“Sevilya”nın adı, titulları bizi qorxutmur” - Qara Qarayev

“Sevilya”nın adı, titulları bizi qorxutmur” - Qara Qarayev
MÜSAHİBƏ 28 Noyabr 2019 / 10:01 3584
-  A +

“Qarabağ”ın futbolçusu Qara Qarayev Qol.az-a müsahibə verib. O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün səfərdə “Sevilya” ilə qarşılaşacaqları oyundan söz açıb.


- İspaniyaya hansı əhval-ruhiyyə, ümidlərlə getmisiniz?

- Əhval-ruhiyyəmiz yaxşıdır. Ümumi olaraq, komandamızda vəziyyət qaydasındadır. Düşünürəm ki, əhval-ruhiyyə ilə bağlı heç bir problemimiz yoxdur.

- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsiniz? Nəzərə alaq ki, həm sizin, həm də APOEL-in qrupda 4 xalı var.

- Qrupdan çıxmaq şansımız artıq öz əlimizdə deyil. Şansları əlimizdən verdik. Artıq yalnız APOEL-in xal itkisi qrupdan çıxmaq şanslarımızı təmin edə bilər. Qrup mərhələsinin son 2 turunu gözləməliyik. Bundan sonra hər şeyə aydınlıq gələcək.

- "Düdelanj" ilk oyunda səfərdə APOEL-i məğlub etmişdi. Lüksemburq təmsilçisinin yenidən APOEL-dən xal alacağına ümid edirsiniz?

- Əlbəttə. Buradakı oyun qədər,  Lüksemburqdakı oyun da bizim üçün vacib olacaq. Ümid edirəm ki, istənilən halda komandamızın növbəti mərhələyə yüksəlməsinə ehtimalları artıran nəticə olar.

- "Sevilya" hazırda ölkə çempionatında  "Barselona" və "Real"dan sadəcə 1 xal geridədir və 3-cü pillədə qərarlaşıb. Yəni, komanda formadadır. Bu, sizi qorxutmur?

- "Sevilya"nın haqqında ancaq xoş sözlər demək olar. Qrup oyunları başlayandan sonra da "Sevilya" ölkə çempionatının ilk turlarında 1-ci yerdə idi. Xüsusilə, Avropa Liqasında yüksək nəticələr qazanmış komandalardan biridir. Səhv etmirəmsə, 5 dəfə ard-arda bu titulu qazanıblar. Bu da onların heç də zəif olmadığının sübutudur, əksinə, güclü kollektivləri var.  Amma rəqibin adı, titulları bizi heç də qorxutmur. Sadəcə olaraq, hörmətimiz var və əlimizdən  gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. “Sevilya”nın adı bizi daha da yaxşı motivasiya edir, nəinki qorxutmaq.

- "Qarabağ"ın adətən səfər komandası olduğu, səfərdə daha yaxşı çıxış etdiyi deyilir. Buna ümid edib, İspaniyadan müsbət nəticə ilə dönəcəyinizi gözləmək olar?

- Artıq futbol elə bir dövrə gəlib çıxıb ki, istənilən komanda istənilən səfərdən yaxşı  nəticə ilə dönə bilər. Biz də buna ümid edirik ki, müsbət nəticə ilə evə qayıdacağıq, azarkeşlərimizi sevindirəcəyik. Sona qədər ümidimizi üzməməliyik. Əlimizdən gələni edəcəyik ki, səfərdə yaxşı nəticə qazanaq.

- "Atletiko"dan xal almışdınız, bunu "Sevilya" ilə oyunda etmək olarmı?

- Hər şey ola bilər. Mümkünsüz deyil. Ancaq çətin oyun olacaq.

- Komanda yoldaşınız Xayme Romero oyunla bağlı ümidsiz danışıb. Deyib ki, əvvəlki kimi çıxış edə bilmirik. Həqiqətən də komandanız çempionatda ardıcıl xallar itirdi və son turda da məğlub oldunuz. Bu, “Qarabağ”ın enişdə olması deməkdir, yoxsa?

- Hər bir komandada belə bir dövr olur. Yəni, istədiyi oyunu sərgiləyə, istədiyi nəticəni qazana bilmir. Bu, o demək deyil ki, komandamızda eniş var. Məşqlər, oyuna hazırlıqlar - futbolçuların formada qalması üçün hər gün, hər saat işlər gedir. Bu, həm  yerli çempionatda, həm də Avroliqada belədir. Baxmayaraq ki, son zamanlar "Qarabağ" digər klublara nisbətən daha çox yüklənib. İstər milli komandaların matçlarına, istər Avroliqadakı görüşlərimizə, istərsə də Premyer Liqadakı qarşılaşmalarımıza görə oyunlarımız sıx qrafikdə olur. Xal itirməyimiz də normaldır. Böyük klubların hamısı xal itirə bilir. Yenə də çempionatda ilk pillədəyik. Düşünürəm ki, Avropa Liqasındakı şanslarımız son tura qədər qalacaq. "Qarabağ"ın enişdə olduğunu deməzdim. Bütün komandalarda belə hallar yaşana bilər.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın