Mənə Dənizli verin! [11.12.2013] Etibar Cəbrayıloğlu Lənkəranın dənizi var idi, Dənizlisi də Türkiyədən gəldi. Adına da Mustafa hoca deyərlər. Çox populyar birisi, qardaş ölkədə tanımayan yoxdu. Türkiyədə dönər yeyəndən ayran içənə qədər, dizidə rol oynayandan futbol oynayana kimi hamı onu tanıyır. Mustafa Dənizlinin adı o boyda Türkiyədə üçüncü yerdə çəkilir. İlk iki yeri Fatih Terimlə Şenol Günəş zəbt edib. İstanbulda imza atıb Lənkəranda maaş alacaq Mustafa hoca hara gəldiyinin fərqindədi yəqin. Dənizli dənizin sahilində lövbər salan “Xəzər Lənkəran”ın sükanı arxasında bu illər ərzində kimlərin olduğunu da bilir. Siyahı uzundu, klubun əlindən tutan Mirça Rednik, ayağından yapışan Biçər, harasından tutmağı bilməyən Bakes... Ötən yazıda verdiyim sözü tutub hamının adını çəkmirəm. Lənkəranlı azarkeşlərin bir özəlliyi var- nə yaxşını unudurlar, nə pisi yaddan çıxarırlar. Mustafa hoca özündən də məşhur Con Benjamin Toşakın kreslosunu təhvil alır. Bəli, həmin Toşakın. Toşak Madrid “Real”ını çalışdıranda klubu çempion elədi. Onun çalışdırdığı “Xəzər Lənkəran” isə aşağı diviziona da düşə bilmir. Çünki aşağı düşməyə belə yeri qalmayıb. Türkiyənin böyük klublarına çempionluq dadızdıran Mustafa Dənizli bizim türklər demişkən. ayağının tozu ilə gəlib “Xəzər Lənkəran”ı bu acınacaqlı durumdan xilas eləməlidi. Çox çətin də olsa, öhdəsindən gəlinəsi məsələdi. Yaxından tanıyanlar deyir ki, Mustafa hoca işin çətinliyindən qorxan deyil. Mənə də elə gəlir ki, Dənizli “Xəzər Lənkəran”ın dərdinə dərman tapmağı bacarar. Amma... Amma gərək Mustafa hoca öncədən bir-iki məsələni göz önünə alsın. Azarkeş demişkən, Mustafa Dənizli eşitməmiş olmaz, dəniz sahilində yaşayan lənkəranlılar futbolla nəfəs alırlar. Dərdi başından aşan “Xəzər Lənkəran”ın azarkeş sarıdan bəxti əməllicə gətirib. Lakin bu kluba azarkeşlik edənlərin də ümid və “ağ-yaşıl” formaya sevgidən başqa heç nələri yoxdu... Bir, iki, üç. Başladıq- “Mənə Dənizli verin!” Etibar CƏBRAYILOĞLU |