“Biz bu qərara etiraz edirik” – “Zirə”nin baş məşqçisi

“Biz bu qərara etiraz edirik” – “Zirə”nin baş məşqçisi
MÜSAHİBƏ 19 İyun 2020 / 12:31 4451
-  A +

“Bizə həm maddi, həm də mənəvi zərbə oldu”

AFFA İcraiyyə Komitəsinin Premyer Liqamızın erkən başa vurulması haqda qərarı klublarımızdan ən çox “Zirə”yə mənfi təsir etdi. Avroliqaya vəsiqə əldə edən “Sumqayıt”dan yalnız şəxsi oyunlardakı göstəricisinə görə geri qalan paytaxt təmsilçisi kubokda da iddiasını davam etdirirdi. Komanda yarımfinalda “Qəbələ”yə rəqib idi. Bu baxımdan verilən qərarın “Zirə”yə daha çox ziyan vurduğunu demək olar.

Komandanın baş məşqçisi Zaur Həşimov məsələ ilə bağlı Qol.az-ın suallarını cavablandırıb.

- Bu qərar bizi məyus etdi. Çünki köklənmişdik ki, çempionat sona çatdırılacaq və sonra komandalar öz yerlərini layiqli şəkildə tutacaqlar. Əvvəlcə qərar verildi ki, çempionat davam etdiriləcək. Onda komanda həvəsləndi, futbolçular yaxşı məşq edirdi. Ancaq sonradan fikrin dəyişməyi komanda üçün zərbə oldu. Bizə həm mənəvi, həm də maddi cəhətdən zərbə oldu.

- Daha dəqiq desək, hansı maddi zərbəni nəzərdə tutursunuz?

- Bildiyiniz kimi, bizim bazamız yoxdur. Klub oteldə qaldı, ödənişli meydançalardan istifadə etdik. Bu baxımdan komandaya maddi cəhətdən də ziyan dəydi. Desəydilər ki, yeni mövsümə hazırlaşın, bütün bunları sonra edə bilərdik. Yəni indi xərclənən vəsait boşuna getdi.

- Qərarın daha tez verilməli olduğunu düşünürsünüz?

- Əlbəttə. Düzdür, qərar dəyişdirilməsəydi, bizim üşün lap yaxşı olardı, ancaq çempionatın dayandırılmasını daha əvvəldən açıqlasaydılar, daha düzgün olardı.

- “Sumqayıt”la xalınız eyni olsa da, Avroliqaya onlar getdi. Bu, komandaya necə təsir edir?

- Buna görə qeyd etdim ki, qərar bizə həm də mənəvi cəhətdən təxir etdi. Kubokda yarımfinaldaydıq. Düzdür, “Qəbələ” ilə şanslarımız 50/50-yə idi. Amma finala çıxmaq, Avroliqaya getmək üçün hər iki cəbhədə yaxşı şanslarımız var idi. Onu da nəzərə almaq lazımdır ki, 8 çempionat oyunu qalmışdı. Bu baxımdan biz qərara etiraz edirik.

- Etirazınız əsas nəyədir? Hansısa formada etiraz etməyi düşünürsünüz?

- Reqlamentə yenidən baxılsa, yaxşı olar. Buraxılan bir neçə topun fərqinə görə sıralanmanı müəyyən etmək düzgün deyil. Biz buna etiraz edirik. Ancaq əfsuslar olsun ki, hazırda bizim etirazımız nəticə verməyəcək.

- Futbolçularda narazılıq var?

- Bəli, hamımız köklənmişdik ki, çempionat davam etdiriləcək. Emil Balayevin gəlişindən sonra komandada inam daha da artmışdı. Ancaq təəssüf ki, qərar artıq verilib.

- Emil Balayevdən söz düşmüşkən, millimizin qapıçısı da böyük ümidlə komandaya cəlb olunmuşdu. Müqaviləsi isə mövsümün sonuna qədər nəzərdə tutulmuşdu. Onun və sözləşməsi mövsümün sonuna qədər olan digər futbolçuların klubdakı taleyi necə olacaq?

- Hələ ki, gələcəklə bağlı klubdaxili heç bir danışığımız olmayıb. Ona görə də bu məsələ açıq qalır. Əslində Emilə həm ölkə xaricindən, həm də öz klublarımızdan bir neçə təklifi var idi. Çox sag olsun, bizim dəvətimizi qəbul edib, gəldi. Bəli, qışda gələnlərdən yalnız Emil Balayevin müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Maddi cəhətdən daha yaxşı təklifləri var idi. Onu deyə bilərəm ki, futbolçuların gələcəyi ilə bağlı bütün məsələlər hələ açıq qalır. Məsələyə yenidən baxılmalıdır, büdcə təyin edilməlidir. Bundan sonra futbolçularla danışıqlar başlamalıdır.

- “Zirə” qışda ən çox transfer edən klubdur. Premyer Liqa ilə bağlı qərar klubun strategiyasına nə dərəcədə təsir edəcək?

- Rəhbərliyə təşəkkür edirəm ki, dəstək oldurlar. Baxmayaraq ki, yayda büdcənin çox hissəsi xərclənmişdi, amma yenə də David Volkov, Ağabala Ramazanov kimi futbolçuları komandaya gətirdik. Bəzi futbolçularla da yolları ayırmışdıq ki, büdcəyə çox ziyan vurmayaq. Qışda gələn bütün oyunçularla müqaviləmiz ilyarımdır. Onları gətirməkdə məqsəd təkcə gələcəyə hesablanmamışdı. Bu il də nəticəmizin yaxşı olmasını hədəfləmişdik. Çempionatın erkən dayandırılması bizə o cəhətdən də zərbə vurdu.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı