"Xəstəxanaya çatana kimi qan dayanmadı" – Sərtan Taşkın

"Xəstəxanaya çatana kimi qan dayanmadı" – Sərtan Taşkın
MÜSAHİBƏ 26 Sentyabr 2018 / 12:38 4262
-  A +

“Keşlə”nin müdafiəçisi Sərtan Taşkın Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunun “Sumqayıt”la oyununda (1:2) başından ciddi xəsarət alan gənc futbolçu həm zədəsindən, həm də komandasının uğursuz çıxışından danışıb.

- Son turda başından ciddi zədə aldın. Hazırda özünü necə hiss edirsən?

- Başım yarılmışdı, 8 tikiş atıldı. İndi yaxşıyam. Artıq fərdi qaydada məşqlərə başlamışam. Şükürlər olsun, pis heç nə yoxdur.

- Həmin hadisəni necə xatırlayırsan?

- Topa doğru gedirdim, həmin vaxt Atilla məndən qabaqda idi. Toqquşduq, həmin dəqiqə başımdan qan açıldı. Xəstəxanaya çatana kimi qan dayanmadı. Orada çətinliklə dayandırdılar. Qanaxma olsa da, özümdə idim. Hər şeyi hiss edirdim. Sadəcə, bir az ağrı vardı.

- “Keşlə”nin çıxışı haqda nə deyə bilərsən? Komandanız mövsümə çox pis başlayıb və hazırda da cəmi 1 xalı var...

- Nə bilim, deməyə söz tapa bilmirəm. Səbəb çoxdur.

- Səncə, problem futbolçulardadır, yoxsa baş məşqçidə?

- Təkcə məşqçidə yox, hamıda problem var. Əsas çatışmazlıq uyğunlaşma ilə bağlıdır. Yeni baş məşqçi, yeni futbolçular var. Bir az zaman lazımdır.

- Hazırkı vəziyyətdən çıxmaq üçün “Keşlə”lə təxminən nə qədər vaxt lazımdır?

- Məşqçinin tapşırıqlarını oyunlarda həyata keçirə bilmirik. Məşqdə nəyi necə edəcəyimizi bizə deyir, oyun vaxtı meydanda dediklərini etməkdə çətinlik çəkirik. Əsas səbəblərdən biri də budur. Qol buraxdığımız epizodlarda çox adi səhvlərə yol veririk. Vəziyyəti düzəltməyə çalışacağıq. Elə bu turdan etibarən özümüzə gəlmək istəyirik.

- Növbəti turda səfərdə “Qəbələ” ilə qarşılaşacaqsınız. Onlar da mövsümə uğursuz start veriblər. Aşağı sıralardan qərarlaşan 2 komandanın duelindən nə gözləmək olar?

- Xeyr, biz öz oyunumuzu göstərməyə çalışacağıq. Bizim üçün hər matç çətin olur. “Qəbələ” yaxşı komandadadır. Öz meydanında da inamlı təsir bağışlayır. Buna baxmayaraq, mövsümdə ilk qələbəmizi qazanmaq istəyirik.

- Adətən komanda uğursuz çıxış edəndə rəhbərlik futbolçulara, məşqçilər korpusuna öz iradlarını bildirir. Sizdə vəziyyət necədir?

- Xeyr, heç kim bir-birinin işinə qarışmır. İrad bildirən yalnız baş məşqçidir.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı