Qol.Az

“İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!


 

“İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!

“İnter”in Avroliqadakı çıxışına bir qədər sonra toxunacam. Amma öncə avrokuboklarda mərhələ adlayan “Qarabağ” və “Neftçi”nin azarkeşlərini layiqli qələbə münasibəti ilə təbrik edirik. Təbii, sevinirik, sevinməyənləri, daha doğrusu, “Neftçi”nin halal qələbəsinə kölgə salanları isə qınayırıq. Vallah, kimsə bütün işlərdə uğursuzdusa, öz fərsizliyinə görə çörək pulu qazana bilmirsə, bunun səbəbkarı Sadıq Sadıqov və onun prezidenti olduğu “Neftçi” deyil.

Düzdür, toy-bayrama da gərək yoxdur. “Qarabağ”ın “Valletta”nı, “Neftçi”nin “Koper”i keçməsi qəhrəmanlıq sayılmamalıdır. Hər iki komanda ikinci mərhələni keçməliydi yox, keçməyə borclu idi ki, bunu da etdi. Ona görə də bizə yalnız “Qarabağ” və “Neftçi”yə “sağ ol” demək, üçüncü mərhələdə “Zalsburq” və “Çixura” ilə matçlarda uğurlar arzulamaq qalır.

İndi gələk, “İnter”ə. Komandanın uğursuzluğundan danışmazdan əvvəl bir mühüm məsələyə toxunmaq istəyirəm. “Futbol +” qəzetində dərc olunan oyunun protokuluna əsasən, bu qarşılaşmanı cəmi 4200 azarkeş izləyib. Təsəvvür edin, 4200 azarkeş! Yəni “Qarabağ”ın “Valletta”a ilə Bakıdakı matçında olduğundan üç-dörd dəfə az. Halbuki altı minə yaxın azarkeş tutumu olan “Şəfa” stadionu ağzınadək dolmalı idi. Təbii, “İnter”in biz azərbaycanlılara “Qarabağ” və “Neftçi” qədər mənəvi yaxınlığı olmayıb. Bu gerçəkliyi deməkdə çəkiniləsi nəsə yoxdur. Amma istənilən halda “İnter” Azərbaycanı təmsil edir və “Elfsborq”la cavab matçının əhəmiyyəti böyük olduğundan stadiona cəmi 4200 azarkeşin gəlməsi heyrət doğurmaya bilməzdi. Bəs, oyunda azarkeş niyə az idi? Günah oyuna gəlməyən azarkeşdədimi? Yox, yox və yenə də yox.

“İnter” klubu hələ papağını göyə atıb sevinməlidir ki, Azərbaycan Premyer Liqasının matçları zamanı az qala bomboş olan “Şəfa” stadionunun tribunalarının yarısı heç olmasa, son Avroliqa matçında dolmuşdu.

Ümumiyyətlə, azarkeşi stadiona təbliğatla gətirirlər, təbliğatı isə media ilə aparırlar. Amma “İnter”in bu yöndəki siyasəti nəinki sıfır, hətta sıfırın altındadır desək, yenə yumşaq çıxacaq. Media ilə normal münasibət qurmaq o demək deyil ki, “Xəzər Lənkəran” klubunun rəhbərliyi kimi sırf özünü tənqiddən qorumaq üçün hər ay hansısa reket saytın əməkdaşının cibinə 100-150 manat dürtəsən.

Mətbuatla işləmək iki şəkil çəkib, bir açıqlama götürüb, üç-beç jurnalistin girdiyi rəsmi saytda yayımlamaqdan də ibarət deyil. Birinci, özünü tanıtmalısan, media ilə normal ünsiyyət qurmalısan. Amma “İnter”in mətbuat xidmətinin, deyəsən, bu adi, elementar qaydalardan da xəbəri yoxdur. Yeri gəlmişkən, “İnter”in mətbuatla işlərə cavabdeh olan  şəxsinin adını yazmamağım səbəbsiz deyil.

Sadəcə, onun adını və soyadını bilmirəm! Çünki o, digər klubların mətbuat xidmətlərinin rəhbəri kimi, mətbuata özünü tanıda bilməyib, işgüzar əlaqə yaratmağı bacarmayıb, bu qədər.

Hə, azarkeşlərdən danışırdıq axı. Əlbəttə, stadiona azarkeş yığmaq təkcə “İnter”in mətbuat xidmətindən asılı deyil. Ən vacibi “İnter”in marketinq siyasəti bərbad vəziyyətdədir. Başa düşdük, klubun sahibinin başı pul saymağa qarışıb, bəs icraedicilər, cənab Georgi Nikolov nə edir? O da pul yeməklə gün sayır?

Yaxşı, azarkeş, media ilə işləmək bu klub üçün maraqsızdır, heç olmasa, yedikləri qaba tüpürməsinlər.

“Elfsborq”la oyun bitəndən “İnter”in rəhbərliyi hay-küy salıb ki, hakim bizi uduzdurdu. Başa düşdük, hakimin çox səhvi oldu, amma “İnter” bu oyunu   lap çoxdan uduzmuşdu, axı. Kaxaber Sxadadze neçə vaxtdır söyləyir ki, komanda güclənməlidir, xüsusən normal hücumçu alınmalıdır. Amma həmin Georgi Nikolov, görün, buna cavab olaraq nə deyir: "Biz bu məsələdə baş məşqçimizə tam səlahiyyət vermişdik. Öz maddi durumumuz da nəzərə alınmaqla, 50-dən çox hücumçunu nəzərdən keçirmişik. Lakin Sxadadze onların heç birini bəyənməyib”. Əlbəttə, Sxadadzeyə dəyəri 50 qəpiyə dəyməyən hücumçular təklif ediləndə, bundan imtina edəcəkdi, nəticədə də  “İnter”in ön xətti belə bərbad günə qalacaqdı.

Georgi Nikolov və onun ağası Sxadadzenin istədiyi transfeti gerçəkləşdirsəydi, transfer üçün ayrılan büdcə ilə baş məşqçinin istədiyi 2-3 normal futbolçu alsaydı, əmin olun, gürcü mütəxəssis mətbuat konfransında deməyəcəkdi ki, artıq yorulmuşam, istefa vermək istəyirəm.

Sxadadze bu məğlubiyyətdə günahkar deyil. “İnter”i uduzduran heç bolqar hakim də olmadı. Amma həm də bolqar oldu. Başqa bolqar. “İnter”in rəhbərliyində oturan bolqar.

Aydın BAĞIROV

 





25.07.2014    çap et  çap et