Qurban Qurbanov 80 minlik oyunçunu “300 minə aldıq” demir.. [02.08.2017] Aydın Bağırov Allah kəssin futbola belə baxmağı. *** Nədi axı “Qarabağ”ın uğuru? Klubun qurduğu düzgün strategiya, Qurban Qurbanovun bir məşqçi kimi yüksək peşəkarlığı, komandada yaratdığı xoş-ab hava? Bəli, bütün bunlar bir klubun təməl prinsipləridir. Amma “Qarabağ”ın uğurları tək bu da deyil. Həm də ordakı dürüstlükdü, təmizlikdi... Məsələn, Əmrah Çəlikəl Tahir Gözələ pul atmır, Qurban Qurbanov da Əmrah Çəlikələ. İnkişaf həm də ondan başladı ki, Qurban Qurbanov 100 minlik (şərti olaraq) normal əcnəbi futbolçunu “Qarabağ”a 80 minə gətirə bilirdi (gətirir də), amma məsələn, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”də 50 minlik yararsız bir futbolçunu öz sahibinə “300 minə almışıq” deyə kələk gəlirdilər... Bir yerdə əliəyrilik, dələduzluq olanda sonluq da acınacaqlı olur, təbii ki. Hardadı Azərbaycan futboluna qısa zamanda xeyli istedad bəxş edən “Bakı”? Hardadı “Xəzər Lənkəran”? Doğma komandalarına sadaqətlə bağlı olan Cənub bölgəsindəki o qədər insan niyə futbolsuz qalmalı idi? Və niyə “Qarabağ” yaşayır? Özü də təkcə yaşamır, həm də günbəgün inkişaf edir, özünə şəhərin mərkəzində fan-şop açır, əsl peşəkar klub kimi – təkcə milyon xərcləmir, həm də UEFA yarışlarından milyonlar qazanmağa başlayır. *** 1992-ci ildə britaniyalı bəstəkar Toni Britton Avropa Çempionlar Kuboku - indiki Çempionlar Liqası üçün bir himn yazdı. Əsəri səsləndirmək London yaxınlığında yerləşən bir kilsənin akademik xoruna həvalə edildi. Nəticə? ÇL-in hər oyunundan əvvəl səslənən 37 saniyəlik bu himn nəhəng bir əsərə çevrildi. Düz 25 ildir Çempionlar Liqasının oyunları bu möhtəşəm əsərlə başlayır. Gəlin, Respublika stadionuna komandanıza dəstək də olun, tüklərimizi biz-biz edən o əzəmətli əsəri canlı olaraq dinləyin də. ... Və “Qarabağ”a sağ ol deyin! Aydın BAĞIROV |