“Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
[31.10.2011]

Anar Xanlarov

Ötən həftə futbol üzrə Premyer Liqada 2011-12-ci il mövsümünün ilkin mərhələsinin ilk dövrəsinə yekun vuruldu. Bu turda bir neçə diqqətçəkən məqam oldu.

Məsələn, “Sumqayıt Şəhər” cari mövsümdə ilk qələbəsini qazandı. “Rəvan” 4 oyunluq məğlubiyyətsizlik seriyasından sonra nəhayət ki, uduzdu. “Neftçi” “Turan”ı yalnız son dəqiqədə üstələdi. “Xəzər Lənkəran”la “Qarabağ” təsnifat mərhələsinin ilk dövrəsini qələbə ilə başa vurdu.

“Qarabağ” - “Bakı” - 2:1

“Neftçi” ilə I turdan təxirə salınmış oyunda məğlub olan “Qarabağ” 2 gün sonra daha bir ağır matça çıxdı. Əslində təyinatlar zamanı klublar arasında ayrıseçkiliyi sezmək çətin deyil. Məsələn, “Qarabağ” çərşənbə axşamı “Neftçi”yə qarşı ağır oyun oynamasına baxmayaraq, onların “Bakı” ilə XI tur matçı cümə gününə təyin edilir. “Neftçi”nin “Turan”la matçı isə şənbə gününə təsadüf edir. Yəni bakılılar ağdamlılarla müqayisədə bir gün artıq dincəlirlər. Üstəlik, nəzərə alaq ki, “Qarabağ” Quzanlıya uzaq yol qət edib iddialı “Bakı”nı qəbul edəcəyi halda, “Neftçi” Bakıda autsayder “Turan”la qarşılaşacaqdı. Hər halda 3 günə iki ağır oyuna və uzun yol yorğunçuluğuna baxmayaraq, Qurban Qurbanovun komandası “Bakı”nı məğlub edə bildi. Özü də məzmunlu və baxımlı oyunla. Bir sözlə, ağdamlılar qələbəyə layiq idilər. “Bakı”ya gəlincə, bu haqda artıq fikrimi demişəm. Starkov bu komandaya heç bir xeyir verməyəcək. Onun yerlipərəstlik edərək israrla oynatdığı Verpakovskis meydançada olduğu tədqirdə isə, “Bakı” qələbə haqqında düşünməsə yaxşıdır. 

“Xəzər Lənkəran” - “Kəpəz” - 1:0

Bu oyundan qabaq “Kəpəz”dən sürpriz gözləyənlər var idi. Çünki daha öncə gəncəlilər “Bakı”, “İnter”, “Neftçi” kimi iddialı komandalardan xal almağı bacarmışdılar. Lakin Lənkəranda bunu etmək mümkün olmadı. Baxmayaraq ki, Gəncə klubu qol vurmaq üçün bir neçə şans da əldə etdi. Lakin ümumilikdə oyun üstünlüyü meydança sahiblərinin tərəfində oldu və onlar minimal hesablı qələbə qazanaraq, zirvədə qalmağı bacardılar. Bu arada, “Bakı” ilə oyunda kobud səhvə yol verən Kamran Ağayev bu dəfə də start heyətində meydançaya çıxsa da, kapitanlıq sarğısı onun yox, Rahid Əmirquliyevin qolunda idi.

“Qəbələ” - “Simurq” - 0:2

Bax, bu matçın nəticəsi, artıq böyük əksəriyyət üçün gözlənilməz oldu. Həqiqətən də heç kim “Simurq”un Qəbələdən 2:0-lıq qalibiyyətlə dönəcəyini proqnozlaşdırmırdı. Ancaq Zaqatala təmsilçisi bunu bacardı. Etiraf edək ki, onlar 3 xala layiq idilər. Hiss olunur ki, Azərbaycanda cəmi 3 aydır olmasına baxmayaraq, Serqey Yuran yerli ab-havaya 2 ildir burada olan Toni Adamsdan daha tez uyğunlaşa bildi. Hər halda, ingilisin “Simurq”la matçda fiaskoya uğradığını demək olar. Nəzərə alaq ki, qəbələlilər daha öncə evdə “Rəvan”a da məğlub olmuşdular. Elə isə siz deyin, qarşısına çempionluq məqsədi qoyan bir komanda evdə “Rəvan”, “Simirq” kimi komandalara uduzursa, o zaman həmin komandanın öz məqədinə çatacağı nə dərəcədə real görünür? Toni Adamsın burda qaldığı hər ötən gün klubun əleyhinə işləyir. Bu gedişlə “Qəbələ” ilk “altılıq”dan da kənar qala bilər, qaldı ki, çempionluq uğrunda mübarizə olsun.

“Neftçi” - “Turan” - 1:0

Prinsipcə “Neftçi”nin “Turan”ı üstələyəcəyi gözlənilən idi. Lakin bu cür üstələyəcəyi... Söhbət ondan gedir ki, Böyükağa Hacıyevin komandası autsayderlə oyunda qələbə topunu yalnz 90-cı dəqiqədə vura bildi. Belə demək mümkünsə, “Turan” 1 xalı son dəqiqədə əldən verdi. Maraqlıdır ki, uzun müddətdir komandanın kapitanlıq sarğısı daşıyan Rail Məlikovun adı heç ilk “18-lik”də də yox idi. Çoxları bunu baş məşqçi ilə futbolçu arasındakı problemlə əlaqələndirir. Düzdür, Hacıyev mətbuat nümayəndələrinə açıqlamasında “Rail çox yorulmuşdu, ona dedim ki, get, ailənlə birlikdə yaxşı istirahət elə” açıqlamasını verərək, kapitanı şəxsən istirahətə göndərdiyini açıqlayıb. Amma gəlin məntiqlə düşünək. Hansı baş məşqçi çempionatın qızğın vaxtında kapitanını məzuniyyətə buraxır? Üstəlik bir xatırlatma: Hacıyev “Neftçi”yə yeni gəldiyi dönəmlərdə verdiyi açıqlamasında “Mənim komandamda hansısa futbolçunun formasını çıxardıb yerə atdığını görmüsünüz?” fikrini də səsləndirmişdi. Odur ki, bu istirahər məsələsi heç ağlabatan söhbətə oxşamır. Hər halda, “Neftçi” Railsiz də aktivinə 3 xalı yaza bildi.

“Sumqayıt Şəhər” - AZAL - 2:1

“Sumqayıt Şəhər” nəhayət, cari mövsümdə ilk qələbəsini qazanmağı bacardı. Onlar “qara zolağ”a düşən AZAL-ın durumundan məharətlə yararlandılar. Sumqaylıtlılar həftəiçi ölkə kubokunda qazandıqları qələbənin də gətirdiyi motivasiya ilə meydançaya çıxıb “təyyarəçiləri” “qanadını” qıra bildilər. AZAL-a gəlincə, bu gedişlə onlar Premyer Liqada qalmaq uğurunda mübarizə aparmalı olacaqlar.

“Rəvan”-“İnter” - 1:2

Nəhayət, Vladislav Qədirova da məğlubiyyət acısı yaşadan tapıldı. 4 oyun idi məğlubiyyət üzü görməyən Premyer Liqanın debütantı “İnter”lə görüşdə uğurlu seriyanı davam etdirə bilmədi. Digər tərəfdən bunu təbii qəbul etmək lazımdır. “Rəvan” hər halda məğlubedilməz komanda deyil və bütün oyunlarda qələbə qazanası deyildi. Bu oyunda Qədirovun komandası pis oynamasa da, hiss olunurdu ki, Kaxaber Sxadadze rəqibi yaxşı təhlil edib. Ümumiyyətlə, gürcü mütəxəssis daha öncəki turlarda “Xəzər Lənkəran” və “Neftçi”ni də məhz düzgün analiz sayəsində məğlub edə bilmişdi. Beləliklə, qələbə qazanan “bankirlər” üçüncü pillədəki yerini qorudu. “Rəvan” isə “Qəbələ”ni ötərək ilk “altılığ”a düşmək şansını əlindən verdi. 

Anar XANLAROV,
Qol.Az saytı üçün

5291 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
16.06.2012  17:20 Almaniya çempion olacaq!
08.06.2012  16:13 Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?