Fariz Nəcəfov: «Azərbaycan çempionatında oyun alqı-satqıları bir-birini əvəzləyir»

Fariz Nəcəfov: «Azərbaycan çempionatında oyun alqı-satqıları bir-birini əvəzləyir»
PREMYER LİQA 22 Dekabr 2009 / 16:59 3023
-  A +

«Qəbələ» klubun vitse-prezidenti Fariz Nəcəfov sensasiyalı açıqlama ilə çıxış edib. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibəsində Fariz Nəcəfov Azərbaycan çempionatında danışılmış oyunların, oyun alqı-satqılarının bir-birini əvəzlədiyini bildirib. «Bizə qarşı təzyiqləri hər kəs bir cür analiz edə bilər. Məncə, «Qəbələ»yə qarşı həqiqətən də kampaniya var. Bizə mane olurlar, rəqiblərin önünü isə açırlar. Məsələn, bir turda biz hakim səhvlərindən əziyyət çəkəndə əsas rəqiblərimiz eyni yolla qələbə qazanırlar. Özü də, deyəsən, artıq hakimlik kifayət etmir bunlara. Eşitdiyimə görə, danışılmış oyunlar, oyun alqı-satqıları bir-birini əvəzləyir. Amma ortada fakt yoxdur deyə, bu əməllərin sahibləri cəzalandırılmırlar. İtaliyada da belə hal olmuşdu və "Yuventus" kimi klub B Seriyasına göndərilmişdi. Onlar şübhələndilər və sona kimi araşdırma aparıb çirkin əməlləri ortaya çıxardılar. Bizdə isə bu yöndə iş aparılmır və hər şey pərdəarxasında qalır. Bunun da nəticəsidir ki, Avropa, dünya miqyasında uğurlara həsrət qalmışıq.
Bilirsiniz, bu gün bizim məqsədimiz digərlərindən fərqlənir. Rəhbərlik qarşımıza mütləq şəkildə çempion olmaq və ya avrokuboklara vəsiqə qazanmaq məqsədi qoymayıb. Bizim məqsədlərimiz hər kəsə bəllidir: Qəbələni ölkəmizin futbol mərkəzlərindən birinə çevirmək və Azərbaycan futboluna önəmli xeyir vermək. Biz infrastrukturumuzla, yetişdirdiyimiz futbolçularla, dünya səviyyəli layihələrlə ölkə futboluna xidmət etmək istəyirik, daha "altılığa" düşməklə işimizi bitmiş saymırıq. Amma bununla yanaşı, Premyer Liqada mübarizə aparırıq, bu komandanı formalaşdırmaq üçün əziyyət çəkmişik, indi niyə əziyyətimizi yerə vursunlar, qoy hansı yerə layiqiksə, onu da tutaq. Bizim mübarizəmiz sadəcə özümüz üçün deyil, həm də təmiz futbol üçündür. Bu yolda tərəfimizdə və qarşımızda olanlarla rastlaşacağıq. Bacardığımız qədər öz yolumuzla davam edəcək, doğru yolda olmayanlara qoşulub onların yolunu davam etdirməyəcək, onları öz yolumuza gətirməyə çalışacağıq. Sona qədər futbolu ancaq və ancaq meydançada oynayacağıq, kənar oyunlar bizə və adımıza yaraşmaz!»

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı