"Qarabağ" qayıtmağımı istəsə, möhtəşəm olar" - Pedro Enrike

"Qarabağ" qayıtmağımı istəsə, möhtəşəm olar" -  Pedro Enrike
ÖLKƏ FUTBOLU 10 Noyabr 2019 / 22:55 8688
-  A +

Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün keçirilən "Qarabağ" - "Zirə" oyununu stadiondan canlı izləyən Ağdam klubunun sabiq futbolçusu Pedro Enrike matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Bakıya səfəriniz işlə bağlıdır, yoxsa dostlarınızı görməyə, istirahət etməyə gəlmisiz?

- Mənim burada çoxlu dostlarım var. Onları görməyə gəlmişəm. "Qarabağ" karyeramda xüsusi yeri olan klubdur. Burada çox gözəl mövsüm keçirmişəm. Yenidən keçmiş komanda yoldaşlarımı görmək xoş oldu.

- Azarkeşlər, futbolla maraqlanan insanlar sizin üçün darıxıb. Fanatlar "Biz Pedronu istəyirik" deyə qışqırırdılar...

- (Gülür). Hə, bunu eşitmək xoş oldu. Bir çox azarkeşlərlə hələ də əlaqə saxlayırıq. İnternet var, ona görə də bunu etmək çox asandır. Bəlkə də bir gün "Qarabağ"a qayıdaram. Klubun qapılarının keçmiş futbolçularının üzünə açıq olması əladır.

- Siz özünüz necə, "Qarabağ"a qayıtmaq istərdiniz?

- "Kayserispor"la müqaviləm var. Ancaq gələcəkdə hər şey ola bilər. Əgər "Qarabağ" üçün vacib oyunçu sayılaramsa, qayıtmağımı istəsələr, möhtəşəm olar.

- Hazırda bu məsələ aktualdır?

- Bu barədə heç nə deyə bilmərəm. Çünki "Kayserispor"la müqaviləm davam edir. Sonra necə olacaq, baxarıq.

- "Qarabağ"ın oyunlarını, avrokubokdakı çıxışını izləyirsiniz?

- Bəli, bütün oyunlarına baxıram. Uşaqlarla da daim əlaqə saxlayıram.

- APOEL-ə məğlubiyyətə görə üzüldünüz?

- Bəli, pis oldum. Amma həmin oyunu unudub, qarşıdakı matçlara köklənmək lazımdır.

- "Qarabağ"la "Kayserispor"u müqayisə etsək, hansında oynamaq sənin üçün daha rahatdır?

- Türkiyə çempionatı çox çətindir. Orada asan oyun olmur.

- APOEL-ə məğlubiyyətdən sonra "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiniz?

- Mən "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Ümid edirəm ki, bunu bacaracaqlar.

- "Qarabağ"da qalmağınıza nə mane oldu?

- Həmin vaxt vəziyyət qarışıq idi. PAOK-la müqaviləm qüvvədəydi. Bilirsiz ki, PAOK da mənim üçün xüsusi klubdur. Orada qalmaq istəyirdim. Ancaq "Astana"ya gedəsi oldum. Orada bir az problemlərim oldu. Bu kluba keçməkdənsə, "Qarabağ"da qalmaq daha yaxşı olardı. Bu, mənim sabiq komandam olan PAOK-un qərarı idi. Futbolda belə şeylər olur.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı