"Qarabağ"ın hər oyunda qalib gəlməsi mümkün deyil" - Dani

"Qarabağ"ın hər oyunda qalib gəlməsi mümkün deyil" - Dani
PREMYER LİQA 27 Sentyabr 2019 / 21:58 5383
-  A +

"Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının 6-cı turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb.

- Asan oyun olmadı. Baxmayaraq ki, hesabda öndəydik, rəqib 2-ci hissədə bizə çətinlik yaradırdı. Uduzsalar da, bir an belə təslim olmaq istəmirdilər. Çoxlu pressinq edirdilər.

- 6 oyuna 6 qələbə, yəni, 18 xal. Necə düşünürsünüz, "Qarabağ" bütün oyunlarda qalib gəlib, rekorda imza ata bilər?

- Belə bir şeyin olması mümkün deyil. Oyundan-oyuna düşünürük, hər matça qələbə əzmi ilə çıxırıq. Amma bu gün üçün deyə bilərəm ki, mümkünsüzdür.

- Keçən il komandanız daha çox çətinlik çəkirdi. "Qarabağ" güclənib, yoxsa rəqiblər zəifləyib, çempionatın səviyyəsi düşüb? Məsələn, "Neftçi" 6-cı pillədədir.

- Komandaların zəiflədiyini deyə bilmərəm. Ötən mövsümlə müqayisədə  "Neftçi"nin  heyəti bu il daha güclüdür. Bizim möhtəşəm oynadığımızı  da demək olmaz. Ola bilsin ki,  bu mövsüm bəxt amili bizim tərəfimizdədir.

- Futbol dili ilə desək, ötən il hiss edirdiniz ki, arxanızda "Neftçi" var. Yəqin ki, cari mövsümdə bunu hiss etmirsiniz.

- Premyer Liqa hələ yeni başlayıb. Qarşıda 3 dövrə var. Ötən mövsüm xüsusilə dördüncü dövrə bizim üçün çətin oldu. Çempionluğun taleyini "Neftçi"ilə matça saxlamaq istəmirdik. Buna görə də  hər şeyi daha öncədən həll etməyimiz üçün çox çalışırdıq. Bilmək olmaz ki, 3 dövrə sonra nə olacaq.

- Növbəti oyununuz əvvəlcədən asan proqnozlaşdırdığımız Lüksemburq səfərindədir. Reallıqda isə çətin görünür. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəlcədən kimsə "Düdelanj"ın asan rəqib olduğunu düşünə bilər. Amma qrupda "Sevilya"dan başqa bütün komandaların güc nisbəti bərabərdir. Bilirdik ki, asan oyun olmayacaq.

- "Qarabağ"ın nisbətən zəif komandalarla oyunu alınmır. Əksinə, güclü klublarla matçlarınızda daha yaxşı çıxış edirsiniz. Bu dəfə uğursuzluq seriyasını qırmaq olar?

- Bununla razı deyiləm. Rəqibin kimliyindən asılı olmayaraq, həmişə 90 dəqiqə oyuna köklənməyə çalışırıq.

- Xaymenin zədəli olmağının sizin oynamaq şansınızı artırdığını düşünürsünüz?

-  Xaymenin tez bərpa olmasını, oyuna qədər hazır olmağını istəyirəm. Amma mən hər zaman hazıram.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı