Yoxa çıxan uşaqlar [25.03.2018] İlqar Tağıyev U-15 LİQASINDA OYNAMALI OLAN HƏR 5 UŞAQDAN 4-ü FUTBOLU NİYƏ ATIR? Hər il olduğu kimi bu il də AFFA özünün növbəti, bu dəfə 25-ci konfransını keçirdi. Rəhbər şəxslər qurumun illik gəlirlərini, xərclərini ictimaiyyətə açıqladı, görülən işlər barədə məlumat verildi, futbolumuzun 2017-ci ildəki uğurlarından danışıldı. Futbolumuzla yaxından-uzaqdan əlaqəsi olmayan istənilən şəxs konfransda iştirak etsəydi, onda belə bir təsəvvür yaranardı – Azərbaycan futbolunda hər şey qaydasındadır, özünün inkişaf dövrünü keçir, problemi-filan yoxdur və s. Təəssüf ki... İnsaf naminə qeyd edək ki, konfrans yüksək səviyyədə təşkil olunmuşdu. 5 ulduzlu otelin konfrans zalı, hörmətli qonaqlar, geniş hesabat... və müxtəlif şəkillərlə, cədvəllərlə, qrafiklərlə bəzədilmiş nəfis tərtibatlı buraxılış. Məhz həmin buraxılışda futbolumuzun çatışmazlıqlarını özündə əks etdirən bir neçə faktla rastlaşdıq. Bir neçəsi uşaq futbolu ilə bağlı idi. Onlardan biri haqqında danışacağıq. Buraxılışın 97-99-cu səhifələrində 2016/17-ci illər mövsümündə liqalarda çıxış edən futbolçuların davamiyyəti ilə bağlı məlumat yer alıb. Başağrısı olsa da, faktları təqdim etməyi lazım bilirik. Deməli, U-10 Liqasında həmin mövsüm iştirak edən 1686 uşaqdan 584-ü növbəti mövsüm karyerasını bitirib. Bu, 34,64 faiz itki deməkdir. Digər liqalarda da itki faizi ikirəqəmlidir: U-11 Liqasında 1662 futbolçudan 673-ü (40,5 faiz), U-12 Liqasında 1884 futbolçudan 814-ü (43,2 faiz), U-13 Liqasında 1958 futbolçudan 856-ı (43,7 faiz), U-14 Liqasında 1929 futbolçudan 1526-ı (79,1 faiz), U-15 Liqasında 307 futbolçudan 96-ı (31,3 faiz), U-16 Liqasında 283 futbolçudan 76-ı (26,85 faiz) və U-17 Liqasında 289 futbolçudan 129-u (44,65 faiz) növbəti mövsüm futboldan uzaqlaşıb. Başqa sözlə, 4754 uşaq və gənc yoxa çıxıb. Budur ölkədə uşaq futbolunun inkişafı? Kimdir günahkar, AFFA, klublar, yoxsa cəmiyyət? Məsələ burasındadır ki, U-10 Liqasından U-14 Liqasına kimi yarışlar bütün respublika üzrə 6 regionda keçirilir. İstənilən klub, UİGM, İOEUGİM, RİOEUGFM və s. məktəblər yarışlara komanda buraxır və bu da futbolçuların sayının çox olması deməkdir. Zonalarda qalib gələn komandalar mövsümün sonunda final mərhələsinə vəsiqə qazanırlar və burada mükafatlar uğrunda mübarizə aparırlar. Təbii ki, yarışların təşkilatçısı AFFA-dır. Qurumun üzərinə düşən işin öhdəsindən gəldiyini deməmək haqsızlıq olar. U-15 Liqasından başlayaraq çempionat fərqli sistemdə keçirilir. Daha dəqiqi, komandalar 2-3 dövrəli birincilikdə qüvvələrini sınayırlar. Bu isə klublar, futbol məktəbləri üçün əlavə xərc (yol, yemək, geyim və s.) deməkdir. Məhz bu üzdən bir çox komanda U-15 Liqasında iştirak etməyə maraqlı deyillər. U-14 Liqasında görünən həmin komandalar U-15 Liqasından imtina edincə, komandalar avtomatik ləğv olunur və uşaqlar futbolu buraxmaq məcburiyyətində qalırlar. Əsasən rayonlarda yaşayan nisbətən bacarıqlılar və bəxti gətirənlər karyeralarını Premyer Liqa klublarının nəzdindəki futbol akademiyalarında davam etdirirlər. Qalanları isə...
U-15, U-16 və U-17 Liqalarında futbolçu azlığının səbəbi nədir? Bayaq qeyd etdiyimiz kimi, U-15 Liqasından başlayaraq çempionatın formatının dəyişməsi və xərclərin artması. Komandaların səfər, yemək, geyim, təşkilati və s. xərcləri artır ki, bunu da qarşılamaq asan olmur. Deyək ki, Premyer Liqa təmsilçiləri könüllü və ya məcburi şəkildə bu liqalara komanda buraxırlar, onların bütün məsrəflərini pis-yaxşı qarşılayırlar. Bəs, digər klublar, futbol məktəbləri? Bəzi futbol fədailərini çıxmaq şərtilə qalanlarının uşaq futbolu vecinə də deyil. Misal kimi Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman məktəblərini göstərə bilərik. Respublika üzrə bütün rayonlarda UGİM-lər fəaliyyət göstərir. Hər UGİM-nin nəzdində isə futbol bölməsi olmalıdır. Təəssüf ki, elə UGİM-lər var ki, futbola yer ayrılmayıb. Ayrılanlarda isə... “Vətən"i və 2-3 rayonu çıxmaq şərtilə qalanlarında görüntü xatirinə futbol komandaları fəaliyyət göstərir. Həftədə 2-3 dəfə məşq, forma əvəzinə “nakitkalar", çırıq toplar, savadsız məşqçilər... İlin sonunda isə rəhbərliyə görülən işlər barədə hesabat verilir. Bəs, görülməli olan və görülməyən işlərdən kim danışacaq? Kütləvilik bu deyil, əzizlərim! Peşəkar futbolun kandarı hesab olunan U-16, U-17 liqalarında komanda, futbolçu sayı artmasa, futbolçuların itki faizi azaldılmasa, kütləvilikdən, inkişafdan danışmağa dəyməz. İnkişafa, kütləviliyə nail olmaq istəyiriksə, ilk növbədə liqalara diqqət artırılmalı, keyfiyyət yüksəldilməli, problemlər aradan qaldırılmalıdır. Bu liqalara diqqət ürəkaçan deyil, keyfiyyət aşağıdır, problemlər yetərincədir. Məgər süni örtüklü meydanlar, qazonu bərbad olan stadionlar, hakim-inspektorların yoxluğu, futbolçu qıtlığı və s. problem deyil? Bəs, bu çatışmazlıqları necə aradan qaldırmaq olar? Təbii ki, AFFA, klublar, idmana və təhsilə cavabdeh olan dövlət qurumlarının birgə səyi ilə. Çünki hər biri futbolumuzun inkişafına borcludur. İlqar TAĞIYEV |