«Standard» klubu Azərbaycanın dövlət rəmzinə hörmətsizlik edir

«Standard» klubu Azərbaycanın dövlət rəmzinə hörmətsizlik edir
ÖLKƏ FUTBOLU 15 Yanvar 2010 / 17:55 3482
-  A +

Artıq bir neçə ildir ki, Azərbaycan çempionatında çıxış etməsinə baxmayaraq, hazırda Sumqayıt şəhərini təmsil edən «Standard» klubu, görünür, hansısa ülvi səbəblərə görə hələ də rus dilinə olan sevgisindən əl çəkmir. Qol.Az saytı bu mövzuya bir dəfə toxunmuşdu, üstündən bir neçə ay keçəndən sonra yenidən bu məsələyə toxunmağımızın səbəbi isə «Standard» klubu rəhbərliyinin, yumşaq desək, ana dilimizə olan biganəliyindən gedir.
Ötən yazımızda qeyd etdiyimiz kimi, bu məsələdə söhbət qətiyyən rus dilinə qarşı çıxmaqdan getmir. Azərbaycan mədəniyyəti, onun ziyalılarının müəyyən hissəsi bir çox halda məhz rus dilinin köməyi ilə dünyaya çıxıb. Rus mədəniyyəti, rus dilinin bizim xalqa az faydası dəyməyib. Amma bütün hallarda bura Rusiya deyil…
«Standard» klubunun rəsmi internet səhifəsində oxucuya, azarkeşə bütün xəbərlər isə hələ də doğma dilimizdə deyil, rus dilində təqdim olunur. Saytın birinci səhifəsi rus versiyası ilə açılır. Ən qəribəsi isə odur ki, Azərbaycan və ingilis versiyasındakı xəbərlər də… rus dilindədir!
Maraqlananlar http://standard-fc.az adlı səhifəyə daxil olsa, «Standard»ın rəsmi saytında Azərbaycan dilində nəinki bir xəbərə, bir cümləyə belə rast gələ bilməyəcəklər.
Bəli, bütün bunlarla «Standard»ın rusdilli rəhbərliyi Azərbaycanın dövlət dilinə, ana dilimizə, dövlət rəmzimizə açıq-aşkar hörmətsizlik nümayiş etdirir.
Bu kiçik iradlarımızda məqsədimiz «Standard»ın rəhbərliyinin diqqətini bu həssas məsələyə yönəltməkdir. Ümid edirik ki, bu komandanın başında duran insanlar nəhayət, Azərbaycanda yaşadıqlarının və doğma dilimizə də hörmət etməyin onların vətəndaşlıq borcu olmasının fərqinə varacaqlar.




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı