80 ilin matçı - "Neftçi" erməniləri necə döydü? [18.03.2017] Anar ŞABANOĞLU Biz bu oyunu matç başlamazdan udmuşduq - püşk bizi ermənilərlə qarşılaşdıranda və bu oyun 19 yanvara təyin olunanda... "Dinamo" manejinin birinci mərtəbəsində futbolçular, ikinci mərtəbəsində isə azarkeşlər üz-üzə gəlməli idi. Meydanda hər iki komandanın üzvləri eyni sayda olsa da, oturacağı və ümumiyyətlə oyun izləmək üçün heç bir şəraiti olmayan ikinci mərtəbədə bizimkilər üstünlüyü tam ələ almışdı. Erməni azarkeşlər 100 nəfər idisə, biz 1000, 200 idisə biz 2000, 300 idisə biz 3000 idik! Ermənilər azərbaycanlılarla qarşılaşmaqdan qorxub bu oyunda komandalarını dəstəkləməyə gəlməmişdilər... Futbolçularımız ölməyə razı idi, məğlub olmağa yox! Cərimə zərbəsindən vurduğu top qapı tirinə dəyməsə, rəqibi darmadağın edəcəyimiz "professor" Mahmud Qurbanov... Oyunun taleyini həll edən qolla ermənilərin "belini qıran" "akademik" (baxın ha bu ləqəbi də mən verdim) Vidadi Rzayev... Yalnız milyonları dəlicəsinə sevindirən tək qoluna görə ən gözəl mükafata layiq (deyəsən tək mükafatı əbədi azarkeş sevgisi və bu qola görə gənclərin ona həsr etdiyi rep oldu) Georgi Adamiya... Sarkis Ovsepyan tərəfindən təxribata çəkilən və buna görə meydandan qovulan, qırmızı vərəqə aldığına görə göz yaşını saxlaya bilməyən amma oyun bitdikdən sonra komandaların qaldığı "Kosmos" otelində ermənilərin tanınmış kapitanını bir zərbəylə nokauta göndərən Rəşad Sadıqov... "Kosmos"un foyesində erməniləri "jonqlyor" kimi "çiləyən" Emin adlı Rəşadın dostu... Vəzifəsini unudub "idi sos.." deyə ermənilərin üstünə cuman və çətinliklə sakitləşdirdiyim Ramin Musayev... Tomislav Mişura, İssa Nikiema, Darko Çordaş, Tomislav Vişeviç... Əlbəttə, bu oyun haqda hələ çox danışılacaq, çox deyiləcək. Güman ki, kitablar da yazıldı, filmlər də çəkildi. Amma çətin ki, hansısa kitab və ya film həmin hissləri bir daha olduğu kimi yaşada bilsin... |