80 ilin ən qara üzü [23.04.2017] Emin ABBASOV “Neftçi”nin rəngləri kimi tarixi də ağ-qaradan ibarət olub həmişə. Sovetlər dönəmində də, müstəqillik illərində də zaman-zaman pis durumlara düşüb xalq komandamız. Amma yarandığı gündən 80 il sonra, özü də belə zəif çempionatda “Neftçi”nin yubiley ilində bu qədər bərbad çıxış edəcəyini heç ən pessimist azarkeşlər də proqnozlaşdırmazdılar. Çingiz, Elxan, Vəli, Elnur, Orxan və ya bir başqası... Bunun artıq heç bir önəmi yoxdur. Tarixdə təfərrüatlar yox, nəticə qalır. Bu “Neftçi” 80 ilin ən qara üzüdü. “Flaqman”ı kimin bu günə qoyduğunu 20-30 ildən sonra çox az adam xatırlayacaq. 80 illiyin qara səhifəsi isə həmişə “Neftçi”nin üstündə biabırçı tarix kimi qalacaq. Məşqçinin əsas bacarığı da odur ki, komandasının imkanlarını düzgün müəyyənləşdirə bilsin! İndi isə öz dediyi kimi “Əli aşından da oldu, Vəli aşından da”. Hərçənd kubok matçlarını Premyer Liqadakı uğursuzluğun əsas səbəbi kimi qəbul etmək olmur. Yəqin ki, bunun dəqiq, dolğun izahı da var. Amma ən bəsit formada desək, “Neftçi” qış toplanışında yığdığı gücü qısa zamanda xərclədi. "Bir neçə atımlıq barıt" təsiri bağışladı Elxan Abdullayevin qışdan sonrakı komandası. Mövzunu bir qədər də uzadıb, daha detallı təhlillər aparmaq olardı. Qısaca isə, 80 ilin ən qara üzü oldu bu “Neftçi”... Emin ABBASOV 6607 dəfə baxılıb |