Rio-2016: Taekvondo yığmamızdan ikinci bürünc medal

Rio-2016: Taekvondo yığmamızdan ikinci bürünc medal
OLİMPİYA-2016 20 Avqust 2016 / 08:54 20139
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışları davam edir.

Qol.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Milad Beiqi Harçeqani və Fəridə Əzizova bu gün mübarizəyə qoşulub.

Kişilər, 80 kq

80 kq çəki dərəcəsində çıxış edən Milad Beiqi Harçeqani mübarizəyə 1/8 finaldan start verib. Onun ilk rəqibi malili İsmael Koulibali olub. Rəqibinə 13:6 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

Harçeqani 1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gəlib. Bütün raundlarda rəqibindən üstün olan təmsilçimiz 17:5 hesablı qələbə ilə adını yarımfinala yazdırıb.

Finala çıxmaq uğrunda britaniyalı Lutalo Muhammed ilə qarşılaşan idmançımız 7:12 hesabı ilə uduzub. O, bürünc medal uğrunda mübarizədə Pyotr Pazinski (Polşa) ilə görüşüb. Görüşü vaxt başa çatmamış 12:0 hesablı təmiz qələbə ilə bitirən idmançımız bürünc medal qazanıb.


Qadınlar, 67 kq

Qadınların yarışında ölkəmizi təmsil edən  Fəridə Əzizova (67 kq) 1/8 finalda amerikalı Peyc Makferson ilə qarşılaşıb. London Olimpiadasının gümüş medalçısına 6:5 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib. Taekvondoçumuz 1/4 finalda Niqora Tursunqulova (Özbəkistan) ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda Hyeri Ohla mübarizə aparan idmançımız 5:6 hesabı ilə uduzub. Fəridə bürünc medal uğrunda mübarizə aparıb. Onun rəqibi Fil Dişi Sahilindən Kristel Qbaqbi olub. Ancaq xanım idmançımız bu mübarizədə də məğlub olaraq Olimpiada ilə medalsız vidalaşıb.
 
Qeyd edək ki, taekvondo komandamızın heyətində Patimat Abakarova (49 kq) Olimpiya Oyunlarını bürünc medalla başa vurub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın