Muarem "Qarabağ"dan danışdı - "Sileks"in bəxti gətirmədi"

Muarem "Qarabağ"dan danışdı -  "Sileks"in bəxti gətirmədi"
ÖLKƏ FUTBOLU 9 Avqust 2020 / 21:00 5816
-  A +

"Püşk "Sileks" üçün uğurlu alınmadı, xüsusilə də matç Azərbaycanda keçirilsə. "Qarabağ" ölkənin ən yaxşı, ən böyük klubudur".
 
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem deyib.

Makedoniyalı yarımmüdafiəçi "Sportmedia" nəşrinə açıqlamasında ölkəsinin "Sileks" klubunun Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a rəqib olmasını dəyərləndirib. O, Ağdam təmsilçisinin aşkar favorit olduğunu bildirib:
 
"Orada oynadığım üçün imkanların necə olduğunu bilirəm. Baş məşqçi Qurban Qurbanovun komandanın uğurlarında xüsusi rolu var. 10 ildən çoxdur ki, komandanı çalışdırır. Təbii ki, bu qədər müddət komandanı çalışdırmaq hər şeyi deyir.

Qurbanov 4-3-3 taktiki sxemini sevir və nadir hallarda təslim olur. "Qarabağ" müntəzəm olaraq Avropa Liqasının qrupunda çıxış edir. Hətta bir dəfə Çempionlar Liqasının da qrup mərhələsinə yüksəliblər. Obyektiv yanaşsaq, "Qarabağ" aşkar favoritdir, amma futbolda nəsə öncədən məlum deyil. Top yumrudur və gəlin, "Sileks"in şanslarını yox etməyək. Sadəcə, püşk "Sileks"in üzünə gülmədi".

M.Muarem həmyerlilərinə "Qarabağ"ın heyəti ilə bağlı da məlumat verib:"İspaniyalı vinger Xayme Romero ilə yanaşı, gənc hücumçu Mahir Emreliyə xüsusi diqqət yetirmək lazımdır. "Kopenhagen"dən serbiyalı yarımmüdafiəçi Uroş Matiç, "Şaviş"dən isə kolumbiyalı müdafiəçi Kevin Medinanı transfer ediblər. Medina çox təhlükəli futbolçudur".

"Qarabağ"ın əla klub olduğunu deyən 31 yaşlı türk əsilli yarımmüdafiəçi komandadakı dostları ilə əlaqə saxladığını qeyd edib: "Qarabağ" koronavirusa görə uzun müddət məşq edə bilmədi. Kifayət qədər yoldaşlıq oyunu keçirə bilməsələr də, Qurban Qurbanov bu çatışmazlığı necə aradan qaldıracağını yaxşı bilir. 3-4 ildir "Qarabağ"da olmasam da, klubda əlaqə saxladığım insanlar və bir vaxtlar birgə oynadığım futbolçu dostlarım var. "Qarabağ" əla klubdur və bunu təkrar edəcəyəm: "Sileks"in püşkdə bəxti gətirmədi".

Xatırladaq ki, Muarem Muarem 2012-2015-ci və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı