Kərim Ansarifardın bizə mesajı [30.06.2018] Aydın Bağırov Kərim Ansarifard hazırda İran milli komandasında oynayan, gərək ki, yeganə Azərbaycan türküdü. 2011-ci ildə ölkəsində ilin ən yaxşı idmançısı seçilən bu oyunçu müasir İran futbolunun parlaq nümayəndələrindən sayılır. Bugünlərdə DÇ-2018-də qrupun hər üç oyununda iştirak edib və hətta Ronaldonun Portuqaliyası ilə matçda penaltidən olsa belə, qol da vurub. Bu qısa statistik faktı yekunlaşdırıb, gələk Kərimin dünən sosial şəbəkələrdə yayılan və rezonans doğuran videosuna. Videoda Kərim Azərbaycana, öz etnik kimliyinə bağlılığını və sadiqliyini bu şirin şivəsi ilə dediyi sözlərlə təsdiqləyir: “Mənə iftixardır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə də demişəm ki, mən Ərdəbil uşağıyam”.
O 60-70 min insanın arasında isə neçə-neçə Kərim var. Və əlbəttə, Əlilər də. Əli... Əli Daie. Kərimdən daha əvvəl İran milli komandasında oynamış, bu komandanın tarixində indiyədək heç kimin bacarmadığını edən – düz 109 qol vuran, bir zamanlar hətta məşhur “Bavariya”da da oynayan Əli Daei. Bəzi iranyönlü mənbələr onu fars kimi qələmə versə də, əslində o da Ərdəbildə doğulan təmiz Azərbaycan türküdü. İranda yetərincə məşhur olan bu soydaşımız da zamanında türk olmasıyla fəxr etdiyini dəfələrlə bəyan edib. Hə, onlar Azərbaycana bu qədər bağlıdılar. Bəs, bizim – Şimalda yaşayan azərbaycanlıların Cənubdakı soydaşlarımıza münasibəti necədi? Nə qədər təəssüf və təəccüb doğursa da, bəzi insanlarımızın timsalında laqeyd və soyuq! Ürəyində vətən nisgilli, pak və təmənnasız Azərbaycan sevgisi olan bu adamlar Bakıya ayaq basanda, həsrətində olduğu şəhərin küçələrini gəzəndə onlara ərəb turistlərə laqeyd yanaşma kimi münasibət bir tərəfə qalsın, hələ də iranlı kimi xitab edib qəlblərini qıranlar az deyil. Dəfələrlə buna etiraz edib "biz fars yox, azərbaycanlıyıq, türkük" demələrinə yəqin çoxumuz rast gəlmişik. Amma görünən budu ki, bu haqlı iradlar, incik sözlər bizim çox az insanımıza təsir edir. Doğma vətənlərində onlara fars, gəlmə deyilir. Onlarsa başlarının üzərindəki qala buluda baxmayaraq hər gün “Azərbaycan” deyir... Aydın BAĞIROV |