“Bilirlər ki, kubokda iştirak mənasızdır” – Ramin Musayev

“Bilirlər ki, kubokda iştirak mənasızdır” – Ramin Musayev
MÜSAHİBƏ 1 Noyabr 2019 / 14:36 4545
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.az saytına müsahibə verib. O, “Turan-Tovuz” və MOİK-in Azərbaycan kubokundan imtina etməsinə və digər məsələlərə toxunub.

- Bu dəfəki Azərbaycan kubokunda birinci divizion təmsilçilərindən “Turan-Tovuz” və MOİK iştirakdan imtina edib. Sizcə, bunun səbəbi nədir?

- Mənə elə gəlir ki, bu, bir tərəfdən maddi durumla bağlıdır. Eyni zamanda, komandanın baş məşqçisi oyunçularının daha güclü klublarla qarşılaşıb, böyük hesabla uduzmağını istəmir. Oyunçularının ruhdan düşməsini istəmədiyinə görə belə qərar veriblər. Ancaq bəlli məsələdir, bilirlər ki, mübarizə aparmaq mənasızdır. Bunlar mənim şəxsi fikirlərimdir. Bizə göndərdikləri məktubda açıqlama verməyiblər, sadəcə, imtina etdikləri yazılıb.

- Bu iki klub ötən il də, bu il də kubokda iştirak etməyiblər. Maddi məsələ imtina qərarında nə dərəcədə çox rol oynayıb?

- Sizin avtobus pulunuz olmasa, işə gedə bilərsiniz?

- Yox, təbii ki.

- Bax bu dərəcədə rol oynayır.

- Klubların kubokdan imtinası yarışa marağı azaltmır?

- Əgər 1-ci divizion komandası avrokuboklarda oynayan, Premyer Liqada çıxış edən klublarla qarşılaşacaq və bu qarşılaşmada uğur qazana bilməyəcəksə, onun ora gəlməyinin nə mənası var? İkinci isə budur ki, komanda istənilən bir komandayla oyunda böyük hesabla uduzarsa, klubdakı əhval-ruhiyə uzun müddət aşağı düşür. Bütün bunları nəzərə alaraq, həmin komandanın istər rəhbərlik, istərsə də məşqçisini tənqid etmək olmaz. Onları başa düşmək lazımdır.

- Kubokda 12 komandanın iştirak etməsi sizi qane edirmi?

- Vallah, klub sayı az olsun, amma keyfiyyətli olsun. Süni artırmaqla heç nə əldə edə bilmərik. Əgər mübarizə daha da gərgin olsa, daha maraqlı olar.  Olanımız budur, neyləmək olar?

-  “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev açıqlamasında bildirib ki, stadionlarında təmir gedir deyə, kubokda oynaya bilməyəcəklər.

- Nadir nə etsin? O da vəziyyətdən bir təhər çıxmalıdır da.

- Birinci divizion təmsilçiləri özləri də həvəssiz yanaşırlar. Bu onu göstərirmi ki, yarışın səviyyəsi aşağı düşüb?

- 2 komandanın iştirak etməməsi ilə yarışın səviyyəsi aşağı düşür? Onda siz sualı Nadir Nəbiyevə verərsiniz ki, bu il stadionunuzda təmir gedir, bəs ötən il? Düşünürəm ki, mən dediyim səbəblər daha doğrudur.

- Bu mövsüm ölkə kubokunun sahibinə pul mükafatı nəzərdə tutulubmu?

- Xeyr. UEFA verir də mükafat, biz niyə verək?

- Əvvəllər qalibə mükafat ayrılırdı. Bu, yenidən bərpa ola bilərmi?

- İnşallah, əgər bizim özümüzə və kuboka sponsor tapılsa, o zaman həll olar.

- Sizdə sponsorluqla bağlı məsələ nə yerdə qalb? Premyer Liqa üçün xarici bukmeyker şirketləri ilə danışıqlar getdiyini demişdiniz.

- Danışıqlar artıq dayandırılıb. Hələlik maaliyyə məsələləri ilə bağlı problemimiz yoxdur. Əgər kubokdan danışırıqsa, Azərbaycan kubokunun sahibinə veriləcək pul mükafatımız yoxdur.

- Final oyununun harda keçiriləcəyi dəqiqləşib?

- Biz final matçının bölgələrdə keçirilməsinin tərəfdarıyıq. Gəncədə olsa, daha yaxşı olardı. Ancaq orada bunun üçün şərait yoxdur. Stadion rəhbərliyi ilə danışmışıq. Onlar da finalın "Əlincə Arena"da keçirilməsini istəyir. İşıqlandırma sistemindəki çatışmazlığı aradan qaldırmağa çalışırlar. Hər halda final üçün "Əlincə Arena" nəzərdə tutulub.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı