Azərbaycan futbolunda gizli savaş

Azərbaycan futbolunda gizli savaş
PREMYER LİQA 9 Dekabr 2009 / 20:47 4495
-  A +

Son günlər «Neftçi» klubu ətrafında dolaşan söhbətlər səngimək bilmir. «Turan» - «Neftçi» oyununda baş verən hadisələr, daha doğrusu, Tovuz klubunun oyunu bilərəkdən «flaqman»a uduzması barədə məlumatlar yəqin ki, hələ bundan sonra da müzakirə ediləcək. Təbii ,hər iki komandaya qarşı sübutu az qala mümkünsüz olan ciddi bir iddia irəli sürülüb. Amma kimsə, hətta olubsa belə, oyun aldığını və ya oyun satdığını etiraf edəsi deyil. Bunun sübuta yetiriləcəyini düşünmək isə ən azı sadəlövhlük olardı.
Hələlik futbol dairələri və media bu oyunla bağlı - əgər varsa, yeni faktlar tapmaqla məşğul olsun, biz isə başqa bir məsələyə diqqət yönəldək.
Amma əvvəlcə ondan başlayaq ki, iki ay öncə «Neftçi» klubunun rəhbərliyində önəmli dəyişiklik oldu, komandanın vitse-prezidenti və baş məşqçisi dəyişdirildi. Başqa sözlə, futboldan naşı adamları əsl futbol adamları əvəzlədi, rəhbərliyə, mediaya və ictimaiyyətə açıq olan insanlar gətirildi. Azarkeşlər yaxşı xatırlayırlar ki, yeni təyinatların ilk günlərində də «Neftçi»nin işləri yolunda getmirdi. Hərçənd yeni rəhbərlik -  vitse-prezident Tahir Süleymanov və baş məşqçi Vaqif Sadıqovun başçılığı altında «Neftçi»nin dalbadal iki oyundakı məğlubiyyətini təbii hesab etmək olardı. Çünki hər iki şəxsə ilk öncə komandadaxili durumu, problemləri öyrənmək lazım idi. Təbii ki, komandanı belə böhranlı vəziyyətdən çıxarmaq asan deyildi. «Neftçi»nin sadiq azarkeşləri yaxşı xatırlayır ki, Ramin Musayev «flaqmanı» tərk etdikdən sonra komandanın ağır durumu başladı. Musayevin yerinə vitse-prezidentliyə gətirilən İlqar Quluzadə, baş məşqçi Demyanenkonu əvəzləyən alman Hans Yürgen Gedenin bərbad fəaliyyəti onunla nəticələndi ki, «Neftçi» müstəqil Azərbaycan futbolu tarixində ən uğursuz dövrünü yaşadı. Gəlin razılaşaq ki, «flaqman» özünə dəymiş bu zərbədən hələ indi-indi özünə gəlməyə başlayır. Yalnız oktyabrın ilk günlərində rəhbərlikdəki dəyişiklikdən sonra, yəni son iki ayda «Neftçi» normal vəziyyətə düşə bilib. Komanda 8-ci yerdən 4-cü pilləyə qalxıb, başqa sözlə, çempionluq uğrunda mübarizənin gedəcəyi «ilk altılığa» düşməyi bacarıb. Daha bir maraqlı fakt odur ki, kubokdakı iki oyun da daxil olmaqla, «Neftçi» keçirdiyi son səkkiz matçda məğlubiyyətin nə olduğunu bilmir. Paytaxt klubunun son illər belə məğlubiyyətsiz oyunlar seriyasının nə vaxt olmasınını araşdırmaq artıq peşəkar statistiklərin sahəsinə aid məsələdir.
Təbii, bütün bunlar asanlıqla əldə edilməyib. Komandada ciddi nizam-intizamın bərpa olunması, baş məşqçi Vaqif Sadıqovun cızığından çıxan futbolçulara sərt üzünü göstərməsi artıq «Neftçi»nin xeyrinə işləməyə başlayıb. Komandanın sabahı necə olacaq? Bu suala zaman özü cavab verəcək. Amma indi ortada bir həqiqət var ki, «Neftçi»nin gələcəyi ilə bağlı bədbinlik aradan qalxmağa başlayır.
Bütün bu faktları sadalamağımız təsadüfi deyil. Məsələ burasındadır ki, hələ qalmaqallı «Turan» - «Neftçi» oyunundan əvvəl də müəyyən dairələrdə və media orqanlarında «Neftçi»dəki bu uğurların üstünə kölgə salmağa cəhdlər göstərilirdi. Tahir Süleymanov və Vaqif Sadıqov yeri gəldi-gəlmədi tənqid, bəzənsə hətta təhqir olunurdu. Qeyri-ciddi ittihamlar, çayxana söhbətləri səviyyəsində olan yazılar…
Tovuzdakı məlum oyundan sonra isə alov daha da qızışmağa başladı. Əslində bizim gördüklərimiz və oxuduqlarımızdan daha təhlükəli proseslər pərdə arxasında, qarşı-qarşıya duran futbol qüvvələri arasında gedir. Xüsusən bu zaman mətbuatda tez-tez AFFA-yla Peşəkar Futbol Liqası arasındakı gizli savaşdan söhbət açılır. PFL rəhbərinin «Neftçi»yə qeyri-rəsmi dəstək verməsi barədə iddiaları sübuta yetirmək qeyri-mümkün olsa da, «Turan» - «Neftçi» qarşılamasından sonra təkcə klub rəhbərlərinin deyil, həm də Ramin Musayevin hədəfə alınması diqqət cəlb etməyə bilməz. Düzdür, Ramin Musayev ölkə çempionatının keçirilməsinə birbaşa cavabdeh şəxsdir, baş verən proseslərə nəzarət etmək, qüsurları, nöqsanları araşdırmaq və günahkarı cəzalandırmaq onun ən azı vəzifə borcudur. Amma PFL prezidenti işləmək bəzilərinin anormal düşüncəsinin əksini olaraq, o demək deyil ki, Ramin Musayev iş gününün böyük əksəriyyətini kiminsə telefonuna qulaq asmaq, kiminsə yanını kəsdirmək, kiminsə ağzından çıxan sözü göydə tutmaqla keçirməlidir. Adam çempionatı keçirməklə məşğuldur, pis-yaxşı yarışların səviyyəsi artıb. Çempionatın səviyyəsi qalxıbsa, deməli, bunda hamının əməyi var: klub rəhbərinin, futbolçunun, məşqçinin, hakimin, təvazökarlıqdan uzaq olsa da, biz jurnalistlərin və o cümlədən elə Ramin Musayevin də.
Amma dərinə gedəndə indi əsas söhbət heç də çempionatın səviyyəsindən, o cümlədən «Turan» - «Neftçi» oyununda yaşanan hadisələrdən getmir. Bəs, nədən gedir? Yaxşısı budu, gəlin «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun bugünkü müsahibəsindəki bir fikrə diqqət yetirək: «Tovuzda baş verənlər böyük bir təxribat idi». Kimin təxribatı? Tahir bəy bu suala hələlik cavab vermək istəmədiyini söyləyir. Amma məgər, gizli bir şey qalıb?
Əvvəl «Neftçi», sonra ona yaxınlığı ilə tanınan PFL prezidenti hədəfə alınır. Qətiyyən təsadüf deyil. Təkcə bu il, PFL prezidentliyinə yeni gəldikdən sonra Ramin Musayevə qarşı neçə-neçə belə hücumlar olub. Təəssüf ki, hüquqi tərəfdən bunları sübut etmək gücündə olmadığımıza görə ad çəkmirik (adlar da nə adlar), hoqqaları sadalamırıq… Amma bu il Azərbaycan futbolunda baş verən ən səs-küylü hadisələrdən Ramin Musayevi vurmaq üçün maksimum dərəcədə istifadə edilib. O cümlədən «Turan» və «Neftçi» komandaları arasındakı son oyundakı olaylardan da. Məqsədsə aydındır, Ramin Musayevi AFFA prezidentinin gözündən salmaq, Rövnəq Abdullayevi PFL-ə alternativ namizədlərin gətirilməsi ideyası ilə inandırmaq.
Bəli, «Turan» - «Neftçi» oyunu əslində Azərbaycan futbolundakı gizli savaşın cücərtilərini bir daha üzə çıxardı. «Neftçi»yə, PFL-ə qarşı böyük bir cəbhənin yaranmasına da şahid olduq. Hədə, qərəz, şantaj və nahayət, böyük bir oyun… Bir-iki nəfəri vurmaq üçün onminlərlə azarkeşi olan bir komandanın adıyla oynayanları da gördük. Amma bu oyunda kim udub? Heç kim! Bəs, kim udacaq? Yenə də heç kim!
Hələlik futbol çinovniklərinin başladığı bu savaşda uduza-uduza və itirə-itirə gedən yalnız Azərbaycan futboludur.
«Turan» - «Neftçi» oyunundan sonra Tovuz şəhər stadionunda plastik kresloların qırılması bu savaşın ilk və hələlik son acı nəticəsidir…
Bu gün bir əşya qırılır, belə getsə, sabah artıq bir insanın qəlbi qırılacaq.
Lütfən, azarkeşə rəhm edin, onu indi-indi düzəlmək istəyən futbolumuzdan küsdürməyin.

Aydın BAĞIROV

[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza