FİFA və UEFA-ya belə üzv olduq... [29.07.2018] Şakir Yaqubov Tarix üçün bu silsiləni davam etdirirəm... *** 92-ci il martın 19-da “Futbol dünyası” qəzetinin rus dilində nəşr olunan buraxılışında – diqqət yetirin! – Azərbaycan Futbol Federasiyasının (!) nizamnaməsinin layihəsi dərc olunmuşdu. “Ümumi müddəalar”, “AFF-nin məqsəd və vəzifələri”, “Federasiyada üzvlük”, “Federasiyanın maliyyə-təsərrüfat fəaliyyəti və vəsaitləri”, “Federasiyanın emblemləri, vımpelləri, döş nişanları və fəxri fərmanları” və “Federasiyanın fəaliyyətinin dayandırılması” adlı altı bölmədən ibarət layihəyə görə “Azərbaycan Futbol Federasiyası (AFF) özünü idarə edən, Azərbaycan Respublikasında futbolun inkişafının idarə edilməsi sahəsində müstəsna səlahiyyətlərə malik təsərrüfat hesablı təşkilatdır. AFF FİFA-nın nizamnamə və reqlamentini rəhbər tutaraq öz fəaliyyətini peşəkar əsasda həyata keçirir” və “AFF futbol üzrə respublika təsis konfransının qərarı ilə 5 il müddətinə yaradılır. O, FİFA nizamnaməsinə uyğun olaraq gələcəkdə Azərbaycan Futbol Assosiasiyasına çevrilə bilər”. Cəmi bir həftə sonra sonuncu cümlələrdəki müddəaları əməli formada həyata keçirmək üçün konkret addımlar atıldı. “Futbol dünyası” – “Mir futbola” qəzeti oxuculara 27 mart tarixli nömrəsinin birinci səhifəsində manşet xarakterli belə bir mətnlə təqdim olundu: ”Dünən Azərbaycan Futbol Assosiasiyasının təsis konfransı keçirilmişdir. Konfrans İcraiyyə Komitəsini və onun Rəyasət Heyətini təsdiq etmişdir”. Və daha bir cümlə: “Fuad Ənvər oğlu Musayev yekdilliklə assosiasiyanın prezidenti seçilmişdir”. Daha bir həftə sonra qəzet bu manşeti belə incələyir: “Respublikanın demək olar bütün rayon və şəhərlərindən 200-ə yaxın nümayəndə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının –indən belə müstəqil, hüquqi şəxs funksiyalarına malik, respublikanın geniş futbol təsərrüfatının idarə olunması məsuliyyətini öz üzərinə götürmüş təşkilat belə adlanacaqdır – təsis konfransına toplaşmışdı”. Yenə təsis konfransı barədə “Futbol dünyası” qəzetinin hesabatına qayıdıram. Qəzet yazır ki, populyar idman növü olan futbolun inkişafında maraqlı adamlar arasında üç saatdan artıq fikir mübadiləsi getdi. Hamını narahat edən konkret məsələ – milli çempionatın müddəti, strukturu, komandaların sayı barədə qərar qəbul edilməsə də (hərçənd ölkə çempionatının 25 aprel və 1 may aralığında başlaması üçün ilkin razılıq əldə olundu) iştirakçılar daha az əhəmiyyəti olmayan məsələləri müzakirə etdilər. Qeyd edildi ki, başlıcası bütün səyləri beynəlxalq yarışlarda iştirak etmək üçün Azərbaycan milli yığma komandasının hazırlanmasına yönəltmək olmalıdır. Bunun üçün isə əvvəllər olduğu kimi komandalar deyil, Qərb təcrübəsi üzrə özünün ştatı, törəmə komandaları və s. və i. a. olan hüquqi şəxs statuslu futbol klubları yaratmaq lazımdır. Çempionatın iştirakçısı olan klubların üzvlük haqqı haqqında məsələ də qızğın müzakirələrə, başlıcası isə fikir müxtəlifliyinə səbəb oldu. Nümayəndələr prinsipcə 50 min rubla razı olsalar da, o vaxtlar üçün bir növ vicdan işi olan məqamı da – cəbhəyanı bölgələrə güzəşt məsələsini də unutmamağa çağırdılar. Son nəticədə bu məsələdə də konsensus əldə olundu. Təsis konfransında qeyd olunduğu kimi, müstəqil Azərbaycan Respublikasının ilk futbol çempionatı güclülər dəstəsində 26 komanda (hərəsində 13 komanda olmaqla iki yarımqrupda) 1992-ci il mayın 3-də başlandı, avqustun 9-da (“A” yarımqrupu) və avqustun 10-da (“B” yarımqrupu) ilkin yarışlar başa çatdı. Yarımqruplarda ilk altı yeri tutan komandalar sentyabrın 5-dən oktyabrın 27-dək birinciliyin qalibi adı uğrunda mübarizə aparıb güclülər dəstəsində Azərbaycanın ilk çempionunu və medalçılarını müəyyənləşdirdilər.
Avqustun 17-də Gürcaani şəhərində Azərbaycan və Gürcüstan milli seçmə komandaları arasında ilk beynəlxalq yoldaşlıq oyunu keçirildi. Mən bu oyun barədə vaxtilə “İdman” – “Sport” qəzetində geniş reportaj dərc etdirmiş keçmiş qapıçı Gündüz Cəfərovla söhbətləşərək bunun əsasında 2000-ci ildə “Futbol+” qəzetində bir səhifəlik yazı dərc elətdirmişəm. Xatırladıram ki, Gürcüstan – Azərbaycan görüşü 6:3 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarmışdı. Budapeştdəki söhbətimiz zamanı mən bunu da F.Musayevdən soruşdum: “O basabasda nə məcburiyyət idi ki, bu oyun keçirilsin və komanda belə böyük hesabla uduzsun”. Fuad müəllim mənə 1992-ci il avqustun 16-da Moskvada keçirilmiş Rusiya – Meksika matçını xatırlatdı: “Həmin oyunda rusların heyətindən xəbərin varmı? Komanda öz meydanında 2:0 udur və 80-ci dəqiqədə “zamen” eləyir – kimi, kimi, bizim Lemişi 10 dəqiqəliyə meydançaya buraxır. Məqsəd aydındır – bu oyunçunu oynatmaqla onu özününkü eləyir, həmişəlik əlimizdən alır. Bu gün Lemişdir, sabah olacaq Vəli, o biri gün Nazim, Vidadi... bunlar da gedəndən sonra bizdə bəs kim oynayacaq?!. Ona görə biz də tez-tələsik heyəti yığdıq, gürcülərlə danışdıq və bu oyunu keçirtdik ki, sabah problemlərlə üzləşməyək”. Yoldaşlıq oyunu ərəfəsində yığma komanda Mingəçevirdə üçgünlük təlim-məşq toplanışı keçirmişdi. Komandanın rəhbərləri – baş məşqçi Əhməd Ələsgərov və onun köməkçiləri Kazbek Tuayevlə Ağasəlim Mircavadov toplanışa bu futbolçuları çağırmışdılar: qapıçılar – Dmitri Kramarenko, Etibar Şükürov (hər ikisi “Neftçi”), Namiq Bəşirov (“Qarabağ”), Elxan Həsənov (Sumqayıt “Xəzər”i); müdafiəçilər – Emin Ağayev, Faiq Cabbarov (hər ikisi “Neftçi”), Elşad Əhmədov (“Qarabağ”), Eldəniz Süleymanov (“Azəri”), Tərlan Əhmədov (“Turan”), Ramiz Məmmədov (“Kür”), Vüqar İsmayılov (Sumqayıt “Xəzər”i), Sahib İsmayılov (“İnşaatçı”, Bakı); yarımmüdafiəçilər – Rasim Abuşov, Ərani Beydiyev (hər ikisi “Neftçi”), Mahmud Qurbanov, Ceyhun Tanrıverdiyev (hər ikisi “Kəpəz”), Mehman Alışanov (“Qarabağ”), Elmir Xankişiyev (“İnşaatçı”, Sabirabad), Rüfət Quliyev, Vəli Hüseynov (hər ikisi “Turan”), Mirbağır İsayev, Samir Xairov (hər ikisi “Tərəqqi”), Mübariz Orucov (Sumqayıt “Xəzər”i), Əli Abışov (“Plastik”); hücumçular – Samir Ələkbərov (“Neftçi”), Mahir Əliyev, Zaur Qarayev (“Qarabağ”), Qurban Qurbanov (“Daşqın”), Elşən Qənbərov (“Tərəqqi”), Natiq Rzayev (“İnşaatçı”, Sabirabad). Məşqçilər oyuna həmin vaxt Rusiyada oynayan legionerlərimizi – Nazim Süleymanov, Vidadi Rzayev və Şahin Diniyevi də çağırmışdılar, təkcə təzəcə İspaniyaya köçmüş Vəli Qasımov yoxdu... AFFA-nın təkidi ilə 1993-cü ilin payızında UEFA-nın idman qurğuları komitəsinin sədri E. Uolkerin (Böyük Britaniya) rəhbərliyi altında FİFA və UEFA komissiyasının Azərbaycana gəlişi respublikada normal ictimai-siyasi vəziyyətin hökm sürməsi barədə yekun sənədinin hazırlanmasına əsas vermişdi. Bu, həmin ilin dekabrında UEFA İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında AFFA-nın UEFA-ya müvəqqəti üzv qəbul edilməsi ilə nəticələndi. Məhz bu hesaba nümayəndələrimiz 94-cü ilin yanvarında Mançester şəhərində Avropa çempionatı – 96-nın püşkatma mərasimində iştirak etdilər. 94-cü il iyunun 16-da AFFA FİFA-nın Çikaqoda keçirilən 49-cu konqresində bu beynəlxalq quruma tamhüquqlu üzv qəbul edildi. Elə Qazaxıstan futbolçuları da həmin konqresdə beynəlxalq quruma üzv oldular, lakin UEFA-ya üzvlüyü onlar daha 8 il gözləməli oldular. Beləliklə, təxminən iki illik gərgin iş bəhrəsini verdi, Azərbaycan dünya futbol birliyinə daxil oldu. O vaxt təxminən bir ay ərzində müntəzəm olaraq “Səhər” qəzetində verdiyimiz sadəlövh məzmunlu elanı xatırlayıram: “100 dollar olsa, Azərbaycan FİFA-ya üzv olar”. Günlərin birində F.Musayev zəng vurdu: “Yığışdırın o elanı. Yüz dollar daha lazım olmadı...” Bu, FİFA-ya rəmzi üzvlük haqqı idi. Fuad müəllim o vaxt İsveçrədə işləyən oğluna tapşırmışdı ki, məsələni həll eləsin, Azərbaycanın da, FİFA-nın da gözünü yoldan yığsın. 100 dollar söhbəti bu yolla həllini tapmışdı... Şakir YAQUBOV 24062 dəfə baxılıb |