"O sözlərdən sonra heç kim məni Azərbaycan millisinə çağırmazdı" - Ozan Can Kökcü

"O sözlərdən sonra heç kim məni Azərbaycan millisinə çağırmazdı" -  Ozan Can Kökcü
MÜSAHİBƏ 15 Noyabr 2019 / 12:18 9889
-  A +

“Sabah”ın və 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvü Ozan Can Kökcü Qol.az saytına geniş müsahibə verib. Türkiyəli yarımmüdafiəçi ümumi karyerasından, “Feyenoord” və “Bursaspor”da möhkəmlənə bilməməsindən, milli komandamızdan imtina etməsinin səbəblərindən və  bir çox məsələlərdən danışıb.

- Yetirməsi olduğun "Qroninqen"dən “Feyenoord”un U-19 komandasına transfer oldun. Orada 21 oyunda 3 qol vurdun. Yəni, o zamanlar səni türk futbolunun gələcək ulduzlarından biri sayırdılar. Necə oldu ki, daha sonra “Bursaspor”, oradan da Azərbaycan liqasına düşdün?

- Bu, futboldur. Həyatda da olur belə şeylər. “Feyenoord”dan böyük ümidlərlə “Bursaspor”a keçmişdim. Əslində, həmin vaxt başqa Hollandiya klubalarından da təkliflər var idi. Amma mən “Bursaspor”a keçməyi üstün tutdum. Çünki onlar əvvəldən gənc futbolçulara şans verən bir klub idi. Komanda səviyyələri də yaxşı idi. Orda oynayan gənclər parlaya bilirdi, Avropaya da transfer olunurdu. Buna bir çox futbolçunu misal çəkə bilərəm. Məni Türkiyədən də bir çox komanda istəmişdi. Məsələn, “Fənərbaxça”.



- “Fənərbaxça” rəsmi təklif etmişdi sənə?

- Bəli. Müqaviləm belə hazır idi. Menecerim də mən Bursa şəhərində olanda mənə təklifə görə zəng etmişdi. Amma menecerimə dedim ki, mənim ürəyim “Bursaspor”u deyir. Beləliklə, klubla 4 illik müqavilə imzaladım. Amma çox təəssüflər olsun ki, heç nə istədiyim kimi olmadı. İndi isə Azərbaycandayam. Türkiyədə 3 il yaşadım. Futboldan zövq almaq əvəzinə, nifrət eləməyə başladım. Çünki Türkiyədə futboldan kənar şeylər də var. 18 yaşında idim və həmin vaxtlar futboldan kənar şeyləri gördüm. Onların mənə vəd etdikləri şeylər elə söz olaraq da qaldı. Deyirdilər ki, yavaş-yavaş oynayıb, daha yaxşı səviyyəyə çatacaqsan. Ancaq dedikləri heç nə olmadı. Beləliklə, Türkiyədə özümü itirdim. Futbola da nifrət etdim.

- Hollandiyada böyümüş biri kimi, Türkiyə futboluna uyğunlaşa bilmədin, yoxsa dediyin digər səbəblər sənə mane oldu?

- Yox, uyğunlaşmamaq məsələsi deyildi. Əsas məsələ “Bursaspor” klubunun içindəki problemlər idi. Mənim müqavilə imzaladığım vaxtda klubda maddi cəhətdən problemlər vardı. Buna görə də futbolçular oynamırdı. Məsələn, 2 il liqada qalmaq üçün oynadıq. Tək mən yox, bütün gənc futbolçular üçün yaxşı bir ortam yox idi. Komandada hər şey yaxşı getsə, baş məşqçi də gənclərə şans verər. Amma başlarında tamam başqa şeylər var idi. Pulları yox idi, borcları vardı. Heç bir gənc şans tapa bilmədi. Daha sonra da 1-ci liqa təmsilçisi “Giresunspor”a keçdim. Tək fikrim “Bursaspor”da ayrılmaq idi. Çünki xoşbəxt deyildim. “Giresunspor”da da 16 oyuna çıxdım, daha sonra ciddi zədə aldım.

- “Bursaspor”dan sonra düşünmədin ki, yenidən Hollandiyaya qayıdasan, karyeranı orada davam etdirəsən?

- Düşünürdüm ki, Türkiyədə hansısa bir klubda möhkəmlənsəm, sonra davamı gələr. Həmin vaxt da Hollandiyadan təkliflər vardı. “Bursaspor”a keçməyin əsas səbəbi həmin vaxtkı baş məşqçi Ərtoğrul Sağlam idi. O da “Kayserispor”a keçmişdi və yenidən məni heyətə qatmaq istəyirdi. Amma düşündüm ki, yenə Superliqa klubuna keçib, ehtiyatda otursam, vəziyyət daha da pis olar. “Giresunspor”da hər şey normal idi, əsas liqadan çıxmağa oynayırdılar. Mən də zədədən qayıtdıqdan sonra yenə vacib oyunlarda əsas heyətdə oynadım. Amma gördüm ki, Türkiyədə futbolun içində çox fərqli başqa işlər var. İndi mənim həddim deyil ki, baş verənləri deyim. Amma tək onu söyləyə bilərəm ki, futboldan əlavə ortada çox böyük işlər fırlanır. Bunlar mənə uyğun şeylər deyildi. Mən futbol oynamaq üçün ora getmişdim və hədəflərim var idi. Gördüm ki, Türkiyədə həmişə maddi problemlər, klub içində hər zaman gərginlik olur. “Giresunspor”da da özümü inkişaf etdirə bilmədim. Bunu daha sonra anladım.

- Hollandiyada olduğun vaxtda menecerin Muzzi Özcan da açıqlama vermişdi və bir çox Türkiyə , Avropa mediasında adın böyük klublarla hallanırdı. Ən çox da “Tottenhem”lə. Həqiqətən həmin vaxt böyük klublar sənə “elçi" düşmüşdülər?

- Bəli, həqiqətən də böyük klublardan təkliflər vardı. Amma unutmaq lazım deyil ki, “Feyenoord”un U-19 komandasında oynayanda 17 yaşım vardı. “Tottenhem” və “Everton” təkliflər etmişdi. Ancaq sizcə həmin vaxt mən “Tottenhem”ə getsəm, A komandasında heyətə düşə bilərdim? İngiltərə klubuna getsəydim, U-23 komandasında oynayacaqdım. Hər bir halda, Premyer Liqa təklifinə də müsbət yanaşmışdım. Bəllidir ki, İngiltərə futbolun beşiyidir. Ancaq o vaxt düşündüm ki, nə qədər əsas komandada oyunlara çıxsam, daha tez inkişaf edərəm. “Bursaspor” da mənə elə gözəl sözlər vəd etdi ki, belə olacağını təsəvvür etmirdim. O vaxt dedim ki, ən yaxşı variant Bursaya getməkdir. O qədər misallar var ki, məsələn, Enes Ünal “Bursaspor”dan “Mançester Siti”yə keçmişdi. Hər bir halda, hələ yaşım 21-di, qarşıda böyük zaman var.

- Səncə, Azərbaycan liqasına qədər geriləməyində əsas günahkar kimdir? Qərarlarına görə menecerinmi, yoxsa sən? Məsələn, niyə “Feyenoord”da möhkəmlənə bilmədin?

- “Feyenoord” 2+1 müqavilə təklif etmişdi, amma ilk mövsümdə icarəyə göndərəcəkdilər. Həm də həmin vaxt “Feyenoord” çempionluq uğrunda mübarizə aparırdı. Yəni, heyət də güclü idi. Ümumiyyətlə, Hollandiyada hər futbolçunun fərdi inkişafına diqqət edirlər. Amma Türkiyədə özün-özünə diqqət etməlisən. “Feyenoord”da həmin mövsüm A komandasında qalıb, cəmi, 4-5 oyunda meydana çıxa bilərdim. Ancaq 18 yaşında futbolçu gərək bütün matçlarda əsas heyətdə oynasın. Həmin vaxt “Feyenoord”un 2-ci liqada mübarizə aparan əvəzedicisi komandası liqanın bitməsinə 4-5 tur qalmış 16-cı pillədə idi. Əgər çempionatı sonuncu yerlərdə başa vursaydı, 3-cü liqaya düşəcəkdi. 3-cü liqa da həvəskarlar liqası kimi bir şeydir. Vəziyyət belə olanda, qarşımda olan “Bursaspor”dan təklifi qəbul etdim. Əgər “Feyenoord”da müqavilə imzalasaydım, 2-ci komandası da liqadan düşsəydi, bəs mən nə edəcəkdim? Bu səbəbdən orada qalmadım. “Bursaspor”dan başqa, ortabab Hollandiya komandaları da məni istəmişdi. Siz günahkarın kim olduğunu soruşdunuz. Günahkar deməzdim, ancaq o vaxt daha gənc idim. İndiki ağlım yox idi. Həm atam, həm mən təcrübəli deyildik. İndiki ağlım olsaydı, Türkiyə əvəzinə, başqa bir Hollandiya klubuna keçərdim. Ancaq bu bir seçim idi və artıq geridönüşü yoxdur. Çox böyük hədəflərim var idi, təəssüflər olsun, heç nə istədiyim kimi olmadı. İnsanlar deyir ki, Azərbaycan liqasından heç bir yerə getmək olmaz. Amma futbol hər yerdə futboldur. Əsas məsələ məqsədin üçün çalışmaqdır.

- Kiçik qardaşın Orkun “Feyenoord”da əsas heyətdə oynayır, qollar da vurur. Necə oldu ki, qardaşın möhkəmlənə bildi, Türkiyə U-21 millisinə çağrıldı, amma sən yox?

- Çox qəşəng sualdır. Biz qardaşımla futbolçu olaraq tamam başqa oyunçularıq. Bilmirəm, necə deyim. Amma bəlkə də o, milliyə daha uyğun idi. Aşağı yaş qruplarında da yaxşı nəticələr göstərdi, birdən yüksəldi. Hər bir futbolçu bilir ki, çalışmaq çox önəmlidir, ancaq bir az da şansın olmalıdır. Qardaşımla qürur duyuram, çox istedadlıdır, həm də peşəkar. Bunun da bəhrəsini görür. İnşallah, daha böyük uğurlar qazanar. Məndə hər şey başqa cür oldu. Ancaq yenə də mən qardaşıma özümdən daha yaxşı şeylər arzu edirəm. Bəlkə də, bir az şansım da gətirmədi, “Bursaspor”da da oynaya bilmədim, alınmadı. Amma olub-bitənin arxasından ağlamaq bizə yaraşmaz.

- 2017-ci ildə bizim U-21 millisindən imtina etdiyini, özünü türk kimi hiss etdiyini və oranın millisində oynamaq arzusunda olduğunu demişdin. Nə dəyişdi ki, yenidən millimizdə çıxış etdin?

-  Tam olaraq elə bir şey deməmişəm. O vaxtlar yığmada komanda olaraq, çox da yaxşı çıxış etmirdik. O vaxtkı yığmanın çalışdırıcısı ilə aramda bəzi şeylər olmuşdu. Dava-dalaş olmadı, sadəcə, anlaşılmazlıq, problem oldu. İndiyə qədər bütün məşqçilər mənə yaxşı davranıb. Eyni zamanda, mən də onlara. Heç bir hörmətsizlik də olmayıb. Məşqçiylə aramda soyuqluq vardı, sadəcə. Çünki insan bəzən emosiyalarına nəzarət edə bilmir. Həm də həmin vaxt “Bursaspor”un rəhbərliyi də deyirdi ki, niyə Azərbaycan millisinə gedirsən, Türkiyə yığmasında oyna. Mən də həmişə demişəm ki, Azərbaycanda rahat və xoşbəxtəm. Klubdan mənə deyirdilər ki, getmə, bizimlə toplanışda qal. Çünki o vaxt əsas komandada oynamırdım. Komandanın da millinin oyunları arası hazırlıq matçları olurdu. Həmin matçlarda iştirak edib, özümü göstərməyimi istəyirdilər. İmtina etdikdən sonra yığmada bir neçə toplanışa gəlmədim. Rəşad hoca baş məşqçi təyin olunduqdan sonra milliyə qayıtdım. Bu işdə onun rolu çox böyük idi. Çünki o, məni bura çağırdı, arxamda dayandı. Bir dəfə demişdim ki, daha Azərbaycan millisində oynamayacağam. Normalda, belə sözlərdən sonra heç kim məni yığmaya çağırmazdı. Ancaq Rəşad müəllim yenə də məni dinləyib, vəziyyətimi anlamaq istədi. Mən də olan-bitəni danışdım, məsələni həll etdik. Mənə həmişə böyük bir qardaş kimi davranırdı. Tək mən yox, bütün komandaya. Həm intizam yaradırdı, həm də bizlə yaxşı münasibət qururdu. O vaxt Tolunay Qafqaz mən və qardaşım üçün Hollandiyaya gəlmişdi. Mən də həmin vaxt müalicə alırdım. Türkiyə millisində oynamağımızı təklif edib, atamla danışdılar. Amma mənim qapımı ilk dəfə Azərbaycan yığması döymüşdü. Azərbaycandan imtina edib, Türkiyədə oynaya bilməzdim. Dedim ki, Azərbaycan millisində rahatam, özümü evimdə kimi hiss edirəm. İnanın, burada Türkiyədən daha rahatam. Buna görə də futboldan zövq ala bilirəm. Türkiyədə futbola köklənə bilmirdim, karyeramı bitirəcək vəziyyətdə idim. İndi isə həm klubumda, həm də millidə oynaya-oynaya özümü daha yaxşı hiss edirəm.



- Dediklərindən belə başa düşülür ki,  həm “Bursaspor” rəhbərliyinin istəyi, həm də  o vaxtkı baş məşqçi ilə aranda olan soyuqluğun nəticəsində belə bir qərarı vermisən.

- Düzdür. Amma Türkiyə məsələsi yox idi. “Bursaspor”da oynasaydım, onsuz da milli komandaya çağıracaqdılar. Amma Azərbaycan məni dəvət etdi. Türkiyə və Azərbaycan mənim üçün eynidir.

- U-21 yığmamıza Rəşad Sadıqovdan sonra Obradoviç təyin olundu. Onun rəhbərliyi ilə seçmə mərhələdə 6 oyuna cəmi 6 xal qazanmısınız. Səncə, komandada problem nədir?

- Əslində, mən o vaxt  yığmada yox idim. Zədəli idim. Baş məşqçimiz Obradoviçlə danışdım, amma məni yığmaya çağırmadı. Qərarına hörmətlə yanaşmaq lazımdır.

- Obradoviç sənə nə demişdi?

- Dedi ki, niyə öz klubunda oynamırsan. Mən də dedim ki, zədədən qayıtmışam, amma özümü yaxşı hiss edirəm. O da belə bir qərar qəbul etdi, məni dəvət etmədi. Buna hörmətlə yanaşmaq lazımdır. Amma Rəşad Sadıqovun gəldiyi vaxtlarda komanda çox yaxşı oynayırdı. İlk dəfə idi ki, futboldan bu qədər zövq alırdım. Rəqiblərə çətinlik yaradırdıq. İlk toplanışda yox idim. Amma oyunları izlədim. Pis oynamadılar. Daha sonra Fransayla oyun üçün məni də çağırdılar. 0:5 hesabı ilə məğlub olduq. Kənardan baxmaqla oynamaq çox fərqlidir. Bunu demək istəyirəm ki, Fransaya uduzduq, amma futbol oynamaqdan qorxmurduq. İlk vaxtlarda belə idik, sanki qorxurduq. İndi isə belə bir şey yoxdur. Qorxmağa gərək yoxdur. İsveçrəni qrupda favorit olaraq görürdülər. Amma biz İsveçrə yığmasını meydandan sildik. Məğlub olduq, amma biz onlardan daha yaxşı oynayırdıq.

- Keçək Azərbaycandakı karyerana. Necə oldu ki, “Sabah”ın təklifini qəbul etdin?

- Bundan əvvəl də Azərbaycan klublarından təkliflər vardı. Amma o vaxt müsbət yanaşmamışdıq. Türkiyədə futboldan küsmüşdüm. Özümü yenidən qazanmaq üçün bura gəldim. Bakıdakı menecerim Vaqif Heydərli atamla danışıqlara başladı. Sonra “Sabah”da oynamaq qərarına gəldim. Yaxşı ki, bura gəlmişəm.

- O vaxtlar Azərbaycan Premyer Liqasından xəbərin vardı? Məsələn, çempionatın demək olar ki, bütün oyunlarında tribunaların boş olmasından, ümumi liqada rəqabətin az olmasından məlumatın var idi?

- Bəli, bilirdim. Oyunları televiziyadan izləyirdim. Azarkeşlər Türkiyəyə nisbətən daha azdır. Bunu kimsə müqayisə edə bilməz. Hər kəs ancaq “Qarabağ” və “Neftçi”ni izləyir. Amma futbolda bunu düşünməyə ehtiyac yoxdur. Mən öz komandamı düşünməliyəm. Bu söhbətlər mənə aid deyil, mən öz komandama köklənirəm.

- Futbolçunun əsas motivasiya mənbəyi tribunalardakı azarkeşlərdir. Səmimi ol, bura gələndən sonra boş tribunalara görə peşman oldun?

- Doğrudur. Amma bizim yerimizdə olmaq istəyən nə qədər gənc var. Təbii ki, azarkeşlər gözəldir. Ancaq yox dərəcəsində deyil. Az olsa da, gəlirlər. Türkiyədəki, başqa ölkələrdəki kimi deyil. Dediyim kimi, motivasiya olunmaq o qədər də çətin deyil. Çünki bu, mənim işimdir. Çörəyimi, pulumu bununla qazanıram. Üstəlik futbol mənim həyatımdır. Futbola pul üçün yox, sevdiyim üçün başlamışam. Hobbimi işimə çevirdim. Mən indi necə motivasiya olmayım? Məsələn, buradan Avropa Liqasına çıxa bilirik. Avropa Liqasında oynamaq, orada özümü göstərmək şansım var. Necə motivasiya olmayım?

- Komandanız hazırda Premyer Liqada 10 xalla 7-ci pillədədir. “Sabah” xeyli legioner futbolçu alsa da, istənilən kimi çıxış etmir. Bunun səbəbi nədir?

- Doğrudur. Mənə görə də “Sabah” heyət olaraq çempionatdakı ən yaxşı komandalardan biridir. Pis oynadığımızı deyə bilmərəm. Amma niyə belə olduğunu söyləyə bilməyəcəyəm. Çünki səbəbi mənə də məlum deyil. Sonuncu turda da  “Sumqayıt”a məğlub olduq. Əslində, komanda içində elə bir problem yoxdur. Heyətdə hər kəs dost kimidir. Bəzən oyunlarda səviyyəmizi göstərə bilmirik. Bunun üzərində çalışmaq lazımdır. Hər bir qarşılaşmaya ən yaxşı şəkildə hazırlaşıb, çıxmalıyıq. Məncə, komandada səviyyə, potensial var, amma bunu meydançada sərgiləyə bilmirik. Bir həftə elə, bir həftə belə yox, hər qarşılaşmada yaxşı oynamaq lazımdır.

- Son olaraq, karyeranda növbəti planın nədir? Yenidən Avropaya qayıtmaq istəyirsən?

- Avropada oynamağı hər kəs istəyər. Hazırda hədəfim “Sabah”da daha yaxşı çıxış edib, Avropa Liqasına çıxmaq və Azərbaycanın əsas millisinin heyətinə düşməkdir. Allaha çox inanan bir insanam. Bundan sonrasını Allah bilir. Amma təbii ki, həm də hədəfim Avropada oynamaqdır.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı