Tahir Süleymanov: “Neftçi”nin məqsədi Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır”

Tahir Süleymanov: “Neftçi”nin məqsədi Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır”
MÜSAHİBƏ 2 Noyabr 2009 / 20:49 3378
-  A +

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Qol.Az-a müsahibə verib.

 

- “Karvan”la oyunda “Neftçi”nin sərgilədiyi oyun sizi qane etdi? Oyundan sonra keçirilən mətbuat konfransında komandanızın baş məşqçisi Vaqif Sadıqov “qələbə qazanmağımıza baxmayaraq, komandanın çıxışından narazı qaldım” deyib.
- İlk növbədə onu deyim ki, bizim klubda işlər tam peşəkar səviyyədə qurulub. Klubumuzun baş məşqçisi var və sizin dediyiniz kimi o da qarşılaşma haqda fikirlərini açıqlayıb. Mən komandadakı nizam-intizama və digər məsələlər nəzarət edirəm. Bu səbəbdən də komandanın oyununa şərh verməyim bir qədər düzgün çıxmaz.
- Amma hər halda klubun vitse-prezidentisiniz və sizin fikriniz də ictimaiyyət üçün maraqlıdır.
- Məncə “Neftçi” həmin günü normal oynadı. Razıyam ki, komanda bundan da yaxşı oynamalıdır. “Karvan”la görüşdə 1:0 deyil, daha böyük hesabla da qalib gələ bilərdik. Qol vurduğumuz epizoddan başqa daha 4-5 real qol imkanımız oldu ki, bunlardan istifadə edə bilmədik. Amma “Karvan” da zəif rəqib deyil. Əsas olan qələbə idi ki, ona da nail olduq. Bununla belə, növbəti oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq.
- Son iki oyun göstərdi ki, komandada baş verən dəyişikliklərdən sonra “Neftçi”də irəliləyiş hiss olunur. “Bakı” və “Karvan” üzərində qazanılan qələbələr də buna bariz nümunədir. Amma yəqin ki, bununla kifayətlənmək fikrində deyilsiniz...
- Əlbəttə. İlk növbədə qeyd edim ki, bir ay futbol üçün çox qısa müddətdir. Mən deyərdim ki, 90 dəqiqəlik oyunun yalnız bir dəqiqəsi arxada qalıb. Bugünkü gündə “Neftçi” rəhbərliyi komandanın uğur qazanması üçün hər cür şərait yaradıb. Biz də onların zəhmətinin qarşılığını verməyə çalışırıq. Məqsədimiz təkcə ölkə daxilində uğur qazanacaq komanda yaratmaq deyil. Biz istəyirik ki, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsində yarışsın. Bunun çətin olduğunu bilirik. Eyni zamanda başa düşürük ki, bu, bir ayın və yaxud bir ilin işi deyil. Bunun üçün xeyli zamana ehtiyac var. Amma inanıram ki, yaxın gələcəkdə istəyimizə çatacağıq.
- “Bakı” üzərində qazanılan qələbədən sonra məhz sizin təşəbbüsünüzlə “Neftçi” daha bir yeniliyə imza atdı ki, bu da bir çoxları, eləcə də mətbuat tərəfindən çox yaxşı qarşılandı. Qarşılaşma başa çatandan sonra siz, məşqçilər korpusu və futbolçuların birgə əl-ələ verib, azarkeşlərə tərəf qaçmasını, onların qarşısında baş əyib, verdikləri dəstəyə görə təşəkkür etməyinizi nəzərdə tuturuq. Bunu əvvəlcədən nəzərdə tutmuşdunuz, yoxsa bu, ani olaraq “Bakı”yla oyundan sonra fikrinizə gəldi?
- Mən kluba vitse-prezident təyin olunduqdan sonrakı ilk çıxışımda da demişdim ki, biz azarkeşlərimizə hər zaman verdikləri dəstəyə görə minnətdar olacağıq. Çünki futbol məhz onlar üçün oynanılır. “Neftçi” son zamanlar uğursuz çıxış etməsinə baxmayaraq, fanatlar heç vaxt komandanı yalnız qoymayıblar. Deyirlər ki, azarkeş “12-ci oyunçu”dur. Mən deyərdim ki, “Neftçi”nin azarkeşləri komandanın 12-ci deyil, 11 oyunçusundan biridir. Qazandığımız hər bir qələbədə onların böyük rolu var. Buna görə də onlara təşəkkür etməyə borcluyuq.
- Komanda son ev oyununu cari mövsümdə ilk dəfə olaraq Tofiq Bəhramov adına Respublika stadionunda keçirdi. Təqvimə nəzər salarkən görürük ki, qarşıdakı turlarda elə günlər var ki, həm “Bakı”, həm də “Neftçi” rəqibini eyni gündə öz meydanında qəbul edir. Bu məsələni necə həll etməyi düşünürsünüz?
- Bildiyiniz kimi, mövsüm öncəsi “Neftçi” ev oyunlarını keçirmək üçün iştirak ərizəsində əsas stadion kimi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu göstərib. Respublika stadionu isə köməkçi meydança kimi təqdim olunub. Bir müddət əvvəl sözügedən arena ardıcıl beynəlxalq oyunları qəbul etdiyindən, necə deyərlər “yüklənmə”yə məruz qalıb. Məhz bu səbəbdən də “Karvan”la çempionat oyununu Respublika stadionunda keçirdik. Növbəti oyunlarımızı isə əvvəlki kimi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəyik. Amma mən də istərdim ki, komanda gələcəkdə rəqiblərini Respublika stadionunda qəbul etsin. İnşallah, tezliklə futbolumuz inkişaf edər və komandanın oyunları zamanı 15, 20 min və daha çox azarkeş stadiona gələr. Bu zaman da biz sözün yaxşı mənasında məcbur olub oyunlarımızı Respublika stadionunda keçirərik. Təbii ki, AFFA-nın, PFL-in razılığı ilə.  
- Hazırda həqiqi hərbi xidmətdə olan Elmar Baxşıyevin məsələsi nə yerdə qalıb?
- Mən bu haqda ilk dəfə açıqlama verəndə də demişdim ki, vətənin keşiyində dayanmaq hər bir Azərbaycan oğlunun borcudur. O cümlədən də Elmarın. Onunla tez-tez əlaqə saxlayıb, durumuyla maraqlanırıq. Elmar həm də millinin üzvü olduğundan AFFA bu işlə məşğuldur. Artıq lazımı instansiyalara müraciət olunub. Elmar vətən qarşısında borcunu məhz millidəki oyunuyla da verə bilər. Ona görə də hazırda iş gedir. Amma yekun qərarı müvafiq dövlət orqanı qəbul edəcək. Təbii ki, geri qayıtsa, çox şad olardım. Amma orada qalsa da, bunda heç bir problem görmürük. Hərbi xidmətdə olmaq hər bir vətəndaşın borcudur.
- Bir müddət əvvəl “Neftçi”nin üzvü Ruslan Abışovun Rumıniyanın “Timaşura” klubuna keçidi gündəmdə idi. Lakin “Neftçi”nin ovaxtkı rəhbərliyi, konkret desək, İlqar Quluzadə bu keçidə imkan verməmişdi. Dövrələrarası fasilədə Rumıniya klubundan yenidən təklif alsanız, Ruslanı buraxacaqsınız?
- Mən bayaq da dedim ki, “Neftçi”nin gələcəklə bağlı böyük planları var. Biz indiki gənc futbolçularımızın səviyyələrini artırmalarına çalışırıq. Bir neçə ildən sonra da məhz həmin bu gənc oyunçularla birlikdə Çempionlar Liqasının qrup turnirində çıxış etmək istəyirik. Həmin gənc və gələcəyinə böyük ümid bəslədiyimiz futbolçulardan biri də Ruslan Abışovdur. Komandamız Çempionlar Liqasında çıxış edərkən Ruslan da bizimlə birgə olacaq.
- Bir müddət əvvəl boşalan klubun mətbuat xidmətinin rəhbəri postuna hələlik heç kim təyinat almayıb.
- Qarşıdakı günlərdə bu məsələ də öz həllini tapacaq. Bir neçə gündən sonra klubun mətbuat xidmətinin yeni rəhbərinin adı ictimaiyyətə açıqlanacaq.
- Konkret namizəd var?
- Bəli var. Bir neçə gündən sonra özünüz hər şeyi görəcəksiniz.

Daha çox


Son xəbərlər