“Mən hesaba görə uşaqları danlamırdım” – “Zirə”nin baş məşqçisi

“Mən hesaba görə uşaqları danlamırdım”  –  “Zirə”nin baş məşqçisi
MÜSAHİBƏ 26 Noyabr 2019 / 16:45 2697
-  A +

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Qol.az-a müsahibə verib. O, komandanın son turlardakı nəticələrindən, ümumi kollektivin durumundan söz açıb.

- Sizin rəhbərliyiniz altında “Zirə” 5 turdan sonra ilk qələbəsini qazandı. Demək olar ki, komandanı istədiyiniz səviyyəyə gətirib, öz oyun üslübunuzu müəyyən qədər uyğunlaşdıra bilmisiniz?

- Xeyr, hələ yox. Bu haqda danışmaq çox tezdir. Sadəcə, uşaqlarda özgüvən geri qayıdıb. Bura gələndən dediyim söz bu idi ki, komandada özgüvən problemi var. Elə bil, özlərinə inamları azalmışdı. Qismən bunu aradan qaldırdıq.

- “Keşlə” üzərində 3:1 hesablı qələbə komandada əhval-ruhiyyəyə müsbət mənada təsir edibmi?

- Əlbəttə. Biz ümumən bir neçə oyundur pis oynamırıq. Heç-heçə etdiyimiz oyunlarda da komandamız zəif təsir bağışlamayıb. Videoanalizlərə baxanda da görürük ki, həm müdafiə, həm də hücumda müsbət məqamlar var. Yəni, uşaqlar pis oynamırlar. Hesaba görə mən uşaqları danlamırdım. Bu oyundakı qələbə də bizi ruhlandırıb, göyə də uçurmur. Çünki bir neçə turdur ki, 3 xal qazana bilmirdik. Qarşıdakı oyunlarımıza sakit şəkildə hazırlaşacağıq.

- Sizin gəlişinizdən sonra “Zirə” 1 dəfə uduzub, 4 dəfə heçə-heçə edib və 1 qələbə qazanıb. İndiyə qədərki matçlarda komandanın sərgilədiyi oyun sizi qane edirmi?

- Hər oyunda bir az irəli gediş olduğunu görürük. Mən statiskaya da baxıram. Həddindən artıq irəliləyiş var. Uşaqların təkbətək, qrup halında mübarizələrində inkişaf var. Elə bil komanda ayılıb.

- Heyətinizdə legionerlər az deyil. Necə düşünürsünüz ki, bu heyətlə yuxarı pillələr uğrunda mübarizə aparmaq olarmı?

- Mübarizə aparırıq. Düzdür, heyətimizdə legionerlərimiz çoxdur. Ancaq zədələlilərimiz də az deyil. Nə qədər legionerimiz çox olsa da, eyni vaxtda hamısını oynada bilmirik. Nəticələrimizi yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik.

- Turnir cədvəlində hazırda 14 xalla 5-ci pillədəsiniz. Çempionatda vəziyyət elədir ki, bir neçə ardıcıl qələbə ilə 2-ci pilləyə də qalxa bilərsiniz.

- Elədir, bir neçə qələbə ilə yuxarı pilləyə də qalxmaq olar, amma məğlub olsaq, sonuncu pilləyə də düşə bilərik. Ona görə turnir cədvəlinə çox fikir verməməyə çalışırıq. Hər oyunu oynayıb, qarşıdakı matça baxırıq. Digər komandaların oyunlarını gözləmirik ki, necə olacaq. Maksimum önümüzdəki matça hazırlaşırıq.

- Sizcə, hazırda 2-ci pillədə olan “Neftçi”ylə mübarizə aparmaq olarmı? Nəzərə alaq ki, “Neftçi” son turlar formadadır.

- Yox, əlbəttə. “Neftçi”, “Qarabağ” heyətlərinə görə bütün komandalardan üstündür. Biz çalışacağıq ki, öz nəticələrimizi yaxşılaşdıraq. Amma onlarla mübarizəyə girmək bizim üçün ağır görünür. Çünki “Neftçi”nin, “Qarabağ”ın heyətinə baxsaq, bizim üçün çox yuxarı səviyyəli oyunçuları var.

- Ümumiyyətlə, rəhbərlik tərəfindən komanda qarşısına hər hansı bir məqsəd qoyulubmu?

- Belə deyim, məndən öncə avrokubok məqsədi qoyulub. Hər bir rəhbərlik istəyər ki, komandası avrokuboklarda çıxış etsin. Əlbəttə, bunu məşqçilər də istəyər. Ona görə biz də bunun üçün mübarizə aparırıq. Sonda necə olacaq, indidən nəsə deyə bilmərəm.

- Özünüz qeyd etmişdiniz ki, futbolçu göndərməyi düşünmürsüz. Bəs qışda transferlər olacaqmı?

- Maksimum 1-2 nəfər göndərib, yerinə futbolçu gətirə bilərik. Ondan artığı qış fasiləsində ağır görünür. Amma çalışacağıq ki, kimisə gətirək.

- Hansı mövqelərə daha çox yeni transferə ehtiyacı var?

- Mövqe deyə bilmərəm, amma yerli oyunçulara ehtiyacımız var. Hazırda yerli oyunçu problemi yaşayırıq. Əvəzetmələrdə əziyyət çəkirik. Yerli futbolçulardan 1-2 nəfər zədəlilərimiz olur, onda daha çox problem yaşayırıq. Amma qışda yerli oyunçu tapmaq da çətin olacaq.

- Növbəti turda səfərdə “Qəbələ” ilə qarşılaşacaqsınız. Hazırlıqlar necə gedir?

- Oyunun hazırlıqlarına bu gündən başlamışıq. Necə olacaq, həftə sonu görəcəyik. Təkcə onu deyə bilərəm ki, “Qəbələ” son tur uduzmağına baxmayaraq, çox yaxşı komandadır. Mənə elə gəlir ki, bizi çox çətin səfər gözləyir.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər