Allahverdi Bağırovun iradı... [21.04.2017] Aydın Bağırov Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın əfsanəvi kapitanının 71 illiyinə O, futbol oynayanda mən hələ doğulmamışdım, mən doğulanda isə o futbolda yox idi. Onu bizə futbol tanıtmadı. Döyüş meydanlarındakı, Qarabağdakı artıq az qala dastana çevrilən qəhrəmanlıqları tanıtdı. Və onu qəlblərdə yaşadan da, onun adını bu gün futbola qaytaran da - formalarının üzərinə yazdıran da, futbol tribunalarında böyük pankartlarını açılmasına səbəb olan da bu qəhrəmanlıqlarıdı. Və o adı yaşadan həm də özünə "Allahverdinin əsgərləriyik" kimi şərəfli şüar seçən "İmarət" fan klubunun fədakar üzvləridi. ***
Qarşımdakı yekəqarın, burnuəyri, əyin-başından kilolarla kir tökülən oğlan sırtıqlığından əl çəkmir. Məndən də böyükdü axı, davaya girsəm, gücüm çatmayacaq. Və bu zaman köməyə nə çatır? Hə, o ənənəvi uşaq üsulu. Yerdən bir daş götürüb, heç nə fikirləşmədən çırpdım bunun təpəsinə… Başından qan açıldı. Üstümə şığıdığını görüb qaçdım. Gəlib, bulvarın yanındakı restorandan keçəndə bir nəfər qolumdan tutdu. Allahverdi Bağırovu o dəqiqə tanıdım. Atamla uzun illərin dostu idilər (restoran Allahverdi Bağırovun idi). - Kimin oğlusan? - Rövşənin. - Niyə qaçırsan, ə? Danışdım hər şeyi. Və ətrafa baxanda yanımda başından hələ də qan gələn o oğlanı gördüm. Yazığım gəldi, düzü. Alllahverdi Bağırov bizi elə oradaca barışdırdı. Dedi, bir-birinizə əl verin, bir də dava etməyin və bir böyük kimi məsləhət gördü ki, özündən kiçiklərə əl qaldırma. Oğlan getdi və onu bir də heç vaxt görmədim. Sonra məni yanında oturtdu. Kimləsə yeyib-içirdi. Bir az söhbət elədik. Bir o yadımda qalıb ki, axırda mənə də iradını bildirdi: - Dava edəndə heç vaxt qaçma! O heç vaxt heç kimin qabağından qaçmadı... Və Allahverdi Bağırov yaddaşımda həm də bu iki məsələyə daha çox qaldı: 2 uşağın gələcək münaqişəsinin qarşısını alan ədalətli insan və mərd şəxsiyyət kimi... Aydın BAĞIROV |