«Kapital Bank U-15 liqa»nın püşkü atılıb

«Kapital Bank U-15 liqa»nın püşkü atılıb
XƏBƏR 3 Noyabr 2009 / 14:21 2799
-  A +

Bu gün AFFA-nın inzibati binasında «Kapital Bank U-15 liqa»nın püşkatma mərasimi keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, liqada iştirak edəcək klubların və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib. E.Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ötən il keçirilən çempionatı xatırladıb. Həmin çempionatda 17 komandanın çıxış etdiyini deyən baş katib, «Kapital Bank U-15 liqa»da 19 komandanın mübarizə aparacağını qeyd edib. Futbolun kütləviliyinin artırılması, uşaq futbolunun səviyyəsinin yüksəldilməsi baxımından bu liqanın keçirilməsinin vacibliyini bildirən E.Məmmədov, U-15 liqasının baş sponsoru olan Kapital Bankın dəstəyini yüksək qiymətləndirib. Baş katib «Kapital Bank U-15 liqa»da iştirak edəcək bütün komandalara uğurlar arzulayıb.
Kapital Bankın Strateji İnkişaf və Marketinq Departamentinin direktor müavini Nazim Səfərov təmsil etdiyi bankın AFFA ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, «Kapital Bank U-15 liqa»da çıxış edəcək uşaqlar arasında istedadlı futbolçular yetişəcəyinə ümidvar olduğunu bildirib.
Veteran futbolçu Nazim Süleymanov «Kapital Bank U-15 liqa»da çıxış edəcək komandalara və bütün futbolçulara uğurlar arzulayıb.
Uşaq və Gənclər Futbolunun Tərəqqisi və Turnirlərin Təşkili Şöbəsinin rəhbəri Bəhruz Əsgərov püşkatma ilə bağlı məlumat verdikdən sonra püşk atılıb. Noyabrın 12-də keçiriləcək birinci turda, püşkün nəticəsinə əsasən, komandalar aşağıdakı qaydada qarşılaşacaq:
 
A qrupu
Bakı-2 – Xəzər-Lənkəran
Olimpik-Şüvəlan – MKT-Araz
Sülh – Standard
İnter – Simurq
Neftçi İSM – Muğan
 
B qrupu
Təhsil (Bakı) – Təhsil (Sumqayıt)
Qarabağ – Qəbələ
Vətən – Karvan
Neftçi – Turan

1-ci turda B qrupunda Bakı-1 komandası istirahət edəcək.
Püşkatma mərasimi başa çatdıqdan sonra KİV nümayəndələrinə Kapital Bankın hədiyyələri təqdim olunub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı