“İnter”i tək qoymayın!
[10.07.2012]

Anar Xanlarov

Ötən həftə Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start verildi. Açığı, ilk oyunlarda gözlədiyimiz nəticələr olmadı. Yalnız “İnter” səfərdə Estoniyanın “Trans” klubunu 5:0 hesabıyla darmadağın etməklə çoxlarını təəccübləndirdi. Təəccübləndirdi o mənada yox ki, heç kim “bankir”lərdən qələbə gözləmirdi. Xeyr, əksinə, Sxadadzenin rəhbərlik etdiyi komandadan da qələbə gözləyirdik. Ancaq hesabın bu cür olacağını heç kim təxmin etməmişdi. Lakin “İnter” rəqibini səfərdə darmadağın etməklə məsələni bitirdi və cavab matçını formallığa çevirdi.

Ancaq təəssüf ki, “İnter”dən fərqli olaraq, daha çox ümidlər bəslənən “Xəzər Lənkəran” və “Bakı” ümidləri doğrultmadı. Lənkəran klubu evdə Estoniyanın “Nomme Kalyu”, “Bakı” isə Sloveniyanın “Mura-05”nın müqavimətini qıra bilmədi - 2:2, 0:0. Bu isə o deməkdir ki, səfərdəki matçlar təmsilçilərimiz üçün çox çətin olacaq. Təbii ki, cavab oyunları olmamış və cütlüklərin taleyinə aydınlıq gəlməmiş, hansısa konkret fikir söyləmək düzgün olmazdı. Mən sadəcə, ilk oyunda qələbəmizə mane olan bəzi səbəblərə toxunmaq istəyirəm və ümid edirəm ki, həmin problemlər cavab qarşılaşmalarında bizə mane olmayacaq.

“Xəzər Lənkəran”ın “Nomme Kalyu” ilə matçını canlı olaraq, stadiondan izlədim. İnsaf naminə, lənkəranlılar 90 dəqiqə rəqibindən daha üstün oynadı. Düzdür, oyun heç də bir qapıya getmədi və demək olmaz ki, estonlar mərkəzi keçə bilmirdilər. Əksinə, qonaqlar bəzən “Xəzər Lənkəran”ın 5 hücumundan sonra bir hücum təşkil etsə də, keyfiyyət etibarıyla daha təhlükəli olurdular. Lənkəran təmsilçisi isə qapının ağzına kimi gəlsə də, rəqib qapısı qarşısında real təhlükə yarada bilmirdi. Bir səviyyəli hücumçuya ehtiyac olduğu aşkar görünürdü. Baxmayaraq ki, Branimir Subaşiç kifayət qədər fəallıq göstərməyə çalışdı, qol da vurdu, amma hiss olunurdu ki, get-gedə təkbaşına mübarizə aparmaq çətinləşir. Sonradan meydançaya daxil olan Rikardo Qomeşin isə varlığı ilə yoxluğu bilinmirdi. Manuel Skarlatake ilə Ruslan Abışovun da ümumi ansambla tam uyğunlaşmaması hiss olunurdu.

Ümumiyyətlə, Adrian Piti çıxmaq şərtilə bütün futbolçular bacarıqlarından aşağı səviyyədə çıxış etdilər. Bu gün isə artıq cavab matçı oynanılacaq.

Mənim fikrimcə, “Xəzər Lənkəran”ın işi çox çətindir. Onlar nəyin bahasına olursa-olsun, qol vurmalıdılar. Əgər futbolçular ilk oyunda olduğu kimi, real imkan yaratmaqda çətinlik çəksələr, işlər çətin olacaq. Estonlar daha rahat oynayacaqlar. Səfərdə vurulan 2 qolun gətirdiyi üstünlük, üstəgəl doğma meydança, azarkeş dəstəyi.  Bir daha deyirəm, şəxsən mənim üçün Lənkəran klubunun mərhələ keçəcəyi çox  çətin görünür. Ancaq onlar buna borcludular. İnanın ki, UEFA səbətindən bundan zəif rəqiblə qarşılaşmaq ehtimalı yoxdur. Yəni, “Xəzər Lənkəran” bu gün “Nomme Kalyu” kimi klubu da məğlub edə bilmirsə, o zaman mənim bu komandaya deyiləsi sözüm qalmır.

“Bakı” isə 2 həftə bundan qabaq Sloveniya toplanışı çərçivəsində 4:0 hesabıyla məğlub etdiyi klubun müqavimətini qıra bilmədi. Əlbəttə, biz də başa düşürük ki, yoxlama görüşü ilə rəsmi görüş arasında xeyli fərq var, bundan başqa, “Mura-05” 0:4-lük məğlubiyət zamanı əsas heyətin 5-6 futbolçusunun xidmətindən istifadə etməmişdi. Ancaq bütün bunlar “Bakı”nın evdə rəqibin müqavimətini qıra bilməməsinə bəraət qazandırmır. Təsəvvür edin, “Mura-05” Bakıya oyun günü gəlir, amma çıxıb “Bakı”ya layiqincə müqavimət göstərir. Ən azından özünə hörmət edən futbolçu bundan xəcalət çəkməlidir. Ancaq “Bakı”nın futbolçuları Sloveniya təmsilçisini hiyləgərlikdə günahlandırır. Lap deyək ki, “Mura-05” özünü kasıb, qeyri-peşəkar klub kimi qələmə verməklə, “Bakı”da arxayınçılıq yaradır. “Bakı” da arxayınlaşmasın. Səfərə cəmi bir dəst forma ilə çıxan, dəyişək olmadığı üçün Azərbaycan I Divizionunda oynayan komandanın formasına möhtac qalan bir klubu məğlub etməməyin bəraəti ola bilərmi?

“Xəzər Lənkəran”da olduğu kimi, “Bakı”da da hücumçu probleminin olduğu açıq-aşkardı. Parks və Verpakovskis zədəlidir (Perpakovskisin, ümumiyyətlə, gələndən bəri düz-əməlli futbol oynadığı mənim yadıma gəlmir). Komanda demək olar gənc və təcrübəsiz Rəhman Hacıyevin ümidinə qalıb. Lənkəranlılar kimi, onlar da ilk oyunda topa daha çox nəzarət etsələr də, rəqib qapısı önündə ciddi təhlükə yarada bilmirdilər. Düzdür, “Xəzər Lənkəran”la müqayisədə “Bakı”nın şanslarını cüzi də olsa çox görürəm, amma yenə də əminliklə nə isə deməyə çətinlik çəkirəm. Bir onu bilirəm ki, hər iki komanda ağır sınaq qarşısındadır. Ya bu sınaqdan üzüağ çıxıb özlərini sübut edəcəklər. Ya da... Hər iki komandamıza (“İnter”i artıq növbəti mərhələdə hesab edirəm) uğurlar arzulayıram və inanıram ki, “Xəzər Lənkəran” bu gün, “Bakı” isə iyunun 12-də qələbə qazanmaqla II mərhələdə “İnter”i tək qoymayacaq.

Anar XANLAROV

6121 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
16.06.2012  17:20 Almaniya çempion olacaq!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?