacağıq.
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın