Foqts: qaldı nə olacaq, getsəydi nə olardı?
[25.12.2013]

Rövşən Binnətli

Açığı, bu barədə yazmaq o qədər də ürəyimcə deyil. Təkcə ona görə yox ki, məsələ barədə ciddi fikir ayrılıqları var, əsas ona görə ki, almaniyalı mütəxəssislə müqavilə müddəti uzadılandan bəri ölkə mətbuatı demək olar hər gün bu haqda yazır və oxucular da mübahisələrdən bezib. Bununla belə, bəzi mülahizələri bölüşmək lazım gəlir.

Başlayaq ondan ki, Azərbaycan futbolunun bugünkü səviyyəsi milli komandanın böyük pullar xərcləməklə əcnəbiyə tapşırılması zərurətini ortaya çıxarır, ya yox? Belə bir ehtiyac duyulmur. Təxminən 6 il əvvəl, Berti Foqts baş məşqçiliyə gətiriləndə heç duyulmurdu. Onun söhbəti çıxanda çoxları inanmayıb dedi ki, etiraz edəcək, bunu özünə sığışdırmayacaq, dünya və Avropa çempionu, Almaniya komandasını AVRO-1996-nın qalibi etmiş biri Azərbaycanda işləməyə razı olmaz. Ancaq ehtimallar doğrulmadı və adlı-sanlı məşqçi təklifə “hə” dedi. Niyə?

Burada pul amili, zənnimcə, birinci sırada deyildi və B.Foqtsun Azərbaycan millisini qəbul etməsində əsas bizim komandanın iddialı olmaması idi. Almaniya futbolçularının DÇ-1998-in 1/4 finalında Xorvatiyaya irihesablı məğlubiyyətindən sonra vəzifəsi ilə vidalaşan məşqçi Şotlandiyada, ardınca isə Nigeriyada daha acınacaqlı durumla üzləşəndə anlamışdı ki, artıq iddialıların iddiasını təmin etmək onluq deyil. Yəni, almaniyalıya Azərbaycan kimi iddiasız bir komanda lazım idi ki, onu da yetirdi pərvərdigar.
Burada Foqtsu qane etməyəcək, narazı salacaq heç nə yoxdur. Bircə idman yazarlarının və bəzi mütəxəssislərin ara-sıra “Azərbaycanda az olur, çempionat oyunlarıni izləmir” xarakterli atmacaları istisnadır. Qalan nə varsa, hamısı ürəyincədir və niyə də olmasın – 21 yaşlıların, xanım futbolçulardan ibarət komandamızın məşqçiləri də yerliləridir, yəni darıxmaq-filan da yoxdur.

Foqtsun gəlişi ilə nə dəyişdi? Deyirlər, o gələndən az uduzuruq. Bu fakt yalnız DÇ-2014-ə aiddir: tarixdə ilk dəfə turniri 3 məğlubiyyətlə tamamladıq. Onadək bizim üçün ən üzüsulu dövr AVRO-2004 idi – 6 məğlubiyyət. “Nisbətən çox qol vurub, nisbətən də az top buraxırıq” deyənlər də müəyyən dərəcədə haqlıdır: son üç seçmə mərhələdə 21 dəfə fərqlənməklə, 51 halda topu tordan çıxarmışıq. Halbuki, əvvəlki üç turnirdə 12 qol vurub, 69 top buraxmışdıq. Qələbə və məğlubiyyətlərin sayına gəlincə, 2004, 2006, 2008 yarışlarında 2 qalibiyyət, 22 uğursuzluq, sonrakı üç seçmə turnirdə 4 qələbə, 17 məğlubiyyətimiz olub.

İrəliləyişlər bunlardır, əzizlərim. Belə cüzi nailiyyətin qiyməti isə təxminən 6 milyon manatdır – söhbət yalnız B.Foqtsa ödənən əmək haqqıdan gedir. Bunun çox, yaxud az, lazımlı və ya lazımsız, səmərəli, yoxsa səmərəsiz olmasını özünüz müəyyənləşdirin.
Bundan sonra nə olacaq? Əslində, hər şey necə var, elə də qalacaq. Səbəbi çox sadədir. Almanlar atletik oyuna, yüksək templi mübarizəyə meyllidirlər və fiziki gücə söykənən futbol oynayırlar. Bu keyfiyyətlərə zaman-zaman texniki ustalıq əlavə olunub. Xarakter, soyuqqanlı davranış alman futbolunun səciyyəvi cəhətidir. Gözünü o mühitdə açan, onunla qidalanan Foqtsun həmin xüsusiyyətləri Azərbaycan futbolunda tətbiq etməsi ən böyük yanlışlıqdır.

Bizim oyunçularda o prinsipləri formalaşdırmaq üçün uzun illər lazımdır və proses dəqiq düşünülmüş konsepsiya əsasında aşağıdan, lap kiçik yaşlılardan başlamalıdır. Bu isə kənardan gəlmələrin deyil, bizim görməli olduğumuz işdir. Mütəxəssislərimizdən biri deyir ki, Foqtsun qalması səhv addımdır, çünki qarşısına məqsəd qoymur. Əvvəla, almaniyalı heç nəyi havadan etmir, məqsədli şəkildə fəaliyyət göstərir. Digər tərəfdən, məşqçinin qarşısına məqsədi, onu vəzifəyə gətirənlər qoymalıdır ki, sənə bu qədər pul verirəm, əvəzində sən də filan nəticəni verməlisən.
Konkretlik və şəffaflıq olmayan yerdə uğurlu sonluğu ancaq xəyal etməlisən. Şəffaflıq adı gələndə isə bizi allergiya tutur. Bu səbəbdən də, nə futbolçuların dəqiq transfer qiyməti məlumdur, nə maaşları, təbii ki, nə də ödənən vergilər – əgər ödənirsə!

Almaniyalı ilə yolların ayrılması da yaxşı bir şey vəd eləmir. Yenə bu əcnəbidir, adı-sanı var, sözünü eşidib, çempionatın nəinki oyununu, bütöv turunu da təxirə salırlar, millinin hətta yoldaşlıq görüşləri öncəsi iki həftə, bəzən daha çox fasilə verirlər. Yerli məşqçinin sifarişlərinə indiki reaksiya verilməyəcək axı, başlayacaq qısqanclıqlar və s.
Belə düşüncələrlə birimiz Foqtsun işini davam etdirməsindən məmnunluq ifadə edir, digərimiz AFFA-nın addımından təəssüf hissi keçiririk. Və hər iki tərəf haqlı olduğunu isbatlamaq üçün ağıla gələn-gəlməyən, ən müxtəlif arqumentlərlə danışır. Yəni, reallıq ondan ibarətdir ki, yenə səbəbi kənara qoyub, yapışmışıq nəticədən.

Hər nə olsa, milli komandaya daha 2 il rəhbərlik edəcək almaniyalı mütəxəssisə uğur diləmək lazımdır – əsl adı Hans-Hubert olan, əksəriyyətin isə Berti Foqts kimi tanıdığı Azərbaycan milli komandasının baş məşqçisinə. Ən azı ona görə ki, bu günlər ad günüdür, 67 yaşı tamamlanır.
Bu qədər, sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ

7775 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
28.07.2016  17:16 “Qarabağ” və qorxaq futbol?
16.02.2015  14:38 Böyük İnsan, Şəxsiyyət, Futbolçu
12.12.2014  12:15 Haqqı oğurlanan “Qarabağ”!
11.09.2014  12:39 Fatih Terimin “küləkli” planı
29.08.2014  14:44 Dünyaya havalanır “Qarabağ”ın səsi...
15.08.2014  19:42 Tələsin, yoxsa bizim çempionata bilet tapmarsınız...
12.08.2014  13:04 Bu necə premyer liqadır?!
06.08.2014  13:24 Gözəl “Qarabağ”ın qalib siması
24.06.2014  15:53 Reytinq ipindən yapışıb haracan gedə bilərik?
11.06.2014  13:24 Yubiley mundialın qeyri-yubiley ab-havası
02.05.2014  12:31 İdman teleşərhçilərimizin problemi
27.03.2014  15:51 Oyuncaq çempionat kimə sərfəlidir?
21.02.2014  11:13 Söz “Neftçi”də idi və “Neftçi”dədir
29.01.2014  12:18 Futbol qoxumayan “Gənclik”, yaxud qlobal uzaqlaşma
16.01.2014  17:31 Futbolda oyun satanlar
10.01.2014  17:43 Ağsaqqal sözü, yaxud Elçin Cəlilova cavab
02.01.2014  09:25 Futbolumuz qurbanlar istəyir
18.12.2013  18:01 Çempionlar Liqasında püşk manipulyasiyası
10.12.2013  18:40 Bizim “9” nömrə və ya Banişevskiyə soyuq münasibət
05.12.2013  13:25 Futbolun böyüklüyü – Rövşən Binnətlinin yazısı