Biz niyə futbolsuz qalmalıyıq?
[13.08.2012]

Anar Xanlarov

Son günlər futbol ictimaiyyəti arasında ən çox müzakirə olunan mövzularından biri, bəlkə də birincisi futbol üzrə ölkə çempionatının yayın məsələsidir. Məsələdən hali olanlar bilir, bilməyənlərin nəzərinə qısaca onu çatdırım ki, bu mövsümdən etibarən çempionatın yayım hüququ klublardan alınaraq, yenidən Peşəkar Futbol Liqasına (PFL) verilib. Yəni, çempionatı yayınlamaq istəyən telekanallar artıq bunun üçün klublara yox, PFL-ə üz tutmalıdır.

PFL də deyir ki, filan qədər pul ödə, yayın hüququnu verim sənə. Telekanallar isə həmin məbləğin olduqca çox olduğunu deyərək, bunu vermək fikirlərində olmadıqlarını bildiriblər. Yekunda isə itirən yenə sadə azarkeşlər, futbolsevərlər oldu. Prinsipcə, mən hər iki tərəfə haqq verirəm. Yəni, PFL deyir ki, nə vaxta qədər qeyri-peşəkar, müqaviləsiz işləyəcəyik? Avropa necə, biz də elə. Burada bu qurumu qınamaq olmaz. Gec-tez bu metod bizdə də işləməlidir. Oyunları yayınlamaq istəyirsən, gəl, tələb olunan məbləği ödə, yayın hüququnu al, get, istədiyin oyunu canlı yayınla. Eyni zamanda telekanalları da qınamaq olmur. Onlar da deyir ki, tələb olunan məbləğ  Azərbaycan futbolunun səviyyəsindən çox-çox yuxarıdır. Azərbaycan çempionatının oyunlarına maraq azdır, reklamçılar, ümumiyyətlə, bu sahəyə maraq göstərmir və belə olunca telekanallar da ziyana işləmək istəmir.  Gördüyünüz kimi, hər iki tərəfin özünə görə arqumenti var. Hər iki tərəfin arqumentləri haqlıdır. Deməli, bir yol qalır: kompromisə getmək.

Hər iki tərəfi, ən əsası, Azərbaycan futbolunu, azərbaycanlı futbolsevəri razı salacaq qərar qəbul olunmalıdır. Bəli, mən də etiraf edirəm ki, 500 min manat Avropada normal sayılsa da, Azərbaycan çempionatı üçün yüksək məbləğ sayıla bilər. Məsələn, srağagün PFL-in saytından “Qarabağ” -“Neftçi” matçını izlədim. Turun mərkəz görüşü olsa (özü də iş saatından sonra, istirahət günü keçirilir) da, tribunalar bom-boşdu. İndi siz deyin, hansı telekanal boş tribunalar önündə oynanılan oyuna 500 min manat ödəyər? Amma bu o demək deyil ki, PFL yayın hüququnu telekanallara havayı verməlidir. Bunu da qəbul etmirəm. İstənilən halda oyunu yayınlamaq istəyən telekanal PFL-lə razılığa gəlməli və federasiyanın hesabına müəyyən məbləğ ödəməlidir.

İkinci bir məsələ, telekanallara oyunlardan çəkiliş aparmağı qadağan etmək, onlardan buna görə də PFL-lə müqavilə bağlamağı tələb etməkdi. Prinsip etibarı ilə PFL burada da haqlıdır. Çünki elə qonşu Türkiyədə, Rusiyada yalnız bir telekanal müqaviləyə görə görüntüləri əldə etmək hüququna malikdir və həmin telekanal da həmin görüntüləri müəyyən məbləğ müqabilində həmkarlarına satır. Elə isə xeyir ola bizim telekanallar, qara qəpik ödəmədən çəkiliş aparmalıdır? Mətbəx verlişindən tutmuş, hava proqnozuna kimi hər şeyə reklam tapırlar, amma 5 dəqiqəlik görüntü üçün sponsor tapa bilmirlər? Bu gün PFL-i tənqid etmək ən asan yoldu. Hamının da ilk sözü bu olur “futbolun inkişafını istəyirlərsə, çəkiliş aparmaq üçün maddi qarşılıq olmamalıdır”.
Nə üçün futbolun inkişafını təkcə PFL düşünməlidir? Məni düzgün başa düşün, burada PFL-ə və Ramin Musayevə vəkillik etmirəm. Yeri gələndə mən özüm də bu qurumu az tənqid etməmişəm. Amma hər şeyə obyektiv yanaşma olmalıdır. Bu yaxınlarda Musayevin müsahibəsini oxuyuram. Deyir ki, son ölkə kubokunun finalından qabaq telekanallardan biri bir dəqiqəlik reklam yerləşdirmək üçün ondan 800 manat pul istəyiblər. PFL prezidenti də haqlı olaraq deyir ki, bəs, mən niyə 5 dəqiqəlik oyunu onlara havayı verim? Heç kim inciməsin, amma haqlı məntiqdi. Biz futbolumuzun inkişafını istəyiriksə, hamılıqla bu işə dəstək olmalıyıq. Bu gün heç bir telekanal futbolla bağlı hansısa 30 saniyəlik roliki belə öz efirində pulsuz yayınlamaz. Əgər telekanallar hər saniyədə maddi maraq güdürsə, o zaman PFL-i hansı məntiqlə ittiham edirlər? Bəli, “bir tura görə 600 manat çoxdur” deyə bilərlər. Olsun, 300-350 manat. Amma çəkilişin qarşılığı olaraq mütləq müəyyən məbləğ ödənməlidir.

O məsələ ilə razıyam ki, əgər məbləğ ödənilirsə, çəkilişi də telekanallar özləri aparmalıdır. Məsələn, telekanallar deyir ki, PFL bəlkə şübhəli epizodları, hakim səhvlərini, neqativ halların əks olunduğu görüntüləri kəsib-doğrayıb  mənə təqdim edəcək. Məsələn, dünən PFL-in “Turan” - “Sumqayıt” matçından olan görüntülərini izlədim. Ancaq həmin oyunda qeydə alınan qırmızı vərəqə və penalti epizodu görüntülərdə yer almamışdı. Ona görə də həmin epizodlarda hakimin həqiqətən haqlı olub-olmadığı mənə qaranlıq qaldı.


Hər halda, bizə indi yalnız ümid etmək istərdik ki, tərəflər çox tezliklə razılığa gələcək. Çünki bu vəziyyət heç bir halda Azərbaycan futbolunun inkişafına xidmət etmir.

Anar XANLAROV

7161 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
16.06.2012  17:20 Almaniya çempion olacaq!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?