Futbolun namərdliyi, Kamil də öldü...
[26.07.2017]

Aqil Abbas

Futbol elə bir xəstəlikdi ki, mübtəla olmayan bilməz. Hər bir xəstəliyin müalicəsi var, hətta xərcəngin də! Amma futbol xəstəliyinin müalicəsi yoxdu. Tutuldun, işin bitdi. Futbolun ağrısı da çox ağırdı, sevinci də çox böyük sevincdi. Vaqif Cəbrayılzadənin (Bayatlının) çox gözəl bir şeiri var: "Toy evindən dörd hasar o yanda oynayan uşaq". Mən də elə futbolda toy evindən dörd hasar o yanda oynayan uşağa bənzəyirəm. Ən çox da qol olarkən sevinən futbolçuların sevincini bəlkə də onlardan artıq yaşayıram.

Tez-tez işlətdiyim bir fikrim var, televizyonlarda da dəfələrlə demişəm, qəzetlərdə də yazmışam. Deyirəm ki: "Ölmək qorxulu deyil, insan əvvəl-axır öləcək. Amma fikirləşəndə ki, sən öləndən sonra dünya çempionatları olacaq, gözəl-gözəl oyunlar olacaq, sən onları görə bilməyəcəksən, adam dilxor olur".

Bəzi ağzıgöyçəklər mənim bu sözümün başına ip salıb sosial şəbəkələrdə şivən çıxarırlar ki, niyə Qarabağı demir, futbolu deyir, bu necə qarabağlıdı?! Baş qoşmuram, qoy desinlər. Əvvəla mən Qarabağı görəcəm, Ağdamı da, Şuşanı da, Kəlbəcəri də görəcəm! Kim Qarabağı görəcəyinə inanmırsa, onun çatısı əskikdi. Nə isə...

Futbolun namərdliyi nədi? Dünən çiynində gəzdirdiyin futbolçunu və ya məşqçini bu gün ayaqlarının altına alıb tapdalayırsan. İstəyir Messi olsun, Ronaldo olsun, Neymar olsun, Rəşad Sadıqov olsun, Bədavi Hüseynov olsun, Maksim Medvedyev olsun, Qvardiola olsun, Qurban Qurbanov olsun. Fərq etməz! Döyüşü asan bilir qıraqdan baxanlar...
Futbol bir oyundu. Bu oyunda qələbə də var, məğlubiyyət də. Qələbə çalanda sevinirsən, alqışlayırsan. Oğul odur ki, komanda məğlub olanda yenə ona arxa durasan, sevəsən, bağrına basasan, ruhdan düşməyə qoymayasan, növbəti oyuna kökləyəsən. Yoxsa...

"Qarabağ" "Şerif"lə heç-heçə oynadı. Bu dəfə bəxt komandamızın yanında olmadı. Neçə qolu qaçırtdıq. Keçən oyunda Rəşad Sadıqov meydançanı vaxtından əvvəl tərk elədiyi kimi, bu dəfə də mərkəz müdafiəçimiz Kuba (Yakub Jezniçak) gözlənilmədən zədə aldı və meydanı vaxtından əvvəl tərk etməli oldu. Bu, komandaya ruh düşkünlüyü gətirdi. Və birinci hissədə Qurbanov məcburi taktika gedişləri etməli oldu. Yəni birinci hissə ürəyim istədiyi kimi alınmadı. Hakimin kobud səhvlərini də tullayıram qırağa. Amma ikinci hissədə komanda özünü ələ aldı və gözəl oyun nümayiş etdirdi. Amma yenə bəxt bizdən yana deyildi! Olsun! İnşallah, bir həftə sonra "Qarabağ" Moldovada sözünü deyəcək. Yüz faiz əminəm ki, qalib gələcəyik.

Baxıram sosial şəbəkələrdə, saytlarda "Qarabağ"ı top atəşinə tuturlar. Dünən "Samtredia" üzərindəki qələbələrə görə komandanı göyə qaldıranlar bu gün tapdalamaq istəyirlər. Niyə qardaş?! Dünyada elə bir komanda varmı ki, bütün oyunlarda qalib gəlsin?! Dünyanın bir nömrəli komandası sayılan "Barselona" çempionlar liqasından kənarda qalıb. Braziliya öz meydançasında almanlara uduzdu. Yuxarıda qeyd etdiyim kimi bu futboldu, eləsi də var, beləsi də var.

Mən əvvəllər "Qarabağ"ın bütün oyunlarını meydanda izləyirdim. Hara gedirdisə, komanda ilə birgə mən də gedərdim. Hətta bəzi xarici ölkələrə səfərlərində də komandanın yanında olmuşam. Son zamanlar komandanın oyununu nəinki meydanda, heç televizyonda da izləmirəm. Bunun da səbəbini dəfələrlə açıqlamışam. Həddindən artıq həyəcanlanıram. Tez-tez kanala qayıdıb hesaba baxıram və dərhal da kanaldan çıxıram. Görünür, bu, yaşla əlaqəlidi. Ümumiyyətcə futbolda həyəcanımı saxlaya bilmirəm. Bir dəfə stadionda "Qarabağ" Avropa kuboklarında hansısa komandaya qol vuranda sevindiyimdən az qala huşumu itirmişdim. Yaxşı ki, yanımda dostlar vardı və hətta həkim çağırası oldular. Yəni belə həyəcanlanıram.

"Samtredia" ilə oyunda dostum Emrah Çelikel telefon açdı ki, istəyirik oyuna gələsən. Mən də jurnalist dostum Aydın Bağırovu da götürüb getdim. O qədər çığırmışdım, o qədər həyəcanlanmışdım ki, evə gələndə özümdə deyildim. Evdəkilər soruşdular ki, nə olub, səni döyüblər? Bəli, məni döymüşdülər, sevincim döymüşdü məni. Hətta səhərisi gün də özümə gələ bilmədim.

"Şerif"lə oyuna yenə də dəvətnaməm vardı, amma evdən buraxmadılar. Dedilər futbolda ölmək istəyirsən? Və zarafat da elədilər ki, qəzetlərə yaxşı manşet verərsən futbolda ölsən. Televizyonda izlədim, səsim-küyüm də aləmi götürmüşdü. Bəzən futbolçularımıza söyürdüm. Amma Milli Qəhrəmanımız Allahverdi Bağırovun söyüşüylə. Allahverdi əvvəllər "Qarabağ"ın həm kapitanı, sonra isə məşqçisi olmuşdu. Belə bir söyüşü vardı, futbolçu əgər səhv edərdisə deyərdi: "Ay namərd, səni çörək tutmasın!". İndi "Şerif"lə oyunda "səhv edən fultbolçularımızı çörək tutmasın" hamısı canımızdı, ciyərimizdi.

Dostum Qurban Qurbanova və futbolçulara da məsləhətim odur ki, hər sözü aldırmayın. Sizə inanırıq! Hətta məğlub olsanız da ürəyimizin başında yeriniz var.

Bəs Kamil kimdi? Ona Xaliqoğlu Kamil deyirdilər. Ağdamda yaşayırdı. Ağdam deyəndə, yəni Quzanlıda. "Qarabağ"ın heç bir oyununu buraxmazdı. Gəlirdi Bakıya, oyuna baxıb qayıdırdı. O da oyun zamanı çox həyəcanlanırdı. Onu görən kimi də istəyirdim gətirəm yanımda şərəf tribunasında oturdum. Deyirdi yox, müəllim, mən uşaqlarla oturacam. Gedib otururdu fanatlarla. "Qarabağ"ın səfər oyunlarına da gələrdi. O adamın evi-eşiyi dağılmışdı, yandırılmışdı, Ağdamdakı bahalı həyatı məhv olmuşdu. Bütün nəsliylə çöllərdə idi, çadır şəhərciyindəydi. Onu həyatda yaşadan təkcə "Qarabağ" idi, "Qarabağ"a sevgisiydi.

Srağagün eşitdim ki, rəhmətə gedib. Yəni çıxıb gedib Ağdama. Elə də yaşı yoxuydu, təxminən altmış. Ağdamsızlığa dözməyib ürəyi partlayıb. Yəqin ki, Bakıya "Qarabağ"ın oyununa baxmağa gələcəymiş, qisməti olmadı.

Qədir Rüstəmov İstanbulda xəstəxanada koma vəziyyətində olarkən ziyarətinə getdim və gördüm Qədir yoxdu. Yavaşca Qədirə yaxınlaşıb bağırdım: "Qədir, Ağdamı aldıq! Aldıq ey!" Dedim bu dünyadan rahat köçsün. Sonra çıxdım çöldə hönkur-hönkür ağladım. Qədirə yalan danışmışdım.

Bir həftədən sonra gedəcəm Kamilin qəbri üstünə və deyəcəm: "Kamil, "Şerif"in anasını ağlatdıq ey!" Amma bu dəfə yalan olmayacaq. İnşallah! "Şerif"in anasını ağladacayıq.

Anadır arzulara hər zaman Qarabağ!

Və bu gün oxuyan dil-dodağın da nə tardı, nə kaman.

Qurban Qurbanovdu və onun uşaqlarıdı!

Aqil ABBAS

12626 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
08.04.2024  18:00 Qəm eləmə, Azər Bağırov, bu da keçər! 
28.03.2024  11:52 Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
14.03.2024  11:39 "Qəbələ"nin birinci liqaya düşməsi futbolumuz üçün faciədir
12.03.2024  16:35 Azər Bağırov, ruhdan düşmə! 
04.03.2024  13:45 Tərlan Əhmədova it dəyib?! - Aqil Abbas yazır
21.02.2024  14:15 Köhlən atlar, yoxsa ayğır atlar?
21.11.2023  10:53 Bir qırmızı kart da De Byaziyə çıxarılmalıdır
17.11.2023  16:48 At kimi gözəl xanım - Aqil Abbasın yazısı
21.08.2023  16:00 Futbolçu alverçiləri
03.08.2023  17:10 Qurban Xoca, tənqidlər səni ruhdan salmasın
28.07.2023  12:37 Qaraçı Əlövsət və Şahruddin
28.03.2023  14:49 De Byazini təbrik edirəm, milli komandanın içinə oturduğuna görə 
27.02.2023  13:23 Futbolu olmayan ölkədə hamı futbol professoru olub 
30.01.2023  15:05 "Neftçi" və Qurban Pirimovun tarı
29.12.2022  14:59 "Qarabağ"ı bir futbolçunun ayağına bağlamayın - Aqil Abbas yazır
01.12.2022  19:37 Ə, bayıssı göyçək, qoy biz də oynayax dana
04.11.2022  17:01 Qurban Qurbanovun nə çox məsləhət verəni varmış?
03.11.2022  14:19 Bu dünyadan Maxaradze keçdi…
28.10.2022  12:10 Turaf əmi buna neynəsin?!
23.08.2022  10:00 “Qarabağ”, “Tofiq Bəhramov” stadionu və BOS
11.08.2022  18:02 Elmar Vəliyev o stadionu bir aya təmir etdirərdi
10.08.2022  16:55 Qurbanın atları Çingiz xanın atları kimi tapdalayıb keçir
21.04.2022  15:40 “Qəbələ” Qəbələdə yaşamalıdı
18.04.2022  16:05 Üzümü AFFA-ya tutmuram, Ramin Musayevə tuturam 
13.04.2022  17:18 Qurban, saa qurban
28.02.2022  17:01 Bəlkə Ayxan Abbasova yalvarıb qaytarasız “Sumqayıt”a? – Aqil Abbasın yazısı
12.11.2021  14:51 Bizdən öndə gedir lüksemburqlular, işi iş bilməyənə tapşırmır onlar!
18.10.2021  13:34 Prezident Qara Qarayevə nə dedi? – Aqil Abbasın yazısı
20.09.2021  15:44 Azərbaycanda məhlə çempionatı davam edir
04.12.2020  11:10 Gələn il sizi Ağdamdakı toyuma dəvət edirəm
02.10.2020  16:45 "Qarabağ"ın köhlən atları
04.08.2020  16:08 Arıq eşşəklərin yaylağı – Aqil Abbasın yazısı
01.09.2019  16:15 Məşqçilərimizin oxumaması qəti qadağandır!
27.08.2019  13:54 Allahverdi Bağırovun çayxanadan yığdığı uşaqlar
01.08.2019  15:40 Futbol bir bəladır ki, mübtəla olmayan bilməz
13.05.2019  22:33 50 manatlıq futbol "mədəniyyəti"
30.12.2018  12:26 "Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın
13.09.2018  12:20 Azərbaycanda nə vaxt futbol olacaq?!
04.12.2017  16:28 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
01.11.2017  16:18 Madriddə aprel döyüşləri
22.09.2017  16:06 Hərdən AFFA və PFL-ə yazığım gəlir
08.09.2017  14:24 İmkan verməyin, “Futbol saatı” bağlansın...
16.08.2017  16:46 Lobanovski və bizim Qurban
10.08.2017  18:34 AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?
02.08.2017  12:55 Qurban, sizə və uşaqlarına qurban!
19.04.2017  15:41 Olmayan Ağdam və olan Tovuz…
17.04.2017  13:17 Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!
27.03.2017  12:50 “Kolxozçu”yla oynamırdıq ey, almanlarla oynayırdıq!
22.02.2017  14:47 Bizimkilər qırılıb qurtarıb ki?!
26.01.2017  15:04 Ey gözəl İmarət, ey gözəl “Qarabağ”
25.11.2016  15:52 Stadionun yolunu tanımayan futbol azarkeşləri
02.09.2016  16:00 Aydın, Səttarın ayaqyalın oynadığını heç gördünmü?
03.08.2016  15:35 Darıxmayın, Qarabağ atları hələ çox finişi fəth edəcək!
18.07.2016  16:36 Off bə! Ürəyimi boşaltdım!
28.04.2016  16:04 Futbolun utanc gecəsi
12.04.2016  16:08 "Böyük oyun" məni niyə kövrəltdi?!
04.12.2014  17:12 Budu bizim “Qarabağ”a sevgimiz?
09.10.2014  12:10 Ağılsız futbolçu və ya meymunun yanğın söndürməyi
18.08.2012  13:56 "Qarabağ"ı Ağdama qaytara bilməyənlər, Ağdamı qaytara biləcəklərmi?!
28.09.2011  13:00 Pəyədəki eşşəyin səsinə inananlar