Fransadakı ermənilərin Hafiz Məmmədova nifrətini başa düşdük, bəs, sizə nə olub?
[31.03.2014]

Emin ABBASOV

Yarım milyonluq erməni diasporunu alternativ variantlar axtarmağa vadar etmişiksə, bu, artıq hansısa oliqarxın yox, bütövlükdə Azərbaycanın və azərbaycanlıların uğurudur

Çox maraqlı bir cəmiyyətdə yaşayırıq. Əslində bu günkü durumumuz kənardan heç də maraqlı görünmür. Sadəcə bu məmləkətdə maraqlar çox tez-tez toqquşduğundan maraqlı görüntü altında anlaşılmaz cəmiyyətdə yaşadığımızın fərqinə varmırıq.

Fərqinə varmırıq ki, SSRİ dağılandan sonra ölkəmizdə təhsilin səviyyəsinin sürətlə aşağı düşməsi bizi nə qədər geri salıb. Elə total savadsızlığın bir nümunəsidir ki, 10 nəfərdən 8-i vətənpərvərliyi yalnız müharibə olarsa, əlinə silah alıb döyüşməkdə görür. Bu məntiqlə götürsək, misal üçün, heç bir hərbi münaqişələr yaşanmayan İsveçrədə vətənpərvər yoxdur və ya olmalı deyil.

Vətənpərvərlik hər addımda olur. Vətəndaşına verdiyin qiymətdən tutmuş, bu vətənə verə biləcəyin ən cüzi xeyirə qədər. Fransada klub alan, İspaniyada isə “Land of fire Azərbaycan” layihəsini gerçəkləşdirən iş adamı Hafiz Məmmədovun ölkəmiz üçün etdikləri də öz qiymətini tapır. Ancaq təəssüf ki, bəzi hallarda müsbət mənada yox. Hafiz bəy hər dəfə Fransaya səfər edərkən, onun haqqında bir-birindən absurd məqalələr dərc olunmağa başlayır. Hər halda, Fransada bir azərbaycanlı oliqarxa qarşı olan bu münasibəti anlamaq çətin deyil.

Axı, bu gün Fransadakı ermənilərin sayı yarım milyona (500 min) çatıbsa, bu ölkədə məskunlaşan azərbaycanlıların sayı bəzi mənbələrdə 70 min, bəzilərində isə 100 min göstərilir. Yəni, ermənilərdən ən azı, 5 dəfə az.
Təəssüf ki, uzun illərdir, erməni diasporu Avropanın əsas söz sahiblərindən olan Fransada “kiçik Ermənistan” yaratmağa nail olub. Bu gün Fransada erməni dilində 20-yə yaxın qəzet və jurnal dövriyyəyə buraxılır, ermənilərin maraqlarına xidmət edən onlarla internet portalları fəaliyyət göstərir.

Bir həqiqət də var ki, Fransa erməniləri artıq uzun illərdir, bu ölkənin qanunvericiliyinə belə müdaxilə etmək gücündədir. Və tarixən Fransa qanunvericiliyində ermənipərəst qanunlar olub. Bu mənada “qondarma soyqırım”ı inkar edənlərin cəzalandırılmasını (ən azı 1 il həbs cəzası və ya 45 min avro dəyərində cərimə - E.A.) nəzərdə tutan qanun layihəsini yada salmaq kifayət edir. Düzdür, ötən il qardaş Türkiyə böyük çətinliklər sayəsində bu qondarma sənədin ləğvinə müvəffəq oldu. Amma buna qədər təəssüf ki, erməni lobbisi kifayət qədər ciddi və vacib dairələrin diqqətini cəlb edərək, saxta tarixlə bağlı lazımi dəstəyi qazana bildi. Sadalanan faktlar Fransada erməni lobbisini zərərsizləşdirməyin nə qədər çətin olduğunu deməyə əsas verir.

Qısası, vəziyyətin “ermənicə” olduğu Fransada Azərbaycan adına həyata keçirilən ən kiçik layihəyə belə nə qədər ehtiyac olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Bunu ermənilərin narahatlığından da sezmək mümkündür. Fransada erməni diasporunun nəzarəti altında olan media orqanlarının mütəmadi olaraq, reallaşdırdığı qlobal və əhəmiyyətli layihələrinə görə azərbaycanlı oliqarx Hafiz Məmmədovu “1 nömrəli düşmən” elan etməsi də nəzərdən qaçmır. Heç şübhəsiz, kifayət qədər cəsarət və təbii ki, külli miqdarda maliyyə vəsaiti tələb edən bu layihələrin Fransa kimi antiazərbaycan mövqeli bir ölkədə reallaşmasıdır erməniləri qıcıqlandıran. Və bir də bu qədər maliyyə imkanlarına malik olan şəxsdəki vətənpərvərlik hissidir, düşməni narahat edən. Bəs, bizi narahat edən nədir, bunu anlaya bilmirəm.

Əgər bu gün İspaniyanın xarici işlər naziri ölkəsində təşkil olunan beynəlxalq tədbirlərin birində “mən Azərbaycanı sevirəm. Və etiraf edim ki, bu sevgi “Land of Fire” şüarından sonra yarandı” deyirsə, buna yalnız sevinmək olar. Əgər bu gün bir fransızın və ya bir avropalının Azərbaycanı yaxşı tərəfdən tanımasına nail ola bilmişiksə və yarım milyonluq erməni diasporunu alternativ variantlar axtarmağa vadar etmişiksə, bu, artıq hansısa oliqarxın yox, bütövlükdə Azərbaycanın və azərbaycanlıların uğurudur, əziz dostlar!

Ünlü iş adamı Hafiz Məmmədovun Avropa futbolunda səs sala bildiyi bir məqamda, biz işğalçı Ermənistan başda olmaqla çoxlarının həsəd apardığı bu uğura niyə kölgə salmaq istəyirik?

Hafiz Məmmədov eyni zamanda Azərbaycanda ən yaxşı infrastruktura və futbol akademiyasına sahib olan iki klubdan birinin rəhbəridi. Yəni, o, Azərbaycan futboluna da kifayət qədər yatırımlar edir. Diqqət yetirin, bu gün ölkədə bu qədər iş adamı var. Ancaq Tovuz, Gəncə, Şəmkir kimi bölgələrin futbol klublarına sahib çıxan yoxdur. Hərçənd, bu bölgələri təmsil eləyən bir çox biznesmenlər pullarını min yerə xərcləyirlər, ancaq futbola yox.

Bütün bunları düşündükcə, hər imkanda Hafiz Məmmədov haqqında xoşagəlməz yazılar yerləşdirən Azərbaycan saytlarını anlamaq olmur. Fransadakı ermənilərin Hafiz Məmmədova nifrətini başa düşdük, bəs, sizə nə olub?

Emin ABBASOV



6827 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
23.04.2017  20:29 80 ilin ən qara üzü
04.10.2014  15:18 "Qarabağ"ın "İnter"(esnı) oyunu
16.04.2014  15:57 Müəmmalı layihənin təməli və ya AFFA-nın 1,5 milyonluq monitorinqi