AFFA öz stadionuna niyə Banişevskinin adını vermir? [23.02.2017] Aydın Bağırov “Dalğa Arena”, “Bayıl Arena”, “Bakcell Arena”, Olimpiya stadionu. Bu dörd stadionun hər birini AFFA Azərbaycan dövlətinin vəsaiti hesabına inşa etdirib, hər birinə də özünün istədiyi adı verib. Əslində arenaların adlarında qeyri-adi nəsə yoxdu. Amma. Həm də var... Bakı Olimpiya stadionuna qədər ən böyük idman arenamız Tofiq Bəhramovun adına daşıyan stadion idi. Zamanında, 1993-94-cü illərdə yaxşı ki, kiminsə ağlına ideya gəlib ki, bu arenaya unudulmaz hakimimizin adını versin. Amma Azərbaycan futbolunu xaricdə, keçmiş SSRİ miqyasında ən azı Tofiq Bəhramov qədər uğurla və ləyaqətlə təmsil edən başqa bir futbol adamımız daha var – böyük Anatoli Banişevski... Bu gün 71 yaşı tamam olur onun. Haqqında hamımız xüsusilə ad günlərində hər zaman artıq şablon olan sözlər deyirik: dahi futbolçumuz, əfsanəmiz və sair və ilaxır... Amma dərinə gedəndə, bəlkə də Banişevskinin ruhu rahat deyil bu gün... Səbəb? Niyə məsələn, həmin stadionlardan birini Banişevskinin adına vermirik? Olsun Banişevski adına Bakı Olimpiya Stadionu və ya Banişevski adına Bayıl Stadionu, yaxud Mərdəkan Stadionu. Ümid edək ki, AFFA Azərbaycan futbolunun tarixinə, Banişevskinin timsalında onun dəyərlərindən birinə öz əməli işi ilə sahib çıxacaq və stadionlarından birinə ölməz futbolçumuzun adını verəcək. |