“Xəzər Lənkəran”la oyunda hətta heç-heçə də bizim üçün pis nəticə sayılacaqdı”

“Xəzər Lənkəran”la oyunda hətta heç-heçə də bizim üçün pis nəticə sayılacaqdı”
MÜSAHİBƏ 2 Noyabr 2009 / 16:16 3066
-  A +

“Qarabağ” klubunun gənc hücumçusu Rauf Əliyevin Qol.Az-a müsahibəsi

 

- Rauf, başlayaq “Xəzər Lənkəran”la oyundan. Qarşılaşma haqda nə deyə bilərsən?
- Biz bu matça yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Qeydə alına biləcək heç-heçə belə bizim üçün pis nəticə sayılacaqdı. Bu səbəbdən də oyuna çox ciddi hazırlaşmışdıq. Çox şadam ki, istəyimizə də çatdıq. Zəhmətimiz hədər getmədi. Oyun çox gərgin keçdi. Hər iki komanda çempionatın iddialılarındandır və bu səbəbdən də oyun maraqlı alındı. Sonda bütün komanda üzvləri kimi mən də qalib gəldiyimiz üçün çox sevindim.
- Elə alındı ki, qələbə qolunu da sən vurdun.
- Mənim işim elə qol vurmaqdan ibarətdir. Futbol diliylə desək, “ayağım açılıb”. Meydana daxil olarkən yalnız qol vurmaq haqqında fikirləşirəm.
- Ümumiyyətlə, son oyunda əvvəl  qol vuracağını gözləyirdinmi?
- 50 faiz qol vuracağımı hiss etmişdim.
- Həmin qolu necə təsvir edərdin?
- Cinahdan Vüqar Nadirov mənə çox gözəl ötürmə verdi. Həmin məqamda ötürmə vermək biraz çətin idi. Amma Vüqar sağ olsun ki, sonacan mübarizə apardı və ideal ötürmə verdi. Mən də üstümə düşən vəzifəni yerinə yetirdim və qol vurdum.
- Necə düşünürsən, həmin qola görə “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevi günahlandırmaq olar?
- Məncə, elə bir kobud səhv olmadı. Sadəcə, mən rəqib müdafiəçisindən daha hündürə tullandım və hesabı açdım.
- Həqiqətən də həmin qol epizodunda çox hündürə tullandın. Bunun üzərində məşqlərdə işləyirsən, yoxsa bu, sırf təsadüf nəticəsində baş verdi?
- Boyumun hündür olmağının da bunda öz köməkliyi oldu. Bundan əlavə, məşqlərdə başla zərbələr üzərində işləyirəm. Məncə həm boyumun hündür olması, həm də başla yaxşı zərbələr vura bilməyim mənim üstünlüyümdür.
- “Qarabağ” cari mövsümdə çox az qol vurur. Qalib gəldiyiniz görüşlərin demək olar ki, hamısını minimal hesabla qələbəylə başa vurmusunuz. İstisna kimi yalnız “Turan”la oyunu göstərmək olar. Bunu nə ilə əlaqələndirərdin?
- Fikrimcə, əsas bu görüşlərdə qələbə qazanmaqdır. 1:0 yaxud 5:0 qələbə qazanmağın heç bir fərqi yoxdur. Onsuz da qələbəyə görə 3 xal verilir. Bu səbəbdən məncə oyunda neçə qol vurmağımız elə də böyük əhəmiyyət daşımır.
- Növbəti turda turnir cədvəlində şərikli lider olduğunuz “İnter”lə qarşılaşacaqsınız. Bu matç haqda nə deyə bilərsən?
- Təbii ki, hər oyuna olduğu kimi bu matça da qələbə üçün çıxacağıq. “İnter”ə qarşı mənim oyunum həmişə yaxşı alınır. Çalışacam bu oyunda da fərqlənim.
- “İnter”lə matçda baş məşqçi Qurban Qurbanovun sənə əsas heyətdə yer verəcəyinə inanırsan?
- Mənim üçün oyuna ilk dəqiqələrdən yaxud sonradan daxil olmağın böyük bir fərqi yoxdur. Baş məşqçimiz necə məsləhət görəcəksə, helə də olacaq. Şəxsən mən özümü oyuna tam hazır hesab edirəm.
- Çempionluğa real namizəd olaraq kimi görürsən?
- İndidən bu haqda danışmaq məncə tezdir. İkinci dövrəni gözləmək lazımdır. Amma 3-4 klub var ki, onları çempionluq yolunda özümüzə rəqib görürəm.
- Hansı klubları nəzərdə tutursan?
- “Bakı” və “İnter”in adlarını çəkə bilərəm. Düzdür, “Bakı” son zamanlar bir qədər uğursuz çıxış etsə də, onların çempionluq yolunda bizə rəqib olacaqlarına inanıram.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı