Elxan Məmmədov – Rəşad Sadıqov görüşü - Nə dəyişməlidir?

Elxan Məmmədov – Rəşad Sadıqov görüşü - Nə dəyişməlidir?
ÖLKƏ FUTBOLU 13 Fevral 2020 / 16:15 5669
-  A +

Bu günlərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla “Qarabağ”ın kapitanı, U-21 millisinin sabiq baş məşqçisi Rəşad Sadıqov arasında görüş keçirilib. Görüşdə Azərbaycan futbolunun bugünkü durumu ilə bağlı müzakirələr də olub.

Bu, 2018-ci ilin dekabrında Qurban Qurbanov və məşqçi komandasının millilərdən istefaya göndərilməsindən sonra E.Məmmədovla R.Sadıqov arasında birbaşa görüşün olmasına dair mediada çıxan ilk xəbərdir. Təxminən son 1 il 2 aylıq müddətdə isə tərəflər arasında soyuqluq, bəzi hallarda gərginlik olub. O dərəcədə ki, hətta 2019-cu ilin dekabrında Rəşad Sadıqov verdiyi müsahibədə konkret ünvan göstərməklə millidən göndərilməsinin futbolla əlaqəli olmadığını söyləyib (həm futbolçu, həm də məşqçi kimi eyni anda fəaliyyəti nəzərdə tutulur). 

Sadıqov hər nə qədər emosional biri olsa da, bu mövzuda səbirli davranmaqla nadir hallarda danışır və müsbət cəhəti odur ki, oxu atıb, yayı gizlətmir. Soyuqqanlı Məmmədov isə usta diplomatlar kimi suallardan hər dəfə məharətlə yayına bilir.

Elxan Məmmədov - R.Sadıqov münasibətindəki bu problemlərin əsası 2018-ci ildə qoyulub və sonuncunun istefaya göndərilməsi ilə nəticələnib. Amma geridə qalan dövr göstərir ki, artıq həm bu mövzunu Çin səddi kimi uzatmaq, həm də ümumən futbolumuzda münasibətlər sistemini düşmənçilik səviyyəsinə çatdırmaq ziyandan başqa heç nə vermir.

Futbolumuz uzun illərdir ciddi problemlər yaşayır. Buna baxmayaraq, bu illər ərzində neçə-neçə ümidverici məşqçimiz, idarəçilik sistemində çalışa biləcək yaxşı gənc kadrlar yetişib. Rəşad Sadıqovun dərin futbol biliyi var. Problemlərdən çıxış yolunu ümumi sözlərlə deyil, əsaslı şəkildə göstərə, təhlil edə bilir. Yaxud Tərlan Əhmədov, Ayxan Abbasov, Samir Abasov, Aftandil Hacıyev və sair. Hər biri oxumaqla UEFA-nın ən yüksək məşqçilik lizensiyazı olan PRO-nu alıb. Bu gün millinin baş məşqçiliyinə namizəd əcnəbidirsə, bu gənc mütəxəssislərin fikri öyrənilməlidir və bu, təkcə mediadakı müsahibələr sayəsində olmamalıdır. Amma əlbəttə, hər şeydən əvvəl,  soyuqluğu bir kənara qoyub milli məsələsində ən başda Qurban Qurbanovun rəyini, məsləhətlərini öyrənmək xeyirli olar.

Yaşlı nəsil isə... 

Reallıq göstərir ki, onların çoxu müasir futbolun inkişaf sürətinə həm zehni, həm də fiziki olaraq çatdıra bilmirlər. Fikirlərində də təbii olaraq, yeni heç nə yoxdur. Daha da önəmlisi real problemləri dilə gətirmirlər. Ya istəmirlər, ya da çəkinirlər.
 
Futbolumuzdakı problemlərdən çıxış yolu isə bəy tərifində yox, sağlam müzakirə və tənqiddə, alternativ fikirlərdədir. Məmmədov – Sadıqov görüşü istənilən halda müsbət haldır. Amma daha yaxşısı bu olardı ki, belə görüşlər gələcəkdə fərdi deyil, həm də geniş formatda davam etdirilsin və federasiyadan narazı futbol adamların fikirləri xüsusi öyrənilsin. İrəli sürülən təkliflər ağlabatandırsa, qəbul edilib həyata keçirilməyə başlasın.

Təəssüf ki, bu istiqamətdə AFFA rəhbərliyi indiyədək bir təşəbbüs göstərməyib. Bu, bizim futbol ölkəsi olaraq geri düşməyimizdə əsas problemlərdən olub. Amma yenə də heç nə itirilməyib. Gec də olsa, nəhayət, müsbətə doğru addım atmağın zamanıdır.

Aydın BAĞIROV

Daha çox


Son xəbərlər