"Səbail"in futbolçuları qol vurduqdan sonra qalib gələcəklərini düşünürdülər"

"Səbail"in futbolçuları qol vurduqdan sonra qalib gələcəklərini düşünürdülər"
PREMYER LİQA 23 Noyabr 2019 / 18:37 3260
-  A +

"Sabah"ın futbolçusu Ulisse Diallo Azərbaycan Premyer Liqasının 12-ci turunda "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Birinci hissədə ağıllı oynasaydıq, elə ilk hissədəcə intriqanı "öldürə" bilərdik. Amma ikinci hissədə üstünlük rəqibdə oldu. Çox sadə bir qol buraxdıq. Şükürlər olsun ki, bundan sonra yaxşı reaksiya verib, 3 qol vuraraq qalib gəldik.

- 2 qol vurdunuz və demək olar ki, qarşılaşmanın taleyini həll etdiniz. Birinci qolu məşqçi Ramin müəllimlə qeyd etdiniz. Bunun xüsusi bir səbəbi vardı?

- O, həmişə mənə dəstək olur. Məsələn, məşqlərdə ruh düşkünlüyü yaşayanda, formada olmayanda dəstəyini göstərir. İlk qolu yox, 2-ci qolu onunla qeyd etmək istədim. Çünki birinci qol heç-heçə, ikinci isə qalibiyyət qolumuz idi.

- Öz oyununuz haqda nə deyə bilərsiniz? Sizdən gözləntilər böyükdür, amma tam olaraq doğrultmursunuz. Cəmi 3 qol vurmusunuz. 

- Yeni gələndə komanda yoldaşlarım ilə anlaşılmazlıq vardı. Bir-birimizi anlamırdıq. İstədiyimiz əlaqə yox idi. Özünüz də görürsünüz ki, oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük. Əlbəttə ki, məndən gözləntilərin çox böyük olduğunu bilirəm. İnanıram ki, yanvar ayından sonrakı fasilə bizə yaxşı təsir edəcək. Amma əvvəlki oyunlarla müqayisə etsək, Hendrik Ekşteynlə bir-birimizi başa düşürük. Onda top olanda hara açılmalı olduğumu bilirəm. O da bilir ki, hara ötürmə verməlidir. Eləcə də məndə top olanda o nə edəcəyini bilir. Əvvəlki turlarla müqayisədə bir-birimizi daha yaxşı anlayırıq.

- Mövsüm başlayandan bəri ardıcıl 2 qalibiyyət olmayıb. Bu qeyri-stabillik nə ilə bağlıdır? Bir tur udursunuz, bir tur uduzursunuz.

- Futbol elə bir şeydir ki, axıra kimi oynamalıyıq. Rahatlaşmaq olmaz. Bir matçda qalib gəlib, o birində niyə məğlub  olduğumuzu demək mənim üçün də çətindir. Amma bunu söyləyə bilərəm ki, futbol 90+5 dəqiqəlik, hələ bundan da artıq bir oyundur. Məsələn, "Sumqayıt"la görüşü götürək. İlk hissədə 1:0 hesabı ilə qalib gəlirdik. İkinci hissəyə rahatlaşmış şəkildə çıxdıq ki, qalibiyyəti təmin etmiş olacağıq. Amma belə olmadı. Bu qarşılaşmada da eyni şey baş verdi. "Səbail"in futbolçuları qol vurduqdan sonra qalib gələcəklərini düşünürdülər. Amma biz son 3-5 dəqiqədə görüşün taleyini dəyişdik. Hər oyuna rahatlaşmamış şəkildə, köklənərək çıxmaq lazımdır.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı