"Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim" - Qurban Qurbanov

"Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim" -  Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 10 Noyabr 2019 / 21:36 5050
-  A +

"Çətin oyun oldu. Son vaxtlar həm psixoloji, həm fiziki yorğunluq var".
 
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 11-ci turunda "Zirə" ilə oyundan (1:1) sonra mətbuat konfransında deyib.

- Xallarımızın üstünə biri də gəldi. Heyətdə xeyli dəyişiklik etmişdik. Zədəli futbolçularımız çoxdur. Buna görə də risk etmədik. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik, bir xal qazandıq.
 
- APOEL-ə məğlubiyyətdən sonra komandada ab-hava necədir?

- Elə perioddayıq ki, həmin oyunun üzərinə çox da gedə bilmirik. Çünki iki gündən sonra başqa matçımız olur. Nə qədər də futbolçuları hazırlaşdırmaq istəsək, psixoloji gərginlik var. Futbolçular ağır qrafikdədilər. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. 3-4 gündən bir oyun keçirmək, millilərin oyunu – hər şeyi ümumi götürəndə komandanı hazır saxlamaq asan deyil. Çempionatda nəticələr pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Mən özüm də bu oyuna tam hazırlaşa bilməmişdim. İstənilən halda, ağlımızda APOEL-lə oyunun nəticəsi qalır. Ancaq peşəkarıq, gələcəyə baxmalıyıq, oyunlara daha yaxşı hazırlaşmalıyıq.
 
- Son 4 çempionat matçında cəmi 1 qələbəniz var. Aradakı xal fərqi arxayınlaşmağa səbəb olmayıb ki?

- Hər oyunda daha yaxşı nəticə qazanmaq istəyirik. Rəqiblər bizə qarşı çox ciddi hazırlaşırlar. İlk yarıda da rotasiyalar olmuşdu, ancaq bütün oyunlarda qələbə qazanmışdıq. Əsas narahatlığımız zədəlilərin çoxluğudur. Hər komandanın başına gələn situasiyadır. Bəzən eniş olur. Ancaq biz yerimizi qoruyub saxlaya bilirik. Qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq.
 
- Avropa Liqasında “qatar gedib”, yoxsa ümid var?

- Sona kimi mübarizə aparacağıq. Qarşıdakı oyunlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum istifadə etməyə çalışacağıq. Həm futbolçular, həm də mən inanıram.
 
- Zədəli futbolçunuz Dani Kintananın durumu necədi?

- 1 həftə sonra fərdi məşqlərə başlayacaq.
 
- Ozobiç bu il oynaya biləcək? Mahirin durumu nə yerdədir?

- Ozobiç komanda ilə məşqlərə başlayacaq. Amma bu il inanmıram meydana çıxsın. Mahir fitnesdə hazırlığa başlayıb. Gələn həftənin birinci günündən fərdi məşq edə biləcək. Dani və Mahirin “Sevilya” ilə oyuna hazır olacağını gözləyirik. 100 faiz olmasa da, 18-liyə daxil edə bilərik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord